Milli Mətbuat Günü intellektual cəmiyyət üçün əlamətdar bir gündür. Bu gün söz yaradıcılığının, fikir və düşüncə sənətkarlığının bayramıdır. Hələ milli mətbuatımızın yaranmasından əvvəl Azərbaycanın ictimai fikir tarixi min ildən çox dövrü əhatə edən böyük bir təkamül yolu keçib və söz yaradıcılığının misilsiz ənənələrini yaradıb. Dədə Qorqud qopuzunun sədasından doğub, Nizami, Nəsimi, Füzuli kimi söz dühalarının cilasından keçən və Mirzə Fətəli yaradıcılığında artıq milli ideyanın ifadəçisi səviyyəsinə yüksələn Azərbaycan sözü Həsən bəy Zərdabinin “Əkinçi”si timsalında “materiallaşdı” və milli mətbuatımızın ilk nümunəsini ərsəyə gətirdi.
KANAL32.az bu fikirləri AzərTac-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov söyləyib.
Rektor bildirib ki, milli mətbuatımızın yarandığı dövr tarix üçün də yeni bir dövr idi. Həmin dövrdən bu günümüzə uzanıb gələn yol söz və fikir tariximizin mübarizə, təkamül və qələbələr yoludur. İlk mətbu orqanımız “Əkinçi”nin işıq üzü görməsindən dərhal sonra bir-birinin ardınca açılan qəzetlərimiz ağır təzyiqlərlə üzləşərək qısa müddətdən sonra bağlanmalı olurdular. Buna baxmayaraq, “Əkinçi”, “Ziya”, “Kəşkül”, “Kaspi” kimi mətbu orqanlarımız ictimai-siyasi şüurun inkişafına əhəmiyyətli təkan verdilər, insanların yeni həyat idealları uğrunda mübarizəsinə yol aça bildilər. Həsən bəy Zərdabi, Səid və Cəlal Ünsizadələr, Seyid Əzim Şirvani, Sultan Məcid Qənizadə, Firidun bəy Köçərli, Məmməd Kəngərli kimi milli ideya daşıyıcılarımız milli mətbuatımızın məktəb və ənənəsini yaratmağa nail ola bildilər. XX əsrin əvvəllərində isə Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli və digər ziyalılarımız bu ənənəni davam etdirərək “Şərqi-Rus”, “Həyat”, “Açıq söz”, “Molla Nəsrəddin” və digər məşhur mətbu orqanlarımızı yaratmaqla artıq möhkəmlənməkdə olan milli şüuru dövlətçilik şüuruna yüksəldə bildilər. Mövcud olduğu qısa zaman kəsiyində “İnsanlara hürriyyət, Millətlərə istiqlal” bəyan etmiş ilk milli Cümhuriyyətimizdə milli mətbuatımız azadlıq coşqusu ilə yüksəldi, böyüdü və gənc dövlətdə sürətli quruculuq və yaradıcılıq marafonuna əvəzsiz töhfələr verdi.
Anar Eminov vurğulayıb ki, 1920-ci ildə müstəqilliyimizə son qoyan imperiya milli mətbuatımızın da müstəqilliyinə son qoydu. İmperiya nəzarəti altında yaranan yeni sovet mətbuatı isə yalnız bolşevik ideologiyasının imkan verdiyi özünəməxsus formatda mövcud ola bilərdi. Buna baxmayaraq, milli mətbuatımız mübarizə yolundan dönmədi. İctimai-siyasi hadisələrə obyektiv münasibət bildirməyin mümkün olmadığı ən çətin zamanlarda belə milli mətbuatımız öz səylərini əhalinin savadlanması, milli-mənəvi, mədəni dəyərlərimizin qorunması və ən başlıcası isə doğma ana dilimizin ədəbi dil kimi təkmilləşməsi işinə yönəltdi. 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası Həsən bəy Zərdabidən gələn keşməkeşli milli mətbuat yolunu yenidən işıqlandırdı və artıq onlarla deyil, yüzlərlə mətbu orqanı millətin azadlıq coşqusundan doğan əzmkarlıqla yeni cəmiyyət quruculuğuna qoşuldular.
