Əlcəzair qəzetində Nizami Gəncəviyə həsr olunmuş məqalə dərc olunub

Əlcəzairin “əl-Şuruq” qəzetində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş geniş məqalə dərc edilib.

Azərbaycanın Əlcəzairdəki müvəqqəti işlər vəkili Rəfail Bağırovun müəllifi olduğu məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edildiyi, dahi şairin 880 illik yubileyi ilə əlaqədar ölkəmizdə və onun hüdudlarından kənarda müxtəlif tədbirlər keçirildiyi diqqətə çatdırılıb. Müəllif qeyd edib ki, Bakıda “Nizami Gəncəvi” həftəliyinin keçirilməsi nəzərdə tutulur.

Məqalədə dahi şairin yaradıcılığı, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti haqqında ətraflı məlumat verilir. Müəllif vurğulayır ki, bu mərkəzin məqsədi mədəniyyətlər və xalqlar arasında dialoq qurulması, funksional və inklüziv cəmiyyətin formalaşmasına töhfə verilməsidir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə