“100 ilə – 100 şeirlə” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib-FOTOLAR

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunan “100 ilə – 100 şeirlə” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Dekabrın 13-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı və Mingəçevir Dövlət Dram Teatrının dəstəyi ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunan “100 ilə – 100 şeirlə” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Mingəçevir Dövlət Dram Teatrında təşkil olunan tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin müdiri Aydın Bəşirov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Mingəçevir şəhər hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil idarəsinin struktur bölmə rəhbərləri, təhsil işçiləri, Vətən müharibəsi veteranları, ümumi təhsil müəssisələrinin direktorları və şagirdlər iştirak edib.

Tədbirdən öncə qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra qonaqlar ümummilli lider Heydər Əliyevə həsr olunmuş rəsm sərgisi ilə tanış olublar və tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ulu öndər Heydər Əliyevin, vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözləri ilə açan Mingəçevir Dövlət Dram Teatrının direktoru İntiqam Soltan qalib olan şagirdləri təbrik edərək bu müsabiqənin əhəmiyyətini, gənclərin bilik və bacarıqlarının artırılmasına töhfə verdiyini qeyd edib. Çıxış edən təhsil idarəsinin müdiri Elçin Kərimov ümummilli lider Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixində dərin iz buraxan siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətinin gənc nəslə aşılanmasında bu kimi müsabiqələrin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Daha sonra qalib olan şagirdləri təbrik edərək onlara uğurlar arzulayıb.

Həmçinin İntiqam Solatan layihənin müəllifi,Mingeçəvir Dövlət Dram Teatrının prodüseri Gülnar  İsmayılovaya təşkilatçlıq işlərində çəkdiyi əziyyətdən dolayı ona minnətdarlığını bildirib.

Mərasimdə I yerə layiq görülmüş Mingəçevir şəhər S.Vurğun adına 16 nömrəli tam orta məktəbin IX sinif şagirdi Zeynəb Şükürova qalib olduğu şeiri səsləndirib.

Daha sonra müsabiqə qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim edilib. “100 ilə – 100 şeirlə” müsabiqəsinin nəticələrinə əsasən, 1 nəfər I yerə, 2 nəfər II yerə, 3 nəfər III yerə və 4 nəfər isə həvəsləndirici yerə layiq görülərək diplomla təltif olunub.

Qeyd edək ki, müsabiqə rayon (şəhər) və final mərhələsi olmaqla 2 mərhələdə təşkil olunub. Ümumilikdə 450 nəfər şagirdin iştirak etdiyi müsabiqənin keçirilməsində məqsəd müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi və istedadlı ilə fərqlənən şagirdlərin aşkara çıxarılmasından ibarətdir.

 

 

 

Esmira Hidayətova,

Mingəçevir