Rektor qeyd edib ki, 1998-ci ilin avqustunda Ümummilli Lider Heydər Əliyevin mətbuat üzərində senzuranın ləğv olunması haqqında tarixi Fərmanı isə milli mətbuatımızı əbədi azadlığa qovuşdurdu, onun inkişaf yolunda intəhasız üfüqlər açdı. Ulu Öndər Heydər Əliyevin mətbuata özəl münasibəti, mətbuat nümayəndələrinə qarşı sonsuz səmimiyyəti və qayğıkeşliyi elan olunmuş müstəqilliyin hələ kifayət qədər möhkəmlənmədiyi bir dövrdə milli mətbuatımızı dövlət quruculuğu işlərinə töhfələr verməyə sövq edirdi. Bir tərəfdən də ölkədə hökm sürən müharibə şəraiti və digər tərəfdən, yaranmaqda olan yeni iqtisadi münasibətlər çərçivəsində maddi vəsait çatışmazlığı milli mətbuatımızın sərbəst inkişafını mümkünsüz edirdi. Cari istehsal fəaliyyəti üçün mətbu orqanlarının dövlət qurumlarına yaranmış külli miqdarda borcları çoxsaylı qəzet və jurnalları bağlanmaq təhlükəsi qarşısında qoymuşdu. Ən çətin zamanlarda milli mətbuatımıza xüsusi təəssübkeşliklə yanaşan Ulu Öndər Heydər Əliyev o zaman da milli mətbuata dövlət qayğısının unikal nümunəsini yaratdı. Dövlət başçısının bu borcların silinməsi haqqında Sərəncamı mətbu orqanlarına öz fəaliyyətini davam etdirmək üçün yeni və daha geniş fürsətlər yaratdı.
“Bugünkü dövrümüzdə isə Prezident İlham Əliyevin mətbuata münasibətdə sərgilədiyi səmimi dostluq münasibətləri milli mətbuatı və mətbuat nümayəndələrini dövlətçilik mənafeyi naminə ümummilli maraqlar ətrafında birləşməyə, xalqın mənafeyinə xidmət etməyə səfərbər etməkdədir. Bu gün Azərbaycan söz və fikir azadlığının tam bərqərar olduğu, hər bir vətəndaşın istənilən mətbuat orqanına maneəsiz çıxışının təmin olunduğu bir məkandır. Azərbaycanda dövlət-mətbuat-cəmiyyət üçbucağının elə bir konstruktiv konfiqurasiyası formalaşıb ki, bu qarşılıqlı münasibətlər sistemində Azərbaycanın müstəqilliyinin qorunması, xalqın mənafeyinin və milli maraqlarının müdafiə edilməsi bütün tərəflər üçün prioritet hesab olunur. Mövcud münasibətlər sistemi hər bir vətəndaşın fərdi maraqlarından, hüquq və vəzifələrindən başlayaraq dövlətin milli maraqlarına və vətəndaş qarşısında öhdəliklərinə qədər ictimai-siyasi həyatın bütün səviyyələrində qarşılıqlı etimadı özündə ehtiva edir. Məhz belə bir münasibətlər sistemi dövlət-cəmiyyət vəhdətinin təməlini təşkil edir. Dövlətlə xalq arasında hökm sürən vəhdət isə öz növbəsində Azərbaycanın müstəqilliyini əbədi, dönməz və sarsılmaz edən başlıca amildir. Azad cəmiyyət və güclü dövlət tandeminin doğurduğu bu vəhdətin daha da möhkəmlənməsində milli mətbuatımızın rolu həlledicidir. Bugünkü müasir jurnalist cəmiyyətin ən fəal, ən mübariz və ən vətənpərvər nümayəndəsidir. Bu gün qələm sahiblərinin yaradıcılığı, onların ölkədə və dünyada baş verən hadisələrə baxışı, çevik və obyektiv münasibəti yalnız milli mətbuatımızda deyil, beynəlxalq mətbuatda da özünə yer almaqdadır. Xarici ölkələrdə, xarici dillərdə dərc olunan dərgilərdə jurnalistlərimizin imzası millətimizin imzasıdır. Milli mətbuatımız dünya mətbuatının bir parçası kimi sürətli hərəkətlər trayektoriyasında öz izini açır. Bu gün belə bir məsuliyyətli fəaliyyətlə məşğul olmaq üçün sözünü vicdanla demək, millətin mənafeyinə və tərəqqisinə xidmət edən söz demək, demək istədiyini xalqa məhəbbətlə, dövlətə sədaqətlə, hər bir insana sevgi ilə demək hər bir qələm sahibinin mənəvi borcuna çevrilir. Bu milli mətbuatımızın yeni dövrə uyğun, xalqımızın və dövlətimizin tərəqqisi istiqamətində açılan geniş perspektivlərə hədəflənmiş yeni inkişaf mərhələsidir. Bu borcun öhdəsindən layiqincə gəlmək jurnalist peşəsini özünə həyat kredosu seçmiş insanlar üçün şərəf işidir. Bu şərəfli işdə – vətəndaş, xalq, dövlət və dünya qarşısında öz borcunu layiqincə yerinə yetirmək kimi məsuliyyətli missiyasında milli mətbuatımızın zəhmətkeşlərinə uğurlar arzulayıram!”, – deyə o qeyd edib.