Əlcəzair qəzetində diplomatımızın Zəfər Gününə həsr olunmuş məqaləsi dərc edilib

Qahirə, 8 noyabr, AZƏRTAC

Əlcəzairin “Əl Şuruğ” qəzetində Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Rəfail Bağırovun 8 Noyabr – Zəfər Gününə həsr olunmuş məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, “Azərbaycanın Zəfər Günü. Yeni quruculuq erası başlayır” sərlövhəli məqalədə şanlı Ordumuzun cəbhədə düşmənə qalib gəldiyi bir vaxtda Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı müharibə cinayətləri törətdiyi, şəhərlərimizi ballistik raketlər, fosforlu və kaset bombalarla atəşə tutduğu, 100-ə yaxın mülki şəxsin, o cümlədən qadın və uşaqların qətlə yetirildiyi, 400-dən artıq insanın yaralandığı, 5 mindən çox evin dağıldığı və zərər gördüyü qeyd olunub. Müəllif diqqətə çatdırıb ki, 44 günlük müharibədə yaralanan əsgərlərimiz də tezliklə cəbhəyə dönməyə can atıb, Orduda yüksək ruh yüksəkliyi düşmən üzərində Qələbəni təmin edib. Azərbaycan xalqı tarixi missiyasını yerinə yetirərək birlik, möhkəm iradə və vətənpərvərlik nümayiş etdirib. Noyabrın 10-da imzalanmış Bəyanatla Ermənistan kapitulyasiya edib və daha 3 rayonu – Ağdam, Kəlbəcər və Laçını döyüşsüz qaytarmağa məcbur olub. Beləliklə, Azərbaycan həm döyüş meydanında, həm də siyasi-diplomatik arenada Qələbə qazanıb.

Məqalədə vurğulanıb ki, 44 günlük müharibə Azərbaycanın şanlı tarixidir. Azərbaycan Ordusu düşmənin 30 il ərzində qurduğu istehkamları darmadağın edib, böyük qəhrəmanlıq nümayiş etdirərək ölkəmizin ərazi bütövlüyünü təmin edib. Şanlı müharibə qədim Şuşanın işğaldan azad edilməsi ilə başa çatıb.

R.Bağırov qeyd edib ki, Qələbədən sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlayıb. Mənfur düşmən bu torpaqlarda bütün tikililəri, infrastruktur obyektlərini, tarixi mədəniyyət abidələri və məscidləri dağıdıb, şəhərləri və kəndləri viran qoyub. Bu dağıntılar barədə videomateriallar beynəlxalq ictimaiyyətə təqdim edilib. Azərbaycan xalqı onların hamısını bərpa etmək əzmindədir.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə