AYB-nin Nur şəhərindəki 25 yaşlı Mingəçevir bölməsi-FOTOLAR

Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin yaradılmasının 25 illik yubileyinə həsr olunmuş sözlü-nəğməli tədbir keçirilib.
Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulandan sonra şəhər ictimaiyyəti nümayəndələrinin, universitetin professor-müəllim heyəti və filologiya fakültəsi tələbələrinin, veteranların və yazarların qatıldıqları söz məclisi Mingəçevir Dövlət Universitetinin akt zalında düzənlənib.
Əvvəlcə torpaqlarımızın azadlığı, suverenliyimizin bərpa olunması uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözləriylə açan şair İsmayl İmanzadə rəhbərlik etdiyi bölmənin yaranma tarixindən, son 25 il ərzində görülən işlərdən danışmış, bölmənin xəttiylə ayrı-ayrı vaxtlarda keçirilən poeziya gecələrinin, klassik şair və yazıçıların yubileylərinin, kitab təqdimatı mərasimlərinin, ayrı-ayrı idarə-müəssisə və təhsil ocaqlarında təşkil edilən poetik görüşlərin oxucular arasına milli ədəbiyyatımızın təbliği və yerli yazarların tanıdılması yönümündə böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bölmənin xəttiylə görülən önəmli işlərdən söz açmış, bu qurumun ötən illər ərzində mingəçevirli yazarların dəyərli yaradıcılıq mərkəzinə çevrildiyini, 25 il qabaq bölmənin açılışı zamanı Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, xalq şairi Fikrət Qoca, yerli yazarlar və şəhər ictimaiyyəti nümayəndələriylə birgə olduğununin və yazarlara ilk xeyir-dua verənlər arasında olduğunu həmişə sevinc-fərəh hissiylə xatırladığını qeyd etmiş, bölmədə təmsil olunan yazarları təbrik etmiş, onlara bundan sonrakı vaxtlarda da uğurlar arzulayıb.
Sonrakı bir məqamda şəhər rəhbəri bölmənin sədri ilə yanaşı, bu söz ocağının ən fəal üzvlərindən olan,- Zümrüd Rəhimova, Bəhman Gülövşəli, AŞIQ Qoşqar Xasməmmədov və gənc şair-dramaturq Elçin Məhərrəmə Mingəçevir şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanlarını təqdim edib.
Tədbirə qonaq qismində qatılangörkəmli alim, filologiya elmləri doktoru, professor Rüstəm Kamal, Mingəçevirdə uzun illər yüksək vəzifələrdə çalışmış yazıçı-publisist,-AYB-nin üzvü Ramiz Göyüş və AYB-nin Ağdaş bölməsini sədri, tanınmış şair-publisist Fəzrəddin Əsəd səmimi ürək sözlərini sevinc hissiylə dillərinə gətirmiş, yazar həmkarlarına,-onların şəxsində Mingəçevir sakinlərinə ulu Tanrıdan uğurlar diləyiblər.
Mingəçevir Dövlət Universitetində xeyli vaxtdan bəri rektor vəzifəsini icra edən Üzeyir Zeynalov bundan sonrakı dönəmlərdə də AYB-nin yerli bölməsinin yazarları ilə davamlı olaraq əməkdaşlıq edəcəklərini vurğulayıb, şəhər Veteranlar Şürasının sədr müavini Rizvan Mikayıllı isə əlamətar hadisə münasibətiylə ən səmimi sözlərini və xeyir-duasını yazarlara ünvanlayıb.
Mətbuat nümayəndələri adından çıxış edən AJB-nin və Beynəlxalq Jurnalistlər Birliyinin üzvü,tanınmış tele-aparıcı İnqilab Şirinli təbriklərini çatdırmaqla bərabər,çağdaş ədəbiyyatın ictimai fikir tariximizdəki və siyasi-ideolji təbliğatdakı əhəmiyyətli rolundan danışıb.Tələbə gəncləri AYB-nin Mingəçevir bölməsi ilə əməkdaşlığa çağırıb.
Yerli yazarların təmsilçiləri qismində AYB-nin üzvləri Elşən Əzim, Namiq Zaman və Nicat Hünalp çıxışlarının sonunda çeşidli mövzularda yazdıları şeirləriylə hamını məmnun ediblər.
Tədbirin ayrı-ayrı bölümlərində aşıq mahnılarının mahir ifaçısı Aşıq Qoşqar Xasməmmədov və Üzeyir Hacıbəyli adına şəhər musiqi məktəbi nümayəndələrinin təqdim etdikləri mahnılar sonda alqışlara layiq görülmüş, sözlü-nəğməli yubiley tədbirinin nəğmə çələngi kimi yaddaşlarda unudulmaz xatirələrə çevrilib.
Tədbir iştirakçıları iki saata yaxın zaman kəsimi ərzində həm maraqlı bir söz məclisinin iştirakçısı, həm də yazarlara,-onların timsalında ədəbiyyata yönəlik oxucu sevgisinin şahidi olublar.

 

 

 

 

 

 

   

 

      

 

 
Yazı: Məmməd Mərzili, Şamil Həsən
AYB Mingəçevir bölməsinin üzvləri
FOTOLAR: Cabir Qədimov