Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan Respublikasının səfirliyində iki ölkənin dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə “networking” qəbulu keçirilib.
2020-ci ilin dekabrında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiyalar Agentliyi, “Turan Trade” MMC, “Startup Campus” LTD və Macarıstanın İxrac Agentliyi (HEPA) arasında imzalanmış “Sahibkarlığın İnkişafı Sahəsində Əməkdaşlıq” üzrə dördtərəfli memoranduma əsasən, tərəflər BP-nin sponsorluğu ilə “Avropanı kəşf et – Azərbaycan üçün sürətləndirilmiş proqram” layihəsini həyata keçirib, nəticədə 5 Azərbaycan şirkəti Budapeştə işgüzar səfər etmək imkanı əldə edib.
AZƏRTAC xəbər verir ki, həmin səfər çərçivəsində qalib şirkətlərin və layihəni həyata keçirən qurumların nümayəndələrinin iştirakı ilə səfirlikdə qəbul təşkil olunub.
Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Macarıstandakı səfiri Tahir Tağızadə Azərbaycan şirkətlərinin Avropa bazarlarına çıxışını təmin etmək məqsədilə görülən işləri yüksək qiymətləndirib, gələcəkdə də bu istiqamətdə aparılacaq fəaliyyətə səfirlik tərəfindən dəstək göstəriləcəyini qeyd edib. T.Tağızadə ölkə rəhbərliyinin bu sahədəki qətiyyətli və ardıcıl siyasətinin əhəmiyyətini xüsusi vurğulayıb.
Daha sonra tədbir Macarıstanın İnnovasiya və Texnologiya Nazirliyinin Baş müşaviri Laslo Koranyi, “Startup Campus” LTD-nin Baş icraçı direktoru Jolt Kovaç və “Turan Trade” MMC-nin Baş direktoru İbrahim İsmayılovun çıxışları, Azərbaycanın İnnovasiyalar Agentliyinin və qalib şirkətlərin təqdimatları ilə davam edib.