Beynəlxalq sistemdə baş verən dərin dəyişikliklər regional təşkilatların daha həlledici rol oynamasına yol açır. Beynəlxalq münasibətlərdəki son dəyişikliklər və onların yaratdığı dinamika dünyada müzakirə mövzusudur. Beynəlxalq sistemin getdikcə çoxqütblülüyə doğru inkişaf etdiyini və yeni bir dünya nizamının yarandığını iddia edənlərin sayı durmadan artır. Çoxqütblülüyə keçid prosesində ənənəvi böyük güclər ilə yüksələn güclər arasında bir növ yeni dinamik tarazlıq qurulur. Dövlətlər bir sıra siyasi, iqtisadi və hətta ideoloji səbəblərdən regional əməkdaşlıq təşkilatlarına qoşulmağa meyllidirlər. Bunlardan ən başlıcası qlobal təşkilatların regional problemlərin həllində effektiv ola bilməməsidir. Regional sabitliyi təmin etmək üçün yeni regional rolların axtarışı regional əməkdaşlıq və ya təhlükəsizlik təşkilatlarının yaradılmasına səbəb olur. SSRİ-nin dağılmasından sonra Asiyada qurulan ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) yeni nəsil regional əməkdaşlıq təşkilatı kimi diqqəti cəlb etmişdir. ŞƏT-in siyasi fəlsəfəsi “Şanxay ruhu” anlayışı ilə ifadə olunur. ŞƏT-in mənşəyi 1996-cı ildə Çin, Rusiya, Tacikistan, Qırğızıstan və Qazaxıstan tərəfindən yaradılan, əsasən təhlükəsizliyə yönəlmiş və regional təhlükəsizlik siyasətlərini uyğunlaşdırmağı hədəfləyən Şanxay Beşliyindən qaynaqlanır. 15 iyun 2001-ci ildə, Şanxay Beşliyinin beşinci ildönümündə, Çinin Şanxay şəhərində üzv ölkələr və Özbəkistan arasında Şanxay Əməkdaşlıq Təşkilatının Yaradılması Bəyannaməsi imzalanmışdır. Bu inkişaf yeni bir regional təhlükəsizlik təşkilatının yaranmasını elan etdi. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Yaranma tarixi: 15 iyun 2001-ci il. Şanxay Əməkdaşlıq Təşkilatı – ŞƏT ərazi, əhali və geosiyasi əhatə baxımından dünyanın ən böyük regional birliklərindən biridir. ŞƏT Asiya qitəsinin siyasi, iqtisadi transformasiyasında müstəsna mövqeyə malikdir. Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan təşkilatın təsisçi dövlətləridir. Dialoq üzrə tərəfdaş ölkələr: Azərbaycan, Türkiyə, Kamboca, Nepal, Ermənistan, Misir, Səudiyyə Ərəbistan, Qətər, Bahreyn, Maldiv Respublikası, Myanma, BƏƏ, Küveyt, Şri-Lanka və Laos.
Əsas məqsədi: mehriban qonşuluq və dostluq münasibətlərinin qurulması, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsi, ədalətli yeni beynəlxalq siyasi və iqtisadi quruluşun yaradılmasıdır. Şuranın iclasında ŞƏT-in üzvü olan ölkələr arasında ticarət-iqtisadi sahədə çoxtərəfli əməkdaşlıq, 2012-2016-cı illərdə ŞƏT çərçivəsində həyata keçiriləcək tədbirlər planı, təşkilatın 2013-cü il üçün büdcəsi, ŞƏT-in İnkişaf Fondu və İnkişaf Bankının yaradılması və digər məsələlər müzakirə olunmuşdur. ŞƏT-in təməli 1996-cı ildə Çin, Rusiya, Qırğızıstan, Tacikistan və Qazaxıstan tərəfindən sərhəd təhlükəsizliyi və silahsızlanma məqsədilə yaradılmış Şanxay Beşliyi ilə qoyulmuşdur.2001-ci ildə təşkilat hazırkı adını qəbul etdi və “terrorizm, separatizm və fundamentalizmlə mübarizəni” əsas məqsədi kimi müəyyən etdi. Özbəkistan həmin il tamhüquqlu üzv oldu. 25 il ərzində təşkilat dörd yeni üzv qəbul edərək hazırkı 10 üzvdən ibarət strukturuna çatdı. Nizamnaməsi 2002-ci ildə imzalanmışdır. Üzv dövlətlər: Rusiya, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan, Hindistan, Pakistan,Özbəkistan