Azərbaycan ilə İordaniya QHT-ləri arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

Əmmanda keçirilən görüşdə Azərbaycan və İordaniya qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın İordaniyadakı səfiri Eldar Səlimov bu ölkənin Mədəniyyət və İncəsənət Assosiasiyasının prezidenti, eyni zamanda, Uşaq və Ailə Xeyriyyə Cəmiyyətinin sədri xanım Budur bint Abdulallah və tanınmış iordaniyalı tarixçi, xalqımızın dostu Ömər Əl Armuti ilə görüşündə ölkəmizdə QHT-lərin fəaliyyəti və cəmiyyət həyatında rolu barədə ətraflı məlumat verib.

İordaniyalı ictimai xadimlər, iki dost ölkənin müxtəlif istiqamətlərdə, xüsusən mədəniyyət sahəsində fəaliyyət göstərən QHT-ləri arasında əlaqələrin inkişafının faydalı olacağını bildiriblər. Onlar əlavə ediblər ki, azərbaycanlı həmkarları ilə birgə simpoziumlar, mədəniyyət tədbirləri təşkil etmək istəyirlər və bununla bağlı təkliflər irəli sürəcəklər.