Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycana rəsmi səfər edib. Bu, onun prezident kimi ölkəmizə ilk səfəridir. Rinkeviçsin səfərini Latviya ilə Azərbaycan arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində konkret siyasi niyyətin ifadəsi kimi qiymətləndirmək olar.
Prinsip etibarilə, iki ölkə bir-birinə yad deyil. Hər iki dövlət təxminən 70 ilə yaxın SSRİ tərkibində qalıb və bu müddət ərzində müxtəlif formalarda təmaslar mövcud olub. Müstəqillik əldə edildikdən sonra isə münasibətlər əsasən qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri üzərində qurulub. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə Azərbaycan–Latviya münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldib.
Hər iki ölkə ərazi bütövlüyü məsələsində oxşar mövqelərdən çıxış edir ki, bu da siyasi dialoqun sabit və etibarlı əsaslara söykənməsinə imkan yaradır. Latviya Avropa İttifaqı (Aİ) üzvü kimi Azərbaycan üçün Avropa ilə əlaqələrin genişləndirilməsində mühüm tərəfdaş rolunu oynayır. Azərbaycan isə enerji resursları və strateji coğrafi mövqeyi ilə Latviya üçün cəlbedici əməkdaşlıq istiqamətləri təqdim edir.
İqtisadi əməkdaşlıq xüsusilə diqqət çəkir. Latviya Baltik regionunda mühüm nəqliyyat-logistika mərkəzlərindən biri hesab olunur və onun liman infrastrukturu Azərbaycan üçün Avropa bazarlarına çıxış baxımından əlavə imkanlar yaradır. Bu kontekstdə Orta Dəhliz və digər tranzit marşrutları çərçivəsində əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin maraqlarına cavab verir. Azərbaycan isə öz növbəsində enerji sahəsində etibarlı tərəfdaş kimi çıxış edərək Avropanın enerji təhlükəsizliyində rolunu gücləndirir.
Aprelin 22-də İlham Əliyev və Edqars Rinkeviçsin mətbuata açıqlamalarında verdikləri bəyanatlar Azərbaycan–Latviya münasibətlərinin yalnız ikitərəfli deyil, daha geniş – Avropa və regional kontekstdə inkişaf etdiyini göstərir. Latviya prezidentinin vizasız rejim məsələsini xüsusi vurğulaması Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçməsi ideyasını ön plana çıxarır. Viza baryerinin aradan qaldırılması Azərbaycanla Avropa arasında məsafəni təkcə coğrafi deyil, həm də sosial və iqtisadi baxımdan əhəmiyyətli dərəcədə qısalda bilər.
Eyni zamanda, bəyanatlarda nəqliyyat və enerji məsələlərinin xüsusi yer tutması təsadüfi deyil. Azərbaycan son illərdə Trans-Xəzər nəqliyyat dəhlizi vasitəsilə Şərq və Qərb arasında mühüm logistika körpüsünə çevrilməkdədir. Latviya kimi Baltik ölkəsi üçün bu marşrutların inkişafı Avrasiya məkanında alternativ ticarət yollarının formalaşması baxımından strateji əhəmiyyət daşıyır. Energetika sahəsində isə Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində mühüm oyunçu kimi qəbul olunur və bu rolun gələcəkdə daha da güclənəcəyi gözlənilir.
Bəyanatların digər mühüm istiqaməti regional və qlobal təhlükəsizlik məsələləridir. Latviyanın Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirməsi Rusiya-Ukrayna müharibəsi fonunda Bakı ilə Avropa arasında müəyyən siyasi yaxınlaşmanın göstəricisi kimi çıxış edir. Bununla yanaşı, Yaxın Şərq və İran ətrafında baş verən proseslərin müzakirəsi Azərbaycanın regional aktor kimi artan rolunu bir daha təsdiqləyir. Latviya tərəfinin Azərbaycana qarşı dron hücumları ilə bağlı həmrəylik nümayiş etdirməsi isə təhlükəsizlik məsələlərində qarşılıqlı dəstəyin mövcud olduğunu göstərir.
Latviyanın Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası çərçivəsində fəal mövqeyi və Azərbaycanın səsinə diqqət yetirməsi Bakının beynəlxalq arenada artan çəkisinin göstəricisi kimi qiymətləndirilə bilər. Bu, eyni zamanda ölkəmizin artıq yalnız region daxilində deyil, daha geniş beynəlxalq platformalarda da nəzərə alınan tərəfdaş olduğu deməkdir.
Ümumilikdə, bu səfər və səsləndirilən bəyanatlar Azərbaycan–Latviya münasibətlərinin getdikcə daha praqmatik və çoxşaxəli xarakter aldığını nümayiş etdirir. İqtisadi maraqlar, enerji və nəqliyyat əməkdaşlığı, eləcə də siyasi və təhlükəsizlik məsələləri paralel şəkildə inkişaf edir. Bu isə onu deməyə əsas verir ki, tərəflər arasında dialoq təkcə diplomatik çərçivə ilə məhdudlaşmır, eyni zamanda uzunmüddətli strateji tərəfdaşlığa doğru inkişaf edir.
Müəllif: Turan Rzayev