ADNSU və MDU arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub-FOTOLAR

Yanvarın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq perspektivlərinə həsr olunmuş işgüzar görüş keçirilib.

Görüşdə tərəflər arasında mövcud əməkdaşlıq çərçivəsində bir sıra strateji istiqamətlər üzrə təkliflər müzakirə olunub. ADNSU-nun rektoru, dosent Rüfət Əzizovun, eləcə də universitetin prorektorları, dekanlar və struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə Mingəçevir Dövlət Universiteti Elm və innovasiya məsələləri üzrə prorektor Natəvan Namazovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Müzakirələrin əsas istiqamətlərindən biri 2026-cı ilin noyabr ayında keçirilməsi planlaşdırılan “Qlobal Rəqəmsallaşma və Süni İntellekt Ekosistemi: Mühəndislik və Tətbiqi Elmlərin Davamlı İnkişaf Strategiyaları” mövzusunda I Beynəlxalq elmi-praktiki konfrans əsasında akademik əməkdaşlığın qurulması olub. Görüşdə Konfransın yalnız elmi tədbir kimi deyil, uzunmüddətli akademik və tətbiqi əməkdaşlıq platformasına çevrilməsi məqsədi vurğulanıb. Bu çərçivədə süni intellekt, mühəndislik, enerji və rəqəmsal idarəetmə üzrə tematik işçi qruplarının yaradılması, mövzuların ilkin razılaşdırılması, eləcə də konfransdan sonra birgə elmi məqalələrin çap olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin ADNSU və MDU arasında kitabxana platformalarının birgə istifadəsi ilə bağlı təklif müzakirə edilib. Təklifə əsasən, elmi jurnal bazaları, açıq elmi repozitoriyalar və dissertasiya resurslarına koordinasiyalı giriş mexanizminin yaradılması, müəllim, doktorant və magistrlar üçün qarşılıqlı oxucu statusunun tətbiqi və rəqəmsal mənbələr üzrə vahid kataloqun formalaşdırılması imkanları nəzərdən keçirilib.

Digər mühüm müzakirə mövzusu ADNSU-nun laboratoriya infrastrukturunun MDU-nun əməkdaşları və tələbələri üçün uzaqdan (virtual) istifadəsi ilə bağlı olub. Real avadanlıqlara uzaqdan qoşulma və virtual eksperiment modullarının tətbiqi imkanları dəyərləndirilib.

Bununla yanaşı, ADNSU-nun İnformasiya texnologiyaları və idarəetmə fakültəsi (İTİF) ilə həmmüəllif kitab hazırlanması, İqtisadiyyat fakültələri arasında tədris planlarının eyniləşdirilməsi və müəllim mobilliyi mövzuları da gündəliyə daxil edilib.

Görüşün sonunda müzakirə olunan istiqamətlər üzrə praktiki addımların müəyyənləşdirilməsi və əməkdaşlığın mərhələli şəkildə davam etdirilməsi barədə konkret hədəflər müəyyən olunub.

ADNSU və MDU arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub-FOTOLAR