AXC-nin görkəmli şəxsiyyətlərindən Abbas bəy Vəkilov kimdir?-FOTO

Azərbaycan Xalq Cümhiriyyətinin qurulması tariximizin ən ziddiyətli və gərgin dönəmlərinə təsadüf edir. Cümhuriyyətin işğalından sonra isə bir müddət Sovetlər İttifaqı xalqlar arasında özünə inam yaratmaq üçün öz əsl simasını gizlədirdi. Lakin Sovetlər Birliyi özünün möhkəmləndirdikdən sonra artıq 37-ci illərdə vaxtıilə AXC-də təmsil olunmuş şəxslərin ağır repressiyası başaldı.

Cümhuriyyət dönəmində ingilislərin diqqət mərkəzində olan Şərur-Dərləyəz qəzasında fəaliyyət göstərən yerli müsavatçıların liderlərindən olan Abbas bəy Vəkilovun da taleyi digərlərindən fərqlənmədi.

Abbas bəy Vəkilov kimdir?

Abbas bəy Baxşəli bəy oğlu Vəkilov 2 yanvar 1873-cü il tarixində Şərur-Dərələyəz qəzasının Çivə kəndində anadan olub. Onun mənsub olduğu Vəkilovlar nəsli Dərbənd-Qazax (Tiflis)-İrəvan-Şərur-Dərləyəz ərazilərində məskunlaşmış əsilzadə solyardandır.

Professor Fərrux Rustəmovun araşdırmalarına görə Abbas bəy Vəkilov 1884-1887-ci illərdə İrəvan kişi gimnaziyasında  Hüseyin Ələkbərov, Məmməd Əlibəyov, Əli Ağabababəyov, Həsən Ağayev, Məmməd Bağırbəyov, İsmayıl bəy Vəkilov, Teymur bəy Vəkilov, İrza Hacıbəyli (hərbi xadimi, polkovnik. İrəvan şəhər zadəganlarının nəslinə mənsubdur)  Abbasəli Hacırzayev və Qadir Hacıbəylinski ilə birlikdə   III sinifini bitirib. Onu da qeyd edək ki, Abbas bəy Vəkilovun təhsil aldığı bu illər Azərbaycanın xalqının milli iftixarı Firudin bəy Köçərlinin  dərs deyi illəri əhatə edir.

Abbas bəy Vəkilov ali təhsilini Kiyev Dövlət Universitetinin hüquq fakultəsində tamamladıqdan sonra öz doğma kəndlərinə Şərur-Dərələyz qəzasının Çivə kəndinə qayıdıb. Musavatın yerli özəyini yaradıb və ona  rəhbərlik edib. Qafqaz İslam Ordusu gələnə kimi Xalq Qəhrəmanı Balo bəy Vəkilovun rəhbərlik etdiyi Çivə taborunda ermənilərə qarşı vuruşub. Qafqaz İslam Ordusu Azərbaycana daxil olduqdan sonra isə ordunun tərkibində zabit kimi xidmət edib. Qərbi Azərbaycan və Naxçıvan əhalisi ilə birlikdə Çivə kəndinin bütün əhalisi ilə birlikdə Cənubi Azərbaycan ərazisinə keçib sonra isə kənd əhalisi ilə birlikdə  geri qayıdıblar.

Azərbaycan Cümhuriyyəti rus imperalizmi tərəfindən işğal edildikdən sonra Abbas bəy Vəkilov ağır  məhrumiyyətlərlə qarşılaşıb. Vəkilovlar  nəslinin bütün üzvləri kimi onlarında şəxsi mülkləri alınaraq yerli bolşeviklərin vasitəsi ilə kolxozun mülkiyyətinə verilib.

Abbas bəy Vəkilov Dərləyəz mahalının Ardaraz kəndindən olan Qəndab İsmayıl qızı ilə ailə qurub. Bu nigahdan onların Bülbül, Ziba, Rüşdü, Sabir, Ziyadxan adında övladları olub Bülbül xanım kiçik yaşalrında vəfat etdiyi üçün sonradan onun xatirəsini yaşatmaq üçün sonra doğulan qızına Bülbül adını veriblər. Ziyadxan bəy Vəkilov gənc yaşlarında dünyasını dəyişib.

Ziyadxan bəy Vəkilov

Bülbül xanım Vəkilova hazırda Şərur rayonu Dizə kəndində yaşayır.  Qeyd  etmək yerinə düşər ki, farnsız əsilli rus səyyahı İ.İvanoviç Şopenin hazırladığı Kameral siyahıya əsasən  Dizə kəndi Abbas bəy Vəkilovun babası Həsənalı Sultan Vəkilovun  şəxsi mülkləri siyahısna daxil olmuşdur.  1931-ci ildə Şərur-Dərləyəz qəzasının Çivə kəndində görkəmli dövlət xadimi Abbas bəy Vəkilovun ailəsində doğulan Bülbül xanım Vəkilova 1949-cu ildə Dizə kəndinin saylı-seçilən kişilərindən olan İmanov Müzəffər Həmid oğlu ilə ailə qurub. Müzəffər İmanov bir müddət Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

 

Abbas bəy Vəkilovun represiya olunması ilə bağlı tarixi həqiqətlərə Bülbül xanım Vəkilova işıq salır. B.Vəkilova: “Atam Qarakilsədə müəllim işləyirdi. 1937-ci ildə onu bir neçə milis nəfəri gəlib evdə həbs etdilər. Sonra isə Dərləyəzin Çivə kəndindəki evimizdə axtarış apardılar. Atamı İrəvan türməsində saxlayırdılar. Anamla qardaşım Ziyadxan üç dəfə İrəvanda türmədə atamla görüşdülər. Əlbəttdə biz atamın qayıdacağına inanırdıq. Ancaq dördüncü  dəfə atamın dalınca gedəndə anama məlumat vermişdilər ki, onu müharibəyə göndəriblər. Lakin sonra biz heç bir məlumat ala bilmədik”.

Onu da qeyd edək ki, Abbas bəy Vəkilovla bərabər Çivə müsavatçılarının əksəriyyəti repressiya olunudu.

Şübhəsiz ki, ömrünü Azərbaycan xalqının istiqlalına həsr etmiş Abbas bəy Vəkilovun nisgilli həyat hekayəsinin kiçik bir parçasını əhatə edən bu yazı gələcək tədqiqatlar üçün  ilkin mənbə rolu oynamaqla yeni araşdırmalara yol açacaqdır. Bu yazı Abbas bəy Vəkilovun parlaq ruhuna kiçik bir töhədir.

 

Tədqiqatçı-hüquqşünas,  Səməd Vəkilov

ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar

Mərkəzinin rəhbəri,  tarix üzrə f.d. Leyla Calalova

AXC-nin görkəmli şəxsiyyətlərindən Abbas bəy Vəkilov kimdir?-FOTO