Azərbaycan-Çin Münasibətlərində Yeni Mərhələ: Beynəlxalq Müstəvidə Yeni Strateji Tərəfdaşlıq
Azərbaycan ilə Çin Xalq Respublikası arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub və ötən dövr ərzində əməkdaşlıq müsbət dinamika ilə inkişaf etmişdir. Son illərdə bu münasibətlər daha da genişlənərək hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycanın Şərq ilə Qərb arasında mühüm nəqliyyat qovşağı kimi mövqeyi Çin ilə Avropa arasında yükdaşımaların inkişafı baxımından yeni imkanlar yaradır. Azərbaycan və Çinin siyasi və ictimai strukturları arasında mübadilə və əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafına və daha da dərinləşməsinə töhfə verir. Azərbaycan-Çin münasibətləri tarixinin ən yüksək səviyyəsindədir. Ümummilli Lider Heydər Əliyevin 1994-cü ildə Çinə ilk rəsmi səfəri əlaqələrimizin təməlini qoyub. Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir. Çinlə bərəbərhüquqlu əməkdaşlığın qurulması, münasibətlərin strateji səviyyəyə yüksəlməsi Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir göstəricisidir. Dövlətimizin başçısının strateji addımları ölkəmizin yeni dünya düzəninin formalaşdığı dövrdə orta güc dövlətinə çevrilməsini təmin edir. Azərbaycan-Çin münasibətləri son iki ildə yalnız siyasi və iqtisadi əməkdaşlığın genişlənməsi ilə deyil, əməkdaşlığın məzmununun dəyişməsi ilə də xarakterizə olunur. Bu dəyişikliyin son nümunələrindən biri 8 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Çin Araşdırmalar Mərkəzinin açılışıdır.
Etimaddan əməkdaşlığa: iki ilin məntiqi
2024-cü il iyulun 3-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində liderlər strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul etdi. Bəyannamə strateji tərəfdaşlığı qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq prinsipləri üzərində qurur . 2025-ci il aprelin 23-də Pekində isə hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat imzalandı. Həmin gün keçirilən görüşdə qeyd olunub ki, münasibətlər bir ildən də az müddətdə strateji tərəfdaşlıqdan hərtərəfli strateji tərəfdaşlığa yüksəlib. Birincisi siyasi niyyəti ortaya qoyurdu. İkincisi isə həmin niyyəti konkret əməkdaşlıq mexanizmləri ilə genişləndirirdi.Sənədin mətni də bu fərqi göstərir. Orada yalnız dostluq ifadələri yoxdur. Tərəflər investisiya üzrə işçi qrupu yaratmağı, sərbəst ticarət sazişi ilə bağlı danışıqlara hazır olduqlarını, “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycanın “İpək Yolunun Bərpası” və 2030 Sosial-İqtisadi İnkişaf Strategiyası ilə uyğunlaşdırılmasını, elmi tədqiqat qurumları arasında birgə platformaların yaradılmasını qeyd ediblər. Klassik diplomatik sənəd adətən münasibətin xarakterini bəyan edir. Burada isə münasibətin necə işləyəcəyi də göstərilir. Bu mexanizmlərin altında siyasi qarşılıqlılıq dayanır. Birgə Bəyanatın birinci bəndində tərəflər bir-birinin xalqının seçdiyi və milli şəraitə uyğun inkişaf yolunu dəstəklədiklərini,suverenliyin, təhlükəsizliyin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətlə dəstək verdiklərini bildirirlər. Azərbaycan “Vahid Çin” siyasətini və Tayvanın Çinin ərazisinin ayrılmaz hissəsi olduğunu tanıyır. Çin isə Azərbaycanın sülh gündəliyini dəstəkləyir. Azərbaycan ikitərəfli əməkdaşlıqlarla yanaşı, çoxtərəfli əməkdaşlıqları olduqca uğurlu şəkildə transformasiya etmək gücünü ortaya qoyur. Azərbaycan-Çin münasibətləri sadə nəzakət mübadiləsi deyil. Nəqliyyat, enerji və rəqəmsal layihələr illərlə planlaşdırılır, bunun üçün isə tərəflərin bir-birinin əsas maraqlarını mübahisə mövzusuna çevirməməsi lazımdır. Eyni bənddəki “öz inkişaf yolu” ifadəsi vacibdir. Onu təcrübə mübadiləsinin siyasi çərçivəsi kimi oxumaq olar: tərəflər bir-birindən öyrənə bilər, lakin hər biri öz yolunu seçmək hüququnu saxlayır. Praktik tərəfdə əsas sınaq nəqliyyat və logistikadır. Azərbaycan üçün Çinlə münasibətin mənası ikitərəfli ticarətdən böyükdür. Orta Dəhliz Çini Avropa ilə birləşdirən marşrutda Azərbaycanın coğrafi mövqeyini siyasi çəkiyə çevirir. Birgə Bəyanatda Beynəlxalq Multimodal Daşımalar haqqında Sazişin imzalanması yüksək qiymətləndirilir, Trans-Xəzər marşrutu üzrə gömrük rəsmiləşdirməsinin və yükdaşıma səmərəliliyinin artırılmasına hazırlıq bəyan olunur. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən mərasimdə Çin tərəfinin nümayəndəsi də Orta Dəhlizin və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Azərbaycanla Çini daha da yaxınlaşdırdığını bildirib. Dəhliz işlədikcə gömrük, logistika və qurumlararası koordinasiya kimi idarəetmə suallarını gündəmə gətirir. Başqa sözlə, infrastruktur əməkdaşlığı özü idarəçilik əməkdaşlığına ehtiyac yaradır.
