“20 Yanvar Azərbaycanın suverenliyi, istiqlaliyyəti və suverenliyi uğrunda mübarizənin rəmzidir”
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Sosial və xüsusi fənlər kafedrasının təşkilatçılığı ilə 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş “20 Yanvar Azərbaycanın suverenliyi, istiqlaliyyəti və suverenliyi uğrunda mübarizənin rəmzidir” mövzusunda dəyirmi masa keçirilib.
İlk olaraq ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətəndaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra 20 yanvar hadisələrini əks etdirən videoçarx nümayiş olunub.
Filialın direktoru dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək qeyd etdi ki, 1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycanın tarixinə təkcə bir faciə günü kimi deyil, həm də xalqımızın istiqlaliyyət əzminin, sarsılmaz iradəsinin sübutu, dövlət müstəqilliyinin bərpa edilməsinə doğru aparan yol, milli qürur doğuran bir gün kimi həkk olunub. Ulu öndər Heydər Əliyev bəyan etmişdir: “20 Yanvar Azərbaycan xalqının milli azadlıq uğrunda, öz mənliyini müdafiə etmək yolunda göstərdiyi qəhrəmanlıq nümunəsidir”. Xalqımız həmin hadisələrdə şəhidlər versə də, igid Vətən övladlarının sarsılmaz iradəsindən, milli ruhun sarsılmazlığından, istiqlaliyyət əzmindən yoğrulmuş şanlı qəhrəmanlıq tarixi yaratdı. 20 Yanvar şəhidlərinin ruhu şaddır, çünki dövlət müstəqilliyimiz bu gün etibarlı əllərdə ildən-ilə daha da möhkəmlənir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu doğma torpaqlarımızı Ermənistanın işğalından azad edib, həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır, böyük quruculuq-yenidənqurma işləri ilə həyat yenidən canlanır. Ardınca tədbir mövzu ətrafında diskussiya formasında davam etdi.
Çıxış edənlər— Sosial və xüsusi fənlər kafedrasının dosenti Mayıl Alıcanov, Sübhan Talıblı, Zərifə Cavadova, Şasəddin Mikayılov, Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Vəsilə Razimi 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycanda xalqımızın iradəsini sındırmaq üçün törətdiyi qanlı terrordan ətraflı bəhs etdilər.
Vurğulandı ki, 20 Yanvar günü Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan bir gün kimi hər il qeyd edilir. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələri ağır silahlı texnika ilə Azərbaycana daxil olaraq dinc əhaliyə qarşı dəhşətli qətliam həyata keçirib. Nəticədə 147 insan amansızcasına qətlə yetirilib, 744 insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz olaraq həbs edilib. 20 Yanvarın Azərbaycanın müstəqilliyi yolunda ilk dönüş nöqtəsi olub.
44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə ilə Birinci Qarabağ müharibəsi, 44 günlük Vətən müharibəsi şəhidlərinin, eləcə də azadlıq yolunda canlarını qurban verən 20 Yanvar şəhidlərinin qisaslarının alınıb və artıq onların ruhları rahatlıq tapıb . Əldə etdiyimiz şanlı Zəfərə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, canlarından keçərək qanları ilə dastan yazan şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə minnətdar və borclu olduğumuz diqqətə çatdırılıb.
Tanrı şəhidlərimizə rəhmət eləsin!