və Belarus; Müşahidəçilər: Əfqanistan, Monqolustan. ŞƏT Zirvə Görüşü təxminən bir həftə davam edəcək və bir tərəfdən vacib beynəlxalq məsələlərin müzakirəsi, digər tərəfdən isə ikitərəfli görüşlərin keçirilməsi üçün platforma olacaq. Təşkilatın təsis fəlsəfəsinin mərkəzində təşkilatın ədəbiyyatında Üç Şər kimi müəyyən edilən “terrorizm, separatizm və ekstremizm”ə qarşı ortaq mübarizə dayanırdı. Bu dövrdə ŞƏT özünü üzv dövlətlərin daxili sabitliyini təhlükə altına qoyan asimmetrik təhlükəsizlik təhdidlərinə qarşı kollektiv müdafiə mexanizmi kimi təqdim edirdi. Üzv ölkələrin ümumi əhalisi təxminən 3,5 milyarddır. Üzv ölkələrin coğrafiyası, ümumi əhalisi, təbii sərvətləri, nüvə və hərbi gücü nəzərə alınmaqla, ŞƏT dünyanın ən vacib və potensial olaraq əhəmiyyətli təşkilatlarından biridir. ŞƏT dünya əhalisinin böyük hissəsini və Avrasiyanın əsas siyasi-iqtisadi güc mərkəzlərini bir araya gətirir.
Strateji tərəfdaşlıq mərhələsindən müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan–Qırğızıstan münasibətləri özünün ən dinamik dövrünü yaşayır. İki ölkə arasındakı siyasi dialoqun yüksək səviyyədə olması birbaşa iqtisadi-ticari layihələrin, investisiyaların və nəqliyyat-logistika bağlarının genişlənməsinə təkan verir. Son illərdə dünyada baş verən sürətli siyasi proseslər və yeni iqtisadi-ticari tələbatlar isə Azərbaycanın ŞƏT-ə inteqrasiyasını dərinləşdirir. Şanxay Əməkdaşlıq Təşkilatı sammiti, Azərbaycanın Avrasiyada geoiqtisadi rolunu gücləndirir. Enerji təhlükəsizliyi kontekstində ŞƏT unikal beynəlxalq təşkilatdır. O, dünyanın ən böyük enerji və karbohidrogen istehsalçılarını (Rusiya, İran, Qazaxıstan) və dünyanın ən böyük enerji istehlakçılarını (Çin, Hindistan) eyni masa ətrafında bir araya gətirir. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 2001-ci ildə qurulduğu gündən bəri sürətli böyüməsi və təsirli bəyannamələr üçün platforma rolu sayəsində diqqəti cəlb edib.
Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri genişlənir. Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti Zirvə görüşü öz işinə başlayıb. Qırğızıstan Prezidenti Sadır Japarov sədrlik etdiyi beynəlxalq toplantı “ŞƏT-in 25 ili: davamlı sülh, inkişaf və rifah naminə birlikdə” şüarı altında keçirilir. Qurumun 26-cı Zirvə görüşündə, ümumilikdə, 17 dövlətin lideri və nümayəndə heyəti iştirak edir. Azərbaycan Respublikasının qurum mənsubları ilə əlaqələrinin inkişafı son dərəcə davamlı, məqsədyönlü, həm də strateji xarakter daşıyır. Azərbaycanın 2015-ci ildən ŞƏT-in dialoq tərəfdaşı statusu qazanması ölkəmizin təşkilatın siyasi, iqtisadi, nəqliyyat, enerji, təhlükəsizlik və humanitar gündəliyi ilə əlaqələrini genişləndirməsinə imkan vermidir. Azərbaycan praqmatizmə, milli maraqların üstünlüyünə, bərabərhüquqlu münasibətlərə və balanslaşdırılmış diplomatik xəttə söykənən ardıcıl xarici siyasət kursu nümayiş etdirir. Bu strateji yanaşmanın parlaq nümunələrindən biri Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bişkek səfəri tarixi əhəmiyyət daşıyır. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş iqtisadi siyasət ölkəmizin regionun aparıcı iqtisadi dövlətlərindən birinə çevrilməsini təmin edir.
s.e.f.d., dos. Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin dekanı