İki idarəçilik təcrübəsi
Çinin idarəçilik təcrübəsini başa düşmək üçün əvvəlcə onun siyasi çərçivəsini görmək lazımdır. Çin Konstitusiyasının preambulasında Çin Kommunist Partiyasının rəhbərliyi dövlətin qurulması və inkişafının əsas şərti kimi göstərilir, 3-cü maddədə isə dövlət orqanlarının demokratik mərkəzçilik prinsipi ilə qurulduğu bildirilir. XX əsrin 70-ci illərindən başlayaraq Çin Xalq Respublikası dərin iqtisadi islahatlar siyasətinə start vermişdir. Bu konstitusion və siyasi çərçivə dövlət idarəçiliyində yüksək səviyyəli siyasi koordinasiyanın xüsusi rolunu müəyyən edir. Praktikada nəticələrdən biri uzunmüddətli planlaşdırmadır. 2026-cı il martın 12-də Milli Xalq Konqresinin sessiyası 15-ci Beşillik Planın (2026-2030) Əsas Xəttini təsdiq etdi. Sənəd 2035-ci ilə qədər sosialist modernləşməsinin əsasən həyata keçirilməsi üçün baza kimi təqdim olunur.
Plan yalnız bəyanat sənədi deyil. Planın mətnində illik planların beşillik tapşırıqları mərhələli həyata keçirməsi, əsas göstəricilərin illik plan göstəricilərinə bölünməsi və orta müddətli qiymətləndirmənin Milli Xalq Konqresinin Daimi Komitəsinə təqdim edilməsi nəzərdə tutulur. Bu, uzunmüddətli hədəflərlə illik hökumət gündəliyi arasında institusional əlaqənin görünən nümunələrindən biri kimi qiymətləndirilə bilər. Çində planlaşdırma sisteminin 1993-cü ildən sonrakı təkamülünü araşdıran tədqiqat göstərir ki, təcrübi proqramların makro-planlara daxil edilməsi, pilləli nəzarət, plan dövrünün ortasında qiymətləndirmə və yüksək səviyyəli siyasət baxışı sistemin dəyişən şəraitə uyğunlaşmasına imkan verib . Texnoloji sahədə də eyni məntiq var: hökumət hesabatında “Süni intellekt +” təşəbbüsünün genişləndirilməsi, süni intellekt agentlərinin və yeni nəsil ağıllı terminalların tətbiqinin sürətləndirilməsi, əsas sahələrdə süni intellektin geniş kommersiya tətbiqinin təşviqi nəzərdə tutulur . Bu modelin üstünlüyü ardıcıllıq və miqyasdır. Məhdudiyyəti isə eyni mexanizmin siyasi sistemlə ayrılmaz bağlı olmasıdır: onu texniki alət kimi sistemdən çıxarıb başqa mühitə qoymaq mümkün deyil. Üstəlik, plan yazmaq icranı təmin etmək demək deyil. İstənilən ölkədə hədəflə nəticə arasındakı fərq idarəetmənin əsas sınağı olaraq qalır.
