Anarı Kəlbəcərdə görmək və Anarın Kəlbəcərə getmək arzusu…

Azərbaycan ədəbiyyatının zənginləşməsində, inkişafında, qorunub saxlanılmasında iki yaradıcı ocağın böyük xidmətləri var. Biri Səməd Vurğun, digəri isə Rəsul Rza ocağıdır. Hər iki ocaqdan ayrı- ayrılıqda üç xalq şairi, yazıçısı var.
“Libraf” kitab evində, ömrünün müdrik yaşında ədəbiyyatın keşiyində dayanan, xalq yazıçısı Anar müəllimin işığına toplaşdıq.
Gənclərin Anar müəllimə ünvanladığı sualların cavabı həm sevincli, həm də kədərli olurdu. Sonuncu dəfə Anar müəllimlə 2019-cu ildə Yazıçılar Birliyində bir filmin çəkilişi zamanı görüşmüşdük. O zaman Anar müəllim çəkilişdən kənar söhbətimizdə, Paşinyanla, Xocalı qatili Zori Balayanın Şuşada yallı getməsindən böyük sarsıntı keçirdiyini bildirmişdi. Şuşanı çox sevdiyini demişdi.
Mən isə yerlipərəstlik edərək, belə bir sual etdim:
-Anar müəllim Kəlbəcərdə olmusunuz?
O zaman hələ torpaqlarımız işğal altındaydı. Anar müəllim cavabında – Yox, oğlum, təəssüf ki, Kəlbəcəri görmədim. Çox istərdim görəm – dedi. Ancaq tale elə gətirdi ki, Kəlbəcərin iki ocağıyla qohum olduq. O zaman Anar müəllimə ümidlə dedim ki, inşallah torpaqlarımız azad olar, Şuşanı da, Kəlbəcəri də görərsiniz.
Bir il sonra torpaqlarımız işğaldan azad oldu.
Anar müəllimi Böyük Səməd Vurğunla, Dədə Şəmşirin görüşdüyü, dillərdə dastana dönən Ceyran bulağında görmək, həm bizə xoş olar, həm də dostlarının atası, xalqımızın sevimli şairi Səməd Vurğunla, Dədə Şəmşirin ruhunu şad etmiş olar.
Uca Tanrı Anar müəllimə sağlıqlı ömür versin! O,ədəbiyyatımızın canlı dühası, vüqarlı xan çinarıdır.

Samir Mustafa

Anarı Kəlbəcərdə görmək və Anarın Kəlbəcərə getmək arzusu...