AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının növbəti sayı işıq üzü görüb.
Kanal32.az-ın məlumatına görə,jurnalın ilk bölümündə Prezident İlham Əliyevin rəhbərliyi dövründə müstəqil Azərbaycan diplomatiyası və Şərq ölkələri ilə münasibətlərə, eləcə də Azərbaycanın iqtisadi inkişafına dair məqalələr təqdim edilir.
“Şuşa – 270” bölməsində yer alan məqalələrdə Şuşa şəhərinin salınması tarixindən, Azərbaycanın erməni vandalizmi nəticəsində dağıdılmış tarixi, maddi-mənəvi abidələrindən, Yuxarı Gövhər Ağa məscidinə aid epiqrafik abidələrdəki yazılardan bəhs edilir.
“Tarix” bölməsində akademik Gövhər Baxşəliyevanın “İrəvan şəhəri farsdilli qaynaqlarda”, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblının “Ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan Respublikasının xarici siyasətinin əsas vəzifə və istiqamətləri”, tarix üzrə fəlsəfə doktoru Nüşabə Bayramlının “Muhamməd əl-Xuşaninin “Kitab əl-Qudat” əsəri Əndəlüs Əməvilər dövlətinin məhkəmə sistemi və qazıların fəaliyyəti haqqında tarixi məlumatlar mənbəyi kimi” məqalələri yer alır.
Jurnalın növbəti bölmələrində Mərziyyə Əhmədi Üskuinin əsərlərinin ədəbi tənqidinə, İran İslam Respublikasının regional siyasətinə, Çin Xalq Respublikasının dünya siyasi arenasında mövqeyinə dair və digər məqalələr təqdim edilir.
Jurnalda, həmçinin 2022-ci ildə təltif edilən, yubileyləri olan, dünyasını dəyişən şərqşünaslara dair yazılar, nəşr olunan yeni kitablar, Şərqşünaslıq İnstitutunda keçirilən tədbirlər haqqında məlumatlar və s. yazılar oxucuların diqqətinə çatdırılır.