2015-ci ildə Nardaran qəsəbəsində ikisi polis əməkdaşı olmaqla, 7 nəfərin ölümü ilə nəticələnən hadisələrdən sonra saxlanılan Taleh Bağırzadə bir neçə gündür ki, aclıq aksiyasına başladığını elan edib. Bağırzadə öz etiraz variantına səbəb kimi, guya polis əməkdaşının Allahı təhqir etməsini əsas göstərib..
Lakin bununla bağlı heç bir dəlil-sübut belə yoxdur və Daxili İşlər Nazirliyi tərəfindən verilən rəsmi açıqlamada bu cür iddiaların həqiqəti əks etdirmədiyi qeyd olunub.
Guya dini azadlığın pozulduğunu əsas gətirən o və onun fitvası ilə hərəkət edən bir neçə şəxsin əsas məqsədinin tam başqa olduğu isə gün kimi aydındır.
Maraqlısı odur ki, aksiya İrandakı proseslərlə sinxron aparılır. Qum elmi hövzəsində dini təhsil alan iranlı tələbələr yaydıqları bəyanatda insanları kütləvi etirazlara çağırır. İran mətbuatı isə bunu geniş tirajlandırır və işıqlandırır. Məsələyə Təbriz ruhaniləri də təsir etməyə çalışır.
“Hizbullah”ın yeni modeli
Bir qədər tarixi ekskurs etsək, görə bilərik ki, Yaxın Şərqdə fəaliyyət göstərən terror təşkilatlarının bir sıra dövlət və xüsusi xidmət orqanları tərəfindən öz məqsədlərini həyata keçirmək üçün yaradılıb. 1982-ci ildə Livanda İranın dini mərkəzlərinin təşkilatçılığı ilə yaradılan, özlərini “Allahın ordusu” adlandırılan “Hizbullah” bu gün təkcə fəaliyyət göstərdikləri Livanda yox, regionun dini coğrafiyası üzərində məlum dairələrin əlindəki əsas silah olaraq istifadə olunur. Lakin Hizbullahla eyni məqsədin daşıyıcıları olan bir sıra digər qruplaşmalar (Yəməndə husilər, Suriya və İraqda “Haşdi-Şabi”) da fəaliyyətdədir.
Bundan əlavə, regionumuzda da “Hizbullah” modelinin tətbiqi ilə bağlı cəhdlər olub. Və təəssüflər olsun ki, Azərbaycanda da bu cür məqsədlərin həyata keçirilməsi üçün bir sıra addımlar atılıb. Xüsusilə də, inanclı azərbaycanlılardan siyasi-dini ideologiya mərkəzlərinin, silahlı dəstələrin təşkili məqsədilə istifadə olunması əsas hədəf kimi seçilib.
Bu məqsədlə Qum, Məşhəd kimi dini mərkəzlərdə təhsil alan azərbaycanlılar manipulyasiya edilir və onlar Azərbaycana qayıtdıqdan sonra da əlaqələr kəsilmir.
Təsadüfi deyil ki, Taleh Bağırzadə də məhz 2005-2010-cu illərdə İranın Qum şəhərində dini təhsil alıb.
Azərbaycanda yeni Hizbullah planının həyata keçirilməsi planı və Bağırzadənin bu işdə rolu özünü ən qabarıq formada 2015-ci ildə Nardaran hadisələrində göstərdi. O dövrdə hüquq-mühafizə orqanlarının uğurlu və operativ fəaliyyəti nəticəsində “Hizbullah” modeli qurmaqla dövlətçiliyə təhdid yaratmağa çalışan Taleh Bağırzadə öndərliyindəki “Müsəlman Birliyi” hərəkatı deaktiv edildi.
“Yer altı”na çəkilənlər yenidən üzə çıxır…
“Müsəlman Birliyi” bu fiaskodan sonra xeyli müddət görünməsə də qruplaşmanın niyyətlərindən əl çəkmədiyi son aylarda şahidi olduğumuz bir sıra təbliğat xarakterli addımlar fonunda yenidən hiss olunmağa başlandı. Son olaraq T. Bağırzadənin aclıq aksiyasına başlaması adıçəkilən qrupların təbliğatına alət olanları yenidən gün üzünə çıxardı.
Bu insanların hansı məqsədlərə qulluq etdikləri isə Bağırzadəyə məxsus məşhur səs yazısında öz əksini tapmışdı:
“Azərbaycanda İranda, Livanda və başqa yerlərdəki təki islamçılıq zəifdir. Ona görə milli kimlik məsələsindən istifadə etməliyik. Müxalifətlə münasibətlərə gəldikdə isə, onlara demişik ki, Ayətullah Xamneyi ağamızdır, “qırmızı xətt”imizdir, ona toxunmasınlar… Biz onlara deməmişik ki, demokratıq, filanıq, Qərbə meylliyik. Əsla. Bunu bilirlər və şərtlərimizi qəbul ediblər. Mediaya çıxışımız zəif idi, bizə imkanlar yaradıblar. Tribuna veriblər ki, sözümüzü deyək. Nəyi pisdir?! İstifadə edin onlardan, yararlanın… Əslində onlar bizə yox, biz onlara lazımıq. Bundan da yararlanırıq və gələcəkdə də istifadə etməliyik. Azərbaycanda müsəlman dövləti qurmalıyıq, bölücülüyə son qoymalıyıq”.
Dini dəyərli siyasətə alət etmək cəhdi
Göründüyü kimi, T. Bağırzadənin əsas hədəfi Azərbaycan Konstitusiyasında əks olunmuş dünyəvi dövlət prinsipinə qarşı çıxmaqla, şəriət dövləti qurmaq olub. Və əslində öz hüquqlarını qorumağı bəhanə seçən Bağırzadənin əsas məqsədi insan hüquq və azadlıqlarını məhdudlaşdıran rejimin qurulmasından ibarətdir.
5 ilə yaxındır həbsdə olan Bağırzadənin aclıq aksiyası üçün indiki vaxtı seçməsi də təsadüfi deyil. Belə ki, 2022-ci il mayın 27-də imzalanmış Əfv sərəncamı ilə xeyli sayda məhbus azadlığa buraxıldı. Görünür, Taleh Bağırzadə də bu sərəncamdan yararlanmağın xəyallarını qurub və siyahıda öz adını tapmadıqdan sonra aktiv fəaliyyətə keçməyi qərara alıb. Hazırda onun keçirdiyi aclıq aksiyasının da məhz bunun nəticəsi olması mümkündür.
Lakin dini öz çirkin məqsədlərinə alət edərək Azərbaycanda “Hizbullah” modeli şəriət dövləti qurmaq istəyənlərin planları əvvəlki dövrlərdə olduğu kimi, indi də həyata keçə bilməz.
Bu məqsədlə fəaliyyət göstərən talehlərin taleyi isə dəmir barmaqlıqlar arasıdır.
Bütün sadalananların yekunu olaraq qeyd etməliyik ki, vətəndaşlarımızın üzərinə də bu məsələdə böyük məsuliyyət düşür. Çünki göründüyü kimi, dövlətçiliyimizə qarşı çıxış edən bu ünsürlər insanların dini-mənəvi dəyərləri kimi həssas məsələləri özlərinə alət etməkdən belə çəkinmirlər…
Mənbə: bizim.media.az
Murad Əhmədov