Sentyabrın 16-da ölkəmizin hər yerində olduğu kimi Mingəçevir şəhərində də 2024-2025-ci tədris ilinə start verilib.
Kanal32.az-ın məlumatına görə “Bilik Günü” münasibəti ilə 13 nömrəli tam orta məktəbdə keçirilən ilk zəng mərasimində məktəbə ilk dəfə qədəm qoyan birincilər, digər şagirdlər, valideynlər, müəllimlər və ictimaiyyət nümayəndələri, qonaqlar iştirak ediblər.
Tədbir öncəsi meydana Azərbaycan Respublikasının Dövlət Bayrağı gətirilib. Birincilər iştirakçıların alqışları altında mərasimə qatılıblar. Torpaqlarımızın azad olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Məktəbin direktoru Daşqın İbrahimov təhsil ocağının uğurlarından söhbət açaraq bildirib ki, 2023-2024-cü tədris ilində məktəbi başa vuran 51 şagirddən 22-si müxtəlif ali məktəblərə daxil olub. 2020-ci ildə Azərbaycanın Birinci vitse Prezidenti Mehriban xanım Əliyevanın təşəbbvüsü ilə Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana Yeni Məktəb” layihəsi çərçivəsində inşa olunaraq müəllim və şagirdlərin istifadəsinə verilən təhsil ocağının hər cür texniki avadanlıqlarla təchiz olunmasının təhsilin keyfiyyətinin artırılmasına imkan yaratdığını bildirib.
Çıxş edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bu ilki “Bilik Günü”nün müstəsna əhəmiyyətli olduğunu bildirdi. Qeyd etdi ki, 30 ildən sonra ilk dəfə olaraq azad olunan torpaqlarımızda 8-ə yaxın orta məktəbdə ilk zang çalınır, Qarabağ Universiteti fəaliyyətə başlayıb. Bütün bunlar dövlətimizin başçısı cənab İlham Əliyevin təhsilimizə, uşaq və gənclərin inkişafına, ləyaqətli, vətənpərvər vətəndaş kimi yetişməsi üçün göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir. Birinciləri, onların valideynlərini, həmçinin bütün şagirdləri, müəllimləri, bu məktəbin timsalında Mingəçevir məktəblərinin kollektivlərini yeni tədris linin başlanması münasibəti ilə təbrik edən şəhər rəhbəri onlara yeni-yeni nailiyətlər arzulayıb.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir sektorunun müdiri Sevinc Həsənova yeni dərs ilinin başlanması münasibəti ilə təbriklərini çatdıraraq bildirdi ki, bu il Mingəçevir məktəblərində 16650 şagird, o cümlədən 1335 birinci sinif şagirdi 712 sinifdə təhsil alacaq. Ötən illərin uğurlarına baxanda əminliklə demək olar ki, yeni tədris ili də nailiyyətlərimizlə zəngin olacaq.
Vətən müharibəsi şəhidi Ülvi Qulamlının anası İradə Qulamova çıxış edərək təbriklərini çatdırdı. Birincilərin, digər şagirdlərin təqdim etdiyi kompozisiya və mahnı çələngi, şeirlər alğışlarla qarşılandı.
Tədbirin sonunda birincilər ilk zəngi çaldılar, şagirdlər sinif otaqlarına daxil olublar.
Qeyd edək ki, bu il məktəblərimizdə ilk dərs Yaşıl Dünya Naminə Həmrəylik mövzusuna həsr olunub.