20 Yanvar faciəsinin ideoloji aspektləri-TƏHLİL

20 Yanvar faciəsinin ideoloji aspektləri: milli şüurun oyanışı və dövlətçilik konsepsiyasının formalaşması

  1990-cı il yanvarın 20-də işğalçı Sovet ordusunun Bakıya yeridilməsi və dinc əhaliyə qarşı törədilən qırğın Azərbaycan xalqının tarixi yaddaşında milli faciə olmaqla yanaşı, ideoloji dönüş nöqtəsi kimi xüsusi yer tutur. 20 Yanvar hadisələri təkcə hərbi-siyasi cinayət deyil, həm də sovet totalitar ideologiyasının iflasını, milli özünüdərk və müstəqil dövlətçilik ideyasının labüdlüyünü ortaya qoyan tarixi mərhələdir.

Sovet ideologiyasının ifşası və legitimlik böhranı

   20 Yanvar faciəsi sovet hakimiyyətinin “xalqlar dostluğu”, “proletar beynəlmiləlçiliyi” kimi ideoloji tezislərinin real həyatda tamamilə formal və saxta olduğunu nümayiş etdirdi. Dinc əhaliyə qarşı ağır hərbi texnikanın tətbiqi göstərdi ki:

-Sovet ideologiyası milli iradəyə qarşı zorakılıq üzərində qurulub;

-Mərkəz üçün respublikaların suveren hüquqları ideoloji dəyər daşımır;

-Sosialist sisteminin “ədalət” iddiası ideoloji mifdən başqa bir şey deyil.

Bu, sovet hakimiyyətinin Azərbaycan cəmiyyətində mənəvi-legitim əsaslarını tam itirməsi ilə nəticələndi.

Milli azadlıq ideyasının ideoloji yetkinləşməsi

 20 Yanvaradək müstəqillik ideyası daha çox emosional və etiraz xarakterli idi. Faciədən sonra isə bu ideya Şəhidlik anlayışı ilə ideoloji məzmun qazandı,Milli azadlıq düşüncəsi kollektiv şüura çevrildi,Mübarizə romantizmdən strateji məqsədə transformasiya olundu.Beləliklə, 20 Yanvar milli hərəkatın ideoloji baxımdan yetkin mərhələyə keçidini təmin etdi.

Şəhidlik ideologiyasının formalaşması

   20 Yanvar faciəsi Azərbaycan cəmiyyətində müasir şəhidlik ideologiyasının əsasını qoydu. Şəhidlər Milli azadlığın müqəddəs simvoluna çevrildi,Dövlətçilik uğrunda qurban anlayışını legitimləşdirdi və gələcək nəsillər üçün ideoloji-mənəvi örnək yaratdı.Bu aspekt 44 günlük Vətən müharibəsi dövründə və sonrasında da ideoloji ardıcıllıqla özünü göstərdi.

Milli birlik və kollektiv yaddaşın ideoloji konsolidasiyası

  20 Yanvar hadisələri Azərbaycan cəmiyyətində fərqli sosial təbəqələri, ideoloji baxışları və siyasi mövqeləri vahid milli mövqedə birləşdirdi. Bu baxımdan:

-Faciə milli yaddaşı konsolidasiya edən ideoloji hadisəyə çevrildi;

-“Biz və onlar” ayrımı formalaşdı: milli iradə – imperiya zorakılığı;

-Xalq–dövlət birliyinin ideoloji təməli qoyuldu.

Bütün bunların fonunda Milli birlik ideyası sonradan dövlət ideologiyasının əsas sütunlarından birinə çevirildi.

Hüquqi dövlət və suverenlik ideyasının güclənməsi

   20 Yanvar göstərdi ki, hüquq və təhlükəsizlik yalnız milli dövlət çərçivəsində təmin oluna bilər. Bu faciə Suverenlik ideyasını ideoloji zərurətə çevirdi, müstəqil hüquqi-siyasi institutların əhəmiyyətini ön plana çıxardı, eyni zamanda xarici hərbi-siyasi asılılığın təhlükəsini açıq şəkildə nümayiş etdirdi.Bu kpntekstdə müstəqil dövlətçilik ideyası yalnız emosional deyil, həm də rasional seçim kimi qəbul olundu.

Heydər Əliyevin siyasi mövqeyi və ideoloji təsiri

  20 Yanvar hadisələrinə Heydər Əliyevin Moskvada verdiyi sərt siyasi qiymət ideoloji baxımdan xüsusi əhəmiyyət daşıyır. Görkəmli siyasi xadim bu mövqeyi ilə faciəyə ilk açıq və prinsipial siyasi qiymət verdi, milli iradənin beynəlxalq müstəviyə çıxarılmasına zəmin yaratdı və dövlətçilik ideologiyasının gələcək konturlarını formalaşdırdı.Bu çıxış Azərbaycan xalqının ideoloji tənhalıq hissini aradan qaldırdı və siyasi liderlik fenomenini gücləndirdi.

   Nəticə etibarı ilə 20 Yanvar faciəsi Azərbaycan tarixində yalnız matəm günü deyil, milli ideologiyanın formalaşma mərhələsidir. Bu hadisə:

-Totalitar ideologiyanın iflasını,

-Milli azadlıq ideyasının yetkinləşməsini,

-Şəhidlik və dövlətçilik anlayışlarının ideoloji sintezini,

-Müstəqil Azərbaycan dövlətinin mənəvi-siyasi əsaslarını aydın şəkildə ortaya qoymuşdur.

Bir sözlə,20 Yanvar — milli yaddaşdan milli dövlətçiliyə gedən ideoloji yolun başlanğıcı kimi zəngin tariximizin şərəf səhifələrindən biridir.

Aygün Qasımova,

Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru, N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyinin doktorantı,YAP fəalı

 

20 Yanvar faciəsinin ideoloji aspektləri-TƏHLİL