Azərbaycan yəhudilərə dərs keçir?

The Jerusalem Post İsrail-BƏƏ-Azərbaycan ittifaqından yazır İsrailin nüfuzlu nəşrlərindən biri olan The Jerusalem Post-da MENA üzrə analitik Ohad Merlin tərəfindən yazılan “The ‘Azerbaijani Way’: Three lessons from Baku to Jerusalem” (“Azərbaycan yolu: Bakıdan Qüdsə üç dərs”)* adlı məqalə Azərbaycanın regiondakı roluna tamamilə fərqli prizmadan baxır. Müəllif açıq yazır ki, Azərbaycan artıq sadəcə regional aktor deyil. Azərbaycan “strateji pivot”, yəni geosiyasi mərkəzə çevrilib. “Azerbaijan has transformed itself into a strategic pivot.” (“Azərbaycan özünü strateji mərkəzə çevirib.”) Bu ifadə təsadüfi deyil. Bu, Qərb və İsrail analitik düşüncəsində formalaşan yeni yanaşmanın açıq göstəricisidir. Məqalədə vurğulanır ki, Azərbaycan yalnız enerji tərəfdaşı deyil, həm də mürəkkəb geosiyasi mühitdə fəaliyyət göstərən “sofistik aktor”dur, yəni mürəkkəb gedişlərlə oynayır. “It is a sophisticated geopolitical actor operating in one of the most unforgiving neighborhoods on earth.” (“O, dünyanın ən çətin geosiyasi mühitlərindən birində fəaliyyət göstərən mürəkkəb aktordur.”) Bu, Azərbaycanın artıq periferiyada yox, oyunun mərkəzində olduğunu göstərir. Ən maraqlı məqamlardan biri isə Azərbaycanın xarici siyasət modelidir. Müəllif bunu “strateji manevr qabiliyyəti” kimi təqdim edir. “Baku has mastered the art of strategic maneuverability.” (“Bakı strateji manevr sənətini mükəmməl şəkildə mənimsəyib.”) Yəni Azərbaycan eyni anda: İsraillə əməkdaşlıq edir, İranla kommunikasiya saxlayır, Rusiya ilə əlaqələri qoruyur, Türkiyə ilə ittifaq qurur. Bu, klassik siyasət deyil. Bu, balans üzərində qurulan çoxqatlı strategiyadır. Məqalədə daha sərt və açıq bir fikir də səslənir. Azərbaycan heç bir güc blokundan asılı olmamağa çalışır. “Baku refuses to become a total dependent of any single camp.” (“Bakı heç bir güc mərkəzindən tam asılı olmağı rədd edir.”) Bu, əslində müasir geopolitikanın ən çətin modelidir, müstəqil qalaraq hamı ilə işləmək xüsusi bacarıq tələb edir. Eyni zamanda müəllif Azərbaycanın İran qarşısında davranışına xüsusi vurğu yapır və bunu “dəqiq çəkindirmə” modeli kimi təqdim edir. “Deterrence through precision.” (“Dəqiqlik üzərindən çəkindirmə.”) Yəni Bakı sərt ritorikadan istifadə edir, amma nəzarətli şəkildə. Bu isə eskalasiyasız təsir deməkdir. Məqalənin ən diqqət çəkən hissələrindən biri isə gələcəklə bağlı proyeksiyadır. Müəllif artıq yeni geosiyasi oxdan danışır. “A Jerusalem-Baku-Abu Dhabi axis could represent a new model of regional cooperation.” (“Qüds-Bakı-Əbu-Dabi oxu regional əməkdaşlığın yeni modeli ola bilər.”) Bu, artıq sadəcə əməkdaşlıq deyil. Bu, yeni regional arxitektura ideyasıdır. Beləliklə, *The Jerusalem Post*-da səslənən bu fikirlər bir həqiqəti göstərir. Azərbaycan artıq sadəcə regionda mövcud olan dövlət deyil. Azərbaycan regionun necə idarə olunacağını göstərən model kimi təqdim olunur. Və bu modelin əsasında üç prinsip dayanır: güc, balans və çeviklik. Sual isə yenə açıq qalır. Azərbaycan bu modeli qoruyub inkişaf etdirə biləcək, yoxsa böyük güclərin artan maraqları bu balansı pozacaq? Dünyanın ən ağıllı xalqı hesab olunan yəhudilərə Azərbaycan eritdiyi xarici siyasətlə dərs verirsə, ən azı “The Jerusalem Post” belə bir iddiadadır, deməli, Azərbaycan dəyişən şərtlər daxilində belə bu balansın öz xeyrinə olmasını təmin edə biləcək. Mən də daxil olmaqla bir çoxları da o düşüncədədir ki, Azərbaycanın xarici siyasəti ciddi şəkildə intellektual yapıya saibdir. Gördüyünüz kimi, hətta yəhudilər də bunu etiraf edirlər…

Elbəyi Həsənli, Sürix

Azərbaycan yəhudilərə dərs keçir?