150 yaşlı Milli mətbuatımız – “Heç olmaz ki, doğru söz yerdə qalsın”

Həsən bəy Zərdabinin 1875-ci ildə yaratdığı “Əkinçi” qəzetinın ilk sayının işıq üzü gördüyü gün − 22 İyul hazırda Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur. Bu il zəngin tarixi ənələrə malik Azərbaycan mətbuatının yaranmasının nə az, nə çox, düz 150 yaşı tamam olur.

“Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. Qəzetin fəaliyyəti Azərbaycanda maarifçiliyin əsasını möhkəmləndirmiş, yeni qələm sahiblərinin − təfəkkürlü ziyalıların, neçə-neçə jurnalist nəslinin yetişməsində böyük tarixi xidmətlər göstərmişdir. “Əkinçi”, eyni zamanda, qabaqçıl ideyaların carçısı olmuş, qadın azadlığı və qadın təhsili məsələlərini təbliğ etmiş, dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar etmiş, dövrün, zamanın, ictimai-siyasi həyatın güzgüsünə çevrilmişdir. Ən əsası da bütün bu ictimai azadlıq ideyaları milli dilimizdə − Azərbaycan dilində reallaşdırılmışdır. 1877-ci ilin sentyabrın 29-a qədər qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. Çar Rusiyası qəzetin insanların maariflənməsindəki, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və qəzetin nəşrini dayandırdı.

Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması ilə “Əkinçi” özündən sonra bir sıra mətbu nəşrlərə cığır açmışdır. Sonrakı dövrlərdə Azərbaycan ziyalılarının fəal iştirakı ilə nəşr olunan “Ziya”, “Kəşkül”, “Kaspi”, “Şərqi-rus”, “Həyat”, “Füyuzat”, “Təzə həyat”, “Şəlalə”, “Açıq söz”, “Dirilik” kimi qəzet və jurnalların da mətbuatımızın inkişafında böyük rolu olmuşdur. “Şərqi-Rus”da çalışdığı müddətdə peşəkar jurnalist kimi yetişən Cəlil Məmmədquluzadə 1906-cı il aprel ayının 7-də Tiflisdə işıq üzü görən “Molla Nəsrəddin” jurnalı ilə milli mətbuatın inkişafında əlamətdar hadisəyə imza atmış və adını Azərbaycam mətbuat tarixinə qızıl hərflərlə yazmışdır. Bütün təqib və təzyiqlərə baxmayaraq, 25 il müddətində fəaliyyət göstərən jurnalın nəşri müddətində formalaşan “Mollanəsrəddinçilik” ictimai-ədəbi hərəkatı Azərbaycan mətbuatının sonrakı inkişafına da böyük təsir göstərmişdir.

Sovet hakimiyyəti dövründə Azərbaycan mətbuatı sosialist realizmi prinsipləri əsasında fəaliyyət göstərsə də, inkişafını davam etdirmişdir. İdeoloji buxovların mövcudluğuna baxmayaraq, mətbuat orqanlarının milli özünüdərkin formalaşmasında böyük rolu olmuşdur.

Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra respublikada yeni qəzet və jurnallar çap olunmağa başlamışdır. Bu nəşrlər özünün yeniləşmə və dirçəliş cizgiləri ilə əvvəlki nəşrlərdən kəskin şəkildə fərqlənmişlər. İnformasiya məkanının genişlənməsi ilə müasir KİV sisteminin aparıcı qolunu təşkil edən müstəqil radio və televiziya kanalları yaranmış, bu dövr, həmçinin müstəqil informasiya agentliklərinin, internet informasiya portallarının yaranması və strukturlaşması dövrü kimi xarakterizə olunur.

Ümummili lider Heydər Əliyevin hakimiyyyətə gəlişindən sonra onun siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, 6 avqust 1998-ci il tarixli Fərmanı ilə senzura ləğv edildi, qəzet və jurnalların sayı, dövriyyəsi artdı, onun fəaliyyətini tənzimləyən qanunvericilik bazası formalaşdırıldı, maddi-texniki bazası möhkəmləndirildi.

Mətbuata münasibətdə Heydər Əliyev siyasəti və ənənələri möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası kimi mühüm bir sənədin təsdiqindən sonra milli mətbuatın müstəqilliyinin dəstəklənməsi, redaksiyalara yardım mexanizminin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, cəmiyyət və mətbuat arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, sosial təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərə başlanılmışdır.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazandığımız qalibiyyət medianın inkişafına impuls vermiş, yeni mərhələnin başlanmasını şərtləndirmişdir. Prezident İlham Əliyevin 44 gün ərzində və müharibədən sonra dünyanın media orqanlarına verdiyi çoxsaylı müsahibələrdə səsləndirdiyi prinsipial mövqe jurnalistlərimizi həm qətiyyətləndirmiş, həm də dövlətimizin başçısının irəli sürdüyü tezislər onları xaricdən edilən informasiya təxribatlarına qarşı mübarizənin müsəlləh əsgərinə çevirmişdir. Vətən müharibəsindən az sonra Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı özündə köklü dəyişiklikləri əks etdirməklə qarşımıza yeni və daha məsuliyyətli vəzifələr qoymuşdur. Fərmandan irəli gələn yeniliklər Azərbaycan mediasının şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılmasına şərait yaratmış, modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi kimi qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinin, innovativ yanaşmaların tətbiqinə təkan vermişdir.

Bu gün dövlət qurumları söz və mətbuat azadlığına, jurnalistlərin informasiya almaq hüququna hörmətlə yanaşır, kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq edir. İctimai-siyasi işin təşkilində informasiya agentliklərinin, digər kütləvi informsiya vasitələrinin imkanlarından səmərəli istifadə olunur, aktual məsələlərin, sosial-iqtisadi inkişafda əldə olunan uğurlar operativ işıqlandırılır və geniş ictimaiyyətə çatdırılır.

22 iyul Milli Mətbuat Günü hər il dövlət səviyyəsində xüsusilə qeyd olunur, ölkə başçısı əlamətdar gün münasibətilə media nümayəndələri ilə görüş keçirir, onları təbrik edib, yaradıcılıq uğurları arzulayır. Görüşlərdə mətbuatın hazırki vəziyyəti, bu sahənin inkişafı istiqamətində görülən işlər, mövcud problemlər və informasiya mübadiləsi məsələləri müzakirə olunur.

Prezident İlham Əliyevin 25 aprel 2024-cil tarixli Sərəncamı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinin ölkəmizdə geniş şəkildə qeyd olunması ilə bağlı verdiyi sərəncam dövlət səviyyəsində Azərbaycan mediasına verilən yüksək dəyərin və jurnalistika sahəsində çalışanlara göstərilən hörmətin açıq təzahürüdür.

Milli Mətbuat Günü, həmçinin, jurnalistlərin və media nümayəndələrinin peşə bayramıdır. Əziz jurnalistlər, sizi bir daha bu əlamətdar gün münasibətilə təbrik edir, işinizdə obyektivlik, prinsipiallıq, yüksək peşəkarlıq və əsl vətəndaşlıq mövqeyi arzulayırıq.

Müəllif: Samirə Bürcəliqızı