Cənab Rəcəb Tayyib Ərdoğan verdiyi sözü tutan liderdir. Azərbaycana səfir təyin edilmədən öncə, 2005-2008-ci illərdə Türkiyə baş nazirinin Protokol xidmətinin rəisi vəzifəsini yerinə yetirərəkən bunun dəfələrlə şahidi olmuşam. Füzuli Hava Limanının inşası 9 ay kimi kiçik zaman içərisində gerçəkləşdirilir və bu yaxınlarda açılış mərasimi keçiriləcək. Belə layihələrin həyata keçirilməsi hər zaman xüsusi çətinliyi ilə seçilib. Füzuli Beynəlxalq Hava Limanının inşasını mürəkkəbləşdirən digər faktor isə onun işğaldan azad edilmiş ərazidə tikilməsidir.
Bunu Axar.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç deyib.
Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı çox böyük tarixi hadisədir:
“9 ay boyunca cənab İlham Əliyev özü şəxsən bu hava limanının inşasına nəzarət edib. Füzuli Beynəlxalq Hava Limanının açılışına cənab Rəcəb Tayyib Ərdoğanın da gəlməsi böyük bir hadisə olacaq və haqqın, tarixi ədalətin yenidən bərqərar edildiyini bütün dünyaya göstərəcək. Eyni zamanda bu möhtəşəm hadisə hava limanının tikintisində birgə çalışan Azərbaycan və Türkiyə şirkətlərinin sahib olduğu potensialın güclü örnəyi olacaq”.
Sabiq səfir Rəcəb Tayyib Ərdoğanın İlham Əliyevlə birlikdə açılışda iştirakının 15 iyun Şuşa səfərindəki kimi beynəlxalq ictimaiyyətə güclü mesaj olacağını bildirib:
“Türkiyə və Azərbaycanın dövlət başçılarının buradakı açılış mərasimində birgə iştirak etmələri, iyun ayın Şuşa səfərində olduğu kimi, bütün dünyaya böyük mesaj verəcək və dostluğumuzu, qardaşlığımızı bir daha nümayiş etdirəcək. Türkiyə və Azərbaycanın işğaldan azad edilən torpaqlarda meqalayihələr həyata keçirməyə başlaması Qarabağda əldə etdiyimiz növbəti zəfərdir və bu, hər iki ölkəni ürəkdən sevindirir”.
Kılıç bunun həm region ölkələrinə, xüsusilə Ermənistana da vacib bir mesaj olduğunu vurğulayıb:
“Burada bölgə ölkələri, xüsusən də Ermənistan üçün güclü mesaj var. Türkiyə və Azərbaycan bölgədə sülhün və sabitliyin bərqərar olmasını istəyir, addımlarını da bu istiqamətdə atır. Qarabağda aparılan yenidənqurma işləri və Füzuli Beynəlxalq Hava Limanı bunun ən bariz nümunəsidir. Ermənistan dövləti və cəmiyyəti bundan dərs çıxarmalıdır. Əgər revanşizm xəyallarından əl çəkib ədalətli bir sülh müqaviləsinin imzalanmasına razı olsalar, onlar da bölgədə yaranan yeni imkanlardan faydalana biləcəklər. Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısı olacaq, yaxın gələcəkdə buraya turistlər axın edəcək və iqtisadi canlanmadan hər kəs fayda götürəcək. 30 ilə yaxın bir müddətdə öz yurd-yuvasının həsrəti ilə yaşayan qaçqın və məcburi köçkün olan soydaşlarımız da evlərinə qayıtdıqdan sonra Qarabağ bölgəsi dünyanın iqtisadi mərkəzlərindən birinə çevriləcək”.
Diplomat Türkiyə və Azərbaycanın bu uğurlarına qısqanclıqla yanaşanların da olduğunu qeyd edib:
“Türkiyə və Azərbaycanın bu uğurları dostlarımızı sevindirir, düşmənləri isə kədərləndirir. Ortada illərdir davam edən haqsızlıq və ədalətsizlik var idi. Azərbaycan da Türkiyənin siyasi və mənəvi dəstəyi ilə öz torpaqlarını işğaldan azad edərək tarixi ədaləti bərpa etdi. Bizim inkişafımıza maneə törədənlər hər zaman olacaq, bu, təbiidir. Ancaq birliyimiz, qardaşlığımızla bu əngəlləri dəf edərək gələcəyə birlikdə irəliləyəcəyik. Qarabağda artıq işğal bitib, bundan sonra inkişaf və çiçəklənmə dövrü başlayacaq. Qarabağ şəhid qanları ilə suvarılan müqəddəs Vətən torpağıdır”.
http://moderator.az/