Əlcəzairin rəsmi APS agentliyi, “Əxbar əl Yom”, “Şuruq”, “Əl Hərir”, Misirin “Yom7”, “Mobtada”, “Dar Əl Marif” və digər mətbu orqanlarında “Prezident İlham Əliyev Əlcəzairin xarici işlər naziri ilə görüşündə Qoşulmama Hərəkatı çərçivəsində dünyada qütbləşməni azaltmaq səylərini gücləndirməyə çağırıb” sərlövhəli yazı dərc olunub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri Ramtan Lamamranı qəbul etməsi barədə dərc olunan materiallarda Əlcəzair Prezidenti Abdelməcid Tebbunun Azərbaycanda gedən inkişaf proseslərini və Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına çox uğurlu rəhbərliyini böyük maraqla izlədiyi qeyd olunub. Xəbərlərdə diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti Əlcəzairin Qoşulmama Hərəkatı çərçivəsində ölkəmizin irəli sürdüyü təşəbbüslərə, eləcə də Azərbaycanın təşkilata sədrlik müddətinin uzadılması ilə bağlı qərara verdiyi dəstəyi yüksək qiymətləndirib, həmçinin OPEC+ formatında da iki dost ölkə arasında uğurlu əməkdaşlığın olduğunu vurğulayıb.