Avropa İttifaqının Cənubi Qafqaz və Gürüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Azadlıq” radisouna müsahibəsində sülh danışıqlarında yaranmış fasilənin səbəbləri və perspektivlər barədə danışıb.
Klaar jurnalistin “Normallaşma prosesinin iki tərəfi var. Niyə Avropa İttifaqı bəyanatı yalnız Azərbaycanla bağlı verir. Avropa İttifaqı Bakıdan nəyi etməsini istəyir ki, Bakı bunu etmir? İndiki halda tamaşaçıda elə rəy yarana bilər ki, Avropa İttifaqı Ermənistana tərəfdir”, – sualını belə cavablandırıb: “Bu, sadəcə olaraq mövcud vəziyyətin ifadəsidir. Azərbaycan daha güclü tərəfdir. Azərbaycan hərbi güc hesabına bir sıra hədəflərinə nail olub və bunun nail olma forması Avropa İttifaqı və Avropa İttifaqı üzvlərinin xoşuna gəlməyib. Söhbət Qarabağda keçirilən hərbi əməliyyatlardan gedir. Bu gün biz elə durumdayıq ki, açar Azərbaycanın əlindədir. Ermənistanla münasibətlərin normallaşmasının açarı Azərbaycanın əlindədir. Əgər sən böyüksənsə, güclüsənsə, o zaman səndən gözlənti daha çoxdur. Mövcud vəziyyətin məğzi budur. Ona görə də biz Azərbaycandan liderlik gözləyirik. Çünki biz bilirik ki, indi doğru zamandır, imkanlar var, biz bundan istifadə etməliyik”.
Avropa İttifaqı təmsilçisi hesab edir ki, Ermənistan sülh prosesinin sürətlənməsində daha çox maraqlıdır. “Özü də təkcə sülh müqaviləsinin bağlanmasında yox. Düzdür, sülh müqaviləsi də mühüm sənəddir, amma özlüyündə yetərli deyil. Mühüm olan həm də belə razılaşmanın icra olunmasıdır və münasibətlərin daha çox normallaşmasıdır – bura kommunikasiyaların açılması, hərbi qüvvələrin sərhəddən uzaqlaşdırılması, səfirliklərin açılması, insanların gediş-gəlişinin təmin olunması da daxildir. Sülh müqaviləsindən sonrakı mərhələ də mühümdür. Hal-hazırda biz inanırıq ki, İrəvan tərəfdən təbii maraq var. Bakıdan da bəyanatlar eşidirik. Səmimi desəm, bəyanatlar var, amma bizim gözlədiyimiz real addımlardır”, – Klaar əlavə edib.
O, vurğulayıb ki, prosesi sürətləndirmək lazımdır. “Daha sürətli olmaması üçün heç bir səbəb yoxdur. Açar Bakının əlindədir və biz prosesin irəli getməsində maraqlıyıq, çünki biz bütün Cənubi Qafqazı, o cümlədən Azərbaycanı özümüz üçün mühüm tərəfdaş kimi görürük”.
T.Klaar Qranada görüşündə sülh müqaviləsi bağlamaq imkanı olmadığını etiraf edib: “Ümidimiz vardı ki, irəliyə doğru necə addım atmaqla bağlı liderlərin bəyanatına nail olacağıq, sülh müqaviləsinin mətninin razılaşdırılmasını necə sürətləndirmək barədə irəliləyiş əldə edəcəyik. Əslində, format bizim üçün o qədər də önəmli deyil. Əsas olan mahiyyətdir. Bizim dediyimiz o deyil ki, bu, Brüsseldə baş versin, bu və ya başqa şəhərdə baş versin. Önəmli olan odur ki, proses getsin və bizim də istədiyimiz budur. Sizin sualınıza cavab olaraq ki – bu, niyə belə vaxt aparır- bu suala cavabımız yoxdur. Başa düşmürük ki, sülh müqaviləsi niyə belə yubanır. Bu isə narahatlıq yaradır.
– Narahat olan kimdir?
– Birincisi Ermənistan təmsilçiləri bunu ifadə edirlər. O cümlədən Avropa paytaxtlarında da insanlar naharatdırlar. Adamlar nə baş verdiyini anlamırlar. Niyə sülh müqaviləsi və normallaşma bu qədər yaxınkən, bu qədər zaman alır. Bunu anlamamaq narahatlıq yaradır”.
“AzPolitika.info”