Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Qazaxıstan Respublikasına dövlət səfərinə gəlib.
Kanal32.az xəbər verir ki, oktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
“Akorda” Prezident Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Qazaxıstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Kasım-Jomart Tokayevə təqdim edildi.Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Azərbaycanın və Qazaxıstanın Dövlət himnləri səslənib.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.Dövlət başçıları birgə foto çəkdiriblər.