Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın əsassız ittihamlarını qətiyyətlə rədd edən məlumatı haqqında ölkəmizin Küveytdəki səfirliyinin bəyanatı bu ölkənin mətbuatında dərc olunub.
AZƏRTAC xəbər verir ki, “Dasmannews” və “Bobianews” nəşrlərində dərc edilmiş bəyanatda Ermənistan XİN-in Azərbaycanı üçtərəfli Bəyanatı pozmaqda ittiham etməsinin riyakarlıqdan başqa bir şey olmadığı bildirilib. Küveyt ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Azərbaycan tərəfi Ermənistan tərəfindən üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarının yerinə yetirilmədiyi, xüsusilə də erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazilərindən çıxarılmadığını dəfələrlə bəyan edib. Üçtərəfli Bəyanatın 4-cü maddəsinə əsasən “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”.
Məlumatda bildirilib ki, qeyri-qanuni erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərində mövcudluğuna dair Azərbaycan tərəfində olan çoxsaylı dəlillərə əlavə olaraq, bu fakt erməni rəsmiləri tərəfindən də etiraf edilib. Belə ki, Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini Saak Saakyanın bu il 29 iyun tarixində hərbi xidmətə çağırılan vətəndaşların valideynləri ilə görüşdə “Qarabağ bölgəsində erməni müddətli hərbi xidmətçilərinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları ilə əvəzlənəcəyinə” dair söylədikləri, habelə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın 19 iyul 2022-ci il tarixli müsahibəsində “Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qarabağdan çıxarılması bu ilin sentyabr ayında başa çatacaq” söyləməsi Ermənistanın üzərinə götürdüyü öhdəliklərə zidd olaraq, hələ də silahlı hərbi birləşmələrini qonşu dövlətin ərazisində qeyri-qanuni saxladığını bariz şəkildə göstərir.
Səfirliyin bəyanatında Azərbaycan XİN-in məlumatında yaşanan son gərginliyin səbəbinin qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərində mövcudluğu və təxribatlara əl atması olduğu vurğulanıb. Belə ki, avqustun 3-də Azərbaycan əsgərinin şəhid olması ilə nəticələnən qanlı insident də məhz Ermənistanın öhdəliklərini yerinə yetirməməsinin nəticəsidir.
Məlumatda daha sonra qeyd olunub: “Üçtərəfli Bəyanatın 6-cı bəndinə istinad edərək, Azərbaycanı müvafiq müddəanın pozuntusunda ittiham edən Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, Laçın dəhlizi üzrə yeni yolun inşası razılaşdırılmış marşrut üzrə artıq uzun aylardır ki, gedir və Ermənistan tərəfi bu yol ilə bağlı kifayət qədər məlumatlıdır. Əgər Ermənistan tərəfi üçtərəfli Bəyanatın digər müddəaları kimi bu öhdəliyin də həyata keçirilməsini müxtəlif bəhanələrlə ləngitmək məqsədini güdürsə, bu, bir daha Ermənistanın qeyri-konstruktiv və üçtərəfli bəyanatların və digər razılaşmaların icrasına münasibətdə pozucu fəaliyyətinin bariz nümunəsidir.
Bölgədə sülh və sabitliyin təmin olunması, habelə münaqişə sonrası normallaşma üçün üçtərəfli Bəyanatın tam icrası vacibdir. Azərbaycan, öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir və Ermənistan tərəfinin də bu öhdəliklərə əməl etməsini qətiyyətlə tələb edir”.