Bu çərçivədə Azərbaycan rəqəmsal və texnoloji yenilənməni özü də sürətləndirir. 2025-ci il martın 19-da təsdiqlənmiş 2025-2028-ci illər süni intellekt Strategiyası idarəetmənin təkmilləşdirilməsini, yüksəksəviyyəli hesablama infrastrukturunun qurulmasını, dövlət qulluqçuları və rəhbər şəxslər üçün süni intellekt və məlumatların idarə edilməsi üzrə təlimləri nəzərdə tutur. 2026-cı il fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rəqəmsal İnkişaf Şurasının yaradılması haqqında Fərman imzaladı. Şuranın sədri Birinci vitse-prezident Mehriban xanım Əliyevadır , tərkibinə Prezidentin köməkçiləri, bir sıra nazirlər, Mərkəzi Bankın sədri və Dövlət Neft Fondunun icraçı direktoru daxildir, katiblik funksiyası isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə olunub . Həmin gün 2026-2028-ci illər üçün rəqəmsal inkişafın sürətləndirilməsi üzrə Fəaliyyət Planı da təsdiq edilib. Burada əsas məqam koordinasiyadır: rəqəmsal siyasət ayrı-ayrı qurumların layihələrindən vahid idarəetmə çərçivəsinə keçir. Məhz belə mərhələdə texnologiyanı və dövlət koordinasiyasını böyük miqyasda tətbiq edən ölkənin təcrübəsini öyrənmək praktik əhəmiyyət qazanır.
2026: Bilik mübadiləsi üçün institusional ünvan
Çin Araşdırmalar Mərkəzi sentyabrın 8-də açılıb. Mərasimdə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Liu Haisinqin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov bildirib ki, Mərkəzdə Çin dilinin öyrənilməsi, Çin mədəniyyətinin, tarixinin, iqtisadiyyatının və dövlət idarəçiliyi təcrübəsinin araşdırılması, elmi seminarların, konfransların və birgə layihələrin keçirilməsi nəzərdə tutulur. Mərkəzin arxasında ayrıca bir institusional xətt də var. 2026-cı ilin mayında Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Pekinə səfəri zamanı Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Partiya Məktəbi ilə DİA arasında əməkdaşlıq haqqında memorandum imzalanıb . Əməkdaşlıq kadr hazırlığını, elmi tədqiqatları, təcrübə mübadiləsini və birgə layihələri əhatə edir. Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini Tahir Budaqovun sözlərinə görə, cari ildən dövlət idarəçiliyi üzrə əməkdaşlığın genişləndirilməsi və birgə fəaliyyət planının hazırlanması istiqamətində konkret addımlar atılacaq. Əgər münasibətlər yalnız ticarət və diplomatiyadan ibarət olsaydı, belə bir platformaya ehtiyac daha məhdud olardı. Yüklər qatarla gedir, sənədlər imza ilə qüvvəyə minir, idarəçilik təcrübəsi isə yalnız bilik və insan əlaqələri ilə ötürülür. Mərkəzin yaradılması münasibətlərin məhz bu mərhələyə, yəni bilik, kadr və idarəçilik təcrübəsi mübadiləsinə də keçdiyini göstərir. Əməkdaşlığın bir qolu partiyalararası dialoqdan keçir. Birgə Bəyanat da Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında siyasi dialoqun gücləndirilməsini dəstəkləyir. Rəqəmsal dövlətin ölçülməsi də göstərir ki, söhbət yalnız texnologiyadan getmir. Dünya Bankının GovTech Yetkinlik İndeksi 48 göstərici üzrə dövlətin əsas sistemlərini, onlayn xidmətlərini, vətəndaş iştirakını, həmçinin strategiya, institut, qanunvericilik və rəqəmsal bacarıq kimi dəstəkləyici amilləri qiymətləndirir. Uzunmüddətli strateji planlaşdırma və koordinasiya. Çin planının mətnində illik planların beşillik tapşırıqları mərhələli həyata keçirməsi və əsas göstəricilərin illik plan göstəricilərinə bölünməsi nəzərdə tutulur. Azərbaycan şəraitində araşdırıla biləcək sual belədir: uzunmüddətli prioritetlər illik icra mexanizmlərinə necə bağlanır