Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi olmuş layihə əsasında Milli Qəhrəman Natiq Qasımovun qəhrəmanlıq yolundan bəhs edən yeni sənədli filmin geniş ictimaiyyətə təqdimatı keçirilib.
Kanal32.az-a verilən məlumata görə,tədbirdə media nümayəndələri, qəhrəmanın ailə üzvləri, təhsil işçiləri və ictimaiyyət fəalları iştirak edərək, Natiq Qasımovun Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü naminə göstərdiyi misilsiz rəşadəti bir daha dərin ehtiramla anıblar.
Təqdimat mərasimi vətənpərvərlik ruhunda təşkil olunaraq milli yaddaşın qorunması, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və qəhrəmanlıq salnaməsinin yaşadılması ideyasını ön plana çıxarıb. Tədbir boyu çıxış edən qonaqlar filmin ictimai əhəmiyyətini, Natiq Qasımovun həyat yolunun gənclər üçün örnək dəyərini və bu cür ekran əsərlərinin dövlətçilik düşüncəsinin möhkəmləndirilməsindəki rolunu vurğulayıblar.
Tanınmış media nümayəndəsi, politoloq İnqilab Şirinli çıxışında qeyd edib ki, vətənpərvərlik mövzusunda çəkilən sənədli filmlər milli şüurun formalaşmasında mühüm vasitədir və bu kimi ekran əsərləri qəhrəmanların adını tarixdən silinməyə qoymur. O, Natiq Qasımov kimi şəxsiyyətlərin həyat yolunun cəmiyyətin bütün təbəqələrinə, xüsusən də gənc nəslə daha sistemli şəkildə çatdırılmasının vacibliyini diqqətə çatdırıb.
EL TV-nin redaktoru Elgiz Mahmud filmin bədii və sənədli dəyərinə toxunaraq bildirilib ki, ekran əsərinin inandırıcılığı tarixi faktların dürüst təqdimatı və şahid xatirələrinin dəqiq ifadəsi ilə ölçülür. O, filmin hazırlanmasında çəkiliş heyətinin gördüyü zəhmətin, arxiv materiallarının toplanmasının və vizual dilin qurulmasının böyük peşəkarlıq tələb etdiyini qeyd edib.
Milli Qəhrəmanın qardaşı Nofəl Qasımov ailə adından çıxış edərək Natiq Qasımovun xatirəsinə göstərilən diqqətə görə təşkilatçılara minnətdarlığını bildirib. O vurğulayıb ki, Natiqin Vətən sevgisi, döyüş meydanında nümayiş etdirdiyi iradə və ləyaqət ailəsi üçün yalnız qürur mənbəyi deyil, eyni zamanda bütün bir xalqın mənəvi dayağıdır. Nofəl Qasımov qəhrəmanın adının yaşadılmasının gələcək nəsillər üçün tarixi məsuliyyət olduğunu da qeyd edib.
Layihə rəhbəri Ayişə Hacıyeva çıxışında filmin ərsəyə gəlmə məqsədini açıqlayaraq, Natiq Qasımovun təkbaşına bir orduya qarşı apardığı mübarizənin dünya hərb tarixində xüsusi yeri olduğunu diqqətə çatdırıb. O bildirib ki, bu film yalnız bir insanın igidliyinin təsviri deyil, Azərbaycan xalqının azadlıq iradəsinin, dövlətçilik ruhunun və milli ləyaqətinin vizual ifadəsidir. Layihə rəhbəri filmin hazırlanmasında əsas hədəfin tarixi faktların toplanması və geniş auditoriyaya elmi-sənədli çərçivədə çatdırılması olduğunu vurğulayıb.
Layihənin koordinatoru Aynur Quliyeva filmin çəkiliş prosesi və təşkilati işlər barədə ətraflı məlumat verərək qeyd edib ki, layihənin icrası zamanı arxiv materiallarının toplanması, şahidlərin ifadələrinin dəqiqləşdirilməsi, mətn-ssenari xəttinin qurulması və montaj prosesi xüsusi diqqət tələb edib. O, filmin gələcəkdə daha geniş auditoriyaya, xüsusilə də beynəlxalq müstəviyə çıxarılmasının hədəfləndiyini bildirib və bu istiqamətdə əlavə təqdimatların keçirilməsinin planlaşdırıldığını qeyd edib.
Natiq Qasımov adına 4 saylı məktəbin direktor müavini Günel Nurəddinova çıxışında qəhrəmanın adını daşıyan məktəbdə şagirdlərin bu irsi necə fəxrlə daşıdıqlarını, təhsil ocağında aparılan tərbiyəvi işlərin məhz vətənpərvərlik, dövlətçilik dəyərləri və tarixi yaddaşın qorunması üzərində qurulduğunu diqqətə çatdırıb. O qeyd edib ki, belə ekran əsərləri məktəblərdə tərbiyəvi prosesin güclənməsinə və şagirdlərdə milli kimlik şüurunun formalaşmasına real təsir göstərir.
Qeyd edək ki, təqdimatı keçirilən sənədli film Natiq Qasımovun Qarabağ müharibəsi zamanı göstərdiyi igidliyi, düşmən mühasirəsində təkbaşına apardığı mübarizəni və əsir düşdüyü an belə əyilməz iradəsini nadir kadrlar və şahid xatirələri əsasında əks etdirir. Ekran əsəri Azərbaycanın hərb tarixinin şanlı səhifələrini vizuallaşdırmaqla yanaşı, gənc nəsildə qəhrəmanlıq ruhunu aşılamaq, milli şüuru möhkəmləndirmək və suverenlik düşüncəsini dərinləşdirmək məqsədi daşıyır.
Tədbirin sonunda film nümayiş olunub və iştirakçılar tərəfindən böyük maraq, duyğusal anlar və dərin ehtiramla qarşılanıb. İştirakçılar bu kimi layihələrin davamlı olmasının, qəhrəmanların həyat yolunun mütəmadi şəkildə sənədli şəkildə təqdim edilməsinin milli yaddaşın qorunması baxımından strateji əhəmiyyət kəsb etdiyini vurğulayıblar.