Cari ilin 8 avqust tarixində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş Naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trump arasında baş tutan Vaşinqton görüş mühüm strateji əhəmiyyət daşımaqla bərabər, Cənubi Qafqazın gələcəyinə bu və ya digər formada işıq salmış oldu. Dünyanın bir nömrəli super gücünün vasitəçiliyi və ev sahibliyi ilə reallaşan bu tarixi görüşün gələcək perspektivləri və nəticələri təkcə region ölkələri üçün deyil, dünyanın aparıcı ölkələri üçün böyük maraq kəsb edir.
İkitərəfli və üçtərəfli görüşlərdən, eyni zamanda liderlərin birgə bəyənatından sonra Prezident İlham Əliyevin Ağ Evdə Azərbaycan mətbuatına müsahibə verdi. Bu tarixi müsahibənin təhlili zamanı bir sıra vacib məqamlar ön plana çıxdığı diqqətdən qaçımır. Müsahibəni bir neçə kontekstdə dəyərləndirmək olar:
ABŞ–Azərbaycan münasibətlərində yeni səhifə
Jurnaslitlərin suallarını cavablandıran Prezident Əliyev bu səfəri “Azərbaycan-Amerika münasibətləri üçün yeni, strateji tərəfdaşlıq səhifəsi” adlandırdı.O, ABŞ-a səfərin və Ağ Evdəki görüşün bu baxımdan mühüm tarixi əhəmiyyətə malik olduğunu vurğulayıb. Sitat:”Azərbaycanın önəmini, onun geosiyasi əhəmiyyətini, Azərbaycanın Amerika Birləşmiş Ştatlarına həmişə dost ölkə olmasını cənab Tramp çox yaxşı bilir. Əlbəttə ki, şəxsi təmaslar bizim münasibətlərimizdə önəmli rol oynayacaq”.
Dövlətimizn başçısı Azərbaycan-ABŞ əlaqələrinin etimad mühitinə, praktik əməkdaşlığa əsaslanan bir münasibətə qaytarıldığına diqqət çəkməklə yanaşı, təhlükəsizlik, müdafiə, nəqliyyat, süni intellekt və yeni texnologiyalar kimi sahələrdə əməkdaşlığın möhkəm təməl üzərində inkişaf edəcəyini vurğulayıb.
Əliyev çıxışında sülh sazişinin paraflanmasının önəmini qeyd edib və bildirib ki, Ermənistan öz konstitusiyasında “Azərbaycana ərazi iddiaları”nın çıxarılması kimi Azərbaycan üçün vacib şərtləri yerinə yetirilməlidir.
AnewZ televiziyasının müxbiri Oubai Şahbandarın sualını cavablandıran Prezident Əliyev Naxçıvanla birbaşa əlaqələrin qurulması məsələsinə də detallı şəkildə aydınlıq gətirmələ yanaşı vacib mesajlar da verib.Sitat:”Bu gün baş verənlərin nəticəsində isə Prezident Trampın şahidliyi ilə Ermənistanın Baş nazirinin şəxsən imzaladığı birgə bəyannamədə Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz keçidlə bağlı mövqeyimizi dəqiq əks etdirən müddəa var. Sənəddə bu, Ermənistanın suverenliynə hörmət prinsipi ilə qeyd olunub. Beləliklə, biz istəyirdik ki, Azərbaycanın bir hissəsindən digər hissəsinə maneəsiz giriş əldə edək. Yeri gəlmişkən, bu, həm də Ermənistanın 2020-ci il noyabrın 10-da imza atdığı öhdəlik idi, lakin beş il ərzində heç bir irəliləyiş olmamışdı. Ərazidə heç bir iş aparılmırdı. Bu illər ərzində biz dəmir yolunu az qala Ermənistan sərhədinə çatdırmışıq. Təxminən bir ildən az vaxt lazımdır, sürətlə işləsək, bəlkə də altı aya onu tamamilə Ermənistan sərhədinə çatdırarıq”.
Azərbaycan Prezidentinin ABŞ-a işgüzar səfəri çərçivəsində verdiyi müsahibəni qısa ümumiləşdirərək deyə bilərik ki, dövlətimizin başçısı Prezident Donald Trampla görüşü və Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə İşçi Qrupunun yaradılmasına dair sənədin imzalanmasının əhəmiyyəti, eləcə də Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğvinin tarixi önəmi barədə sualları cavablandırıb.Həmçinin,cənab Əliyev Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması, iki ölkənin liderlərinin Vaşinqton görüşünə dair Birgə Bəyannamənin imzalanması, ATƏT-in Minsk qrupunun ləğvi və sülh danışıqları ilə bağlı növbəti addımlar barədə fikirlərini bölüşüb. Azərbaycan Prezidenti müsahibədə “Exxon” və SOCAR arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması, ölkələrimizin enerji sahəsində əməkdaşlığının yeni mərhələyə qədəm qoyması, Azərbaycanın daha güclü mövqelərə malik tranzit ölkəyə çevrilməsi istiqamətində atdığı addımlar barədə də danışıb.
Bir çox tarixi və önəmli məsələləri özündə əks etdirən bu müsahibə Azərbaycan–ABŞ əlaqələrində dönüş nöqtəsi kimi dəyərləndirilir və regionda geniş mühüm əməkdaşlıq perspektivlərini özündə ehtiva edir. Cənab İlham Əliyevin Vaşinqton səfəri çərçivəsində Ağ Evdə keçirdiyi tarixi görüşləri isə Azərbaycan diplomatiya tarixində dönüş nöqtəsi kimi qiymətləndirməmək mümkün deyil.
Aygün Qasımova,
Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru,
AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin doktorantı