və qurumlar arasında koordinasiya hansı alətlərlə təmin olunur? Rəqəmsal İnkişaf Şurası və 2026-2028-ci illər Fəaliyyət Planı Azərbaycanın bu sahədəki öz təcrübəsini formalaşdırır. Müqayisə bu təcrübəni zənginləşdirə bilər.Rəqəmsal dövlət və süni intellekt. Çinin “Süni intellekt +” yanaşması bu texnologiyanın ayrıca layihə kimi yox, iqtisadiyyatın əsas sahələrinə inteqrasiya olunan vasitə kimi təqdim edilməsinə yönəlib . Azərbaycanın Strategiyası isə idarəetmə, infrastruktur və kadr üzrə ilk mərhələ tədbirlərini müəyyən edib. Burada öyrənilə biləcək məsələ texnologiyanın dövlət xidmətlərinə hansı ardıcıllıqla və hansı qaydalarla daxil edilməsidir.Kadr hazırlığı dövlət idarəçiliyi üzrə ixtisaslaşmış təlim tərəflərin ən birbaşa təmas nöqtəsidir. Azərbaycanın süni intellekt Strategiyası dövlət qulluqçuları və rəhbər şəxslər üçün süni intellekt və məlumatların idarə edilməsi üzrə təlimləri nəzərdə tutur. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Çin Xalq Respublikasının Partiya Məktəbi arasındakı memorandum isə kadr hazırlığını əməkdaşlıq istiqamətlərindən biri kimi göstərir. Proqramın məzmunu, qiymətləndirmə üsulu və praktikaya tətbiqi müqayisə üçün faydalı material verə bilər. Strateji infrastruktur və regional bağlantıların idarə edilməsi. Orta Dəhliz yalnız yol və liman məsələsi deyil. Burada gömrük rəsmiləşdirməsi, yükdaşıma səmərəliliyi və marşrut boyunca ölkələr arasında koordinasiya da vacibdir. Azərbaycan-Çin münasibətləri artıq yalnız diplomatik əlaqələr anlayışı ilə izah oluna bilmir. 2024- cü ildə strateji tərəfdaşlıq, 2025-ci ildə hərtərəfli strateji tərəfdaşlıq, 2026-cı ildə isə dövlət idarəçiliyi və akademik əməkdaşlığın yeni institusional mexanizmləri bir-birindən ayrı hadisələr deyil. Bunlar münasibətlərin siyasi etimaddan daha dərin və çoxşaxəli əməkdaşlıq modelinə keçməsinin ardıcıl mərhələləridir. Çin Araşdırmalar Mərkəzinin yaradılması sadəcə bir akademik strukturun açılması deyil. Bu, Azərbaycan-Çin münasibətlərinin diplomatik əlaqələrdən daha geniş institusional və intellektual əməkdaşlıq mərhələsinə keçdiyini göstərən əlamətlərdən biridir. Eyni zamanda bu, prosesin son nöqtəsi deyil. Strateji tərəfdaşlığın əsl ölçüsü də buradadır: tərəflər birbirindən yalnız siyasi və iqtisadi dəstək almır, bir-birindən öyrənir və gələcəyin suallarına ortaq cavab axtarmağı bacarırlar. Beləliklə, yeni mərhələ yalnız dövlət idarəçiliyində təcrübə mübadiləsi deyil, daha geniş mənada modernləşmə siyasətlərinin müqayisəli öyrənilməsi üçün də imkan yaradır. İkitərəfli münasibətlərimizdə keyfiyyət dəyişikliyi Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra baş verdi. 1994-cü ilin mart ayında Ümummilli Lider Heydər Əliyevin ÇXR-ə ilk rəsmi səfəri oldu. Səfər çərçivəsində ikitərəfli münasibətlərin mühüm hüquqi-normativ bazasını yaradan 8 müqavilə imzalandı. Azərbaycan Prezidenti cənab İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müvafiq olaraq 2022 və 2024-cü illərdə Özbəkistan və Qazaxıstanda keçirilən sammitlərində iştirak edib. Bu, Azərbaycan liderinə böyük hörmət və etimadın əyani göstəricisidirAzərbaycan – Çin münasibətlərinin yüksək səviyyəyə çatmasında iki ölkənin liderləri, Prezident cənab İlham Əliyev və Çin Xalq Respublikasının Sədri cənab Si Cinpin arasında formalaşmış qarşılıqlı etimad və dostluq münasibətləri vacib rol oynayır.
s.e.f.d., dos. Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik AkademiyasınınSiyasi İdarəetmə fakültəsinin dekanı