Təkbaşına düşmənə meydan oxuyan şəhid Zahid Musayevin anım günüdür.
Zahid Daşqın oğlu Musayev 10 noyabr 1974-cü ildə Kəlbəcər rayonunun Mərcimək kəndində anadan olub. 1991- ci ildə Comərd kənd orta məktəbini bitirdikdən sonra doğma kəndinin müdafiəsində dayanan əsgərlərin sırasına qoşulub. Elə həmin il Mərcimək kəndində 6 nəfər rus kəşfiyyatçısının tərksilah olunması əməliyyatlarında iştirak edib. Füzuli, Kəlbəcər və Ağdam istiqamətində gedən döyüşlərdə dəfələrlə igidlik göstərir.
1996-cı il may ayının 18-dən 19-na keçən gecə Ağdam rayonunun Mirəşelli kəndində düşmənin kəşviyyat diversiya dəstəsinin hücumunu aşkarlayaraq, qeyri-bərabər döyüşə atılır. Düşmənin bir neçə canlı qüvvəsini məhv edir, dəstənin mövqelərimizə yaxın düşməsinə imkan vermir. Xain düşmənin atdığı əl qumbarasına tuş gəlsə də, yaralı Zahid sonacan vuruşaraq 17 düşmən diversantını təkbaşına döyüşdə məhv edir. Sonda kömək gəlməsinə baxmayaraq, aldığı yaralar onun həyatına son qoyur. Zahid Musayev şəhidlik zirvəsinə ucalır.
Ölümündən sonra 24 iyun 2005- ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Bərdə şəhəri Şəhidlər Xiyabanında dəfn edilib.
Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik. Ruhları şad olsun!
Samir Mustafa
Kanal32.az