Məlum olduğu kimi Amerika yenə də Qafqaza olan maraqlarını təmin etmək üçün hər cür vasitədən istifadə edir. Həm siyasi, həm dini, həm də digər məsələlər üzrə fərqli-fərqli metodlar uydurur desək heç də yanılmarıq. Pəncərədən qovursan sanki qapıdan gəlir kimi bir hadisə yaşanır. Maraqlı budur ki, demokratik prinsiplər adı altında bütün qanunazidd əməllər, cinayət hadisələri, polis zorakılığı və digər mənfi hallar bu kimi ölkələrin ərazisində daha çox baş verir və həmin ölkələr buna baxmayaraq, dünyanın bir çox dövlətlərinə demokratiya dərsi keçirlər. ABŞ dövlət katibi Entoni Blinken ötən ilin özlərinin qondarma siyahısında olan 12 ölkənin hamısının – Birma, Çin, Kuba, ÇXDR, Eritreya, İran, Nikaraqua, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkmənistanı siyahıda saxladığını qeyd edib. Bu siyahıya görə bu ölkələrdə eləcə də Azərbaycanda dini etiqad azadlığının ciddi şəkildə pozuntularına rast gəlinir. Görəsən yaxın gələcəkdə onlar öz məkirli planlarını işə salmaq üçün daha hansı vasitələrdən istifadə edəcəklər.
Əlavə olaraq, Əlcəzair, Azərbaycan Mərkəzi Afrika Respublikası, Komor adaları və Vyetnamı dini etiqad azadlığının ciddi pozuntularına yol verən ölkələr adlandırdım deyən E.Blinken yəqin ki, ABŞ-də baş verən hədsiz sayda cinayət hadisələrini və bununla da demokratik dəyərlərin orada qətiyyən olmadığını da özü üçün siyahılaşdırıb. Ancaq bütün dünya şahid olur və tarixi faktlar da sübuta yetirir ki, Azərbaycanda tarixən ayrı-ayrı mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, birgəyaşayış şəraitində bir ailənin üzvləri kimi yaşamışlar. Müxtəlif mədəniyyətlərə və dinlərə mənsub etnosların tarix boyu bu torpaqlarda əmin-amanlıq şəraitində yaşamasında xalqımıza xas olan humanizm və xoşniyyətlilik kimi ali dəyərlər, eyni zamanda, islam dəyərləri müstəsna rola malikdir.
Ölkəmizin coğrafi mövqeyi, əhalisinin etnik tərkibi qədim dövrdən burada fərqli dinlərin mövcudluğuna şərait yaratmış, bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, islam və digər dini inanclar Azərbaycan ərazisində yayıla bilmişdir. Son illər bütün dünyada dini-milli, sosial-iqtisadi zəmində baş verən münaqişələrin, vətəndaş müharibələrinin fonunda ölkəmizdə müşahidə olunan sabitlik həm də onun sübutudur ki, Azərbaycan bir çox ölkələrin sahib olmaq istədiyi, ancaq əldə etməkdə çətinliklər və uğursuzluqlar yaşadığı ən ali dəyərlərin – tolerant və multikultural ənənələrin beşiyidir, bu sahədə onun öz təcrübəsi, bu təcrübəni qoruyub saxlayan, gələcək nəsillərə ötürən dövlət-din modeli var. Ona görə ki, dövlətimizin başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevdir. Cənab Prezidentin həyata keçirdiyi mükəmməl siyasət Azərbaycanı dünyanın ən sabit və sülh şəraitinin hökm sürdüyü tolerant, multikultural bir ölkəyə çevirmişdir.
İlham Məmmədov
Millət vəkili