Əlcəzairin “Əl Hərir” informasiya portalı “İşıq festivalı. Nizami Gəncəvi” audiovizual festivalının açılışı haqqında AZƏRTAC-ın xəbərini və fotoşəkillərini yayımlayıb.
Ərəbdilli oxuculara məlumat verilib ki, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi çərçivəsində onun əsərlərinə həsr olunmuş miniatürlər əsasında 3D audiovizual proyeksiya formatında audiovizual festivalının açılışında Azərbaycan Mədəniyyət Nazirliyinin rəhbərliyi, diplomatik korpus nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd olunub ki, tədbirin təşkilindən məqsəd xarici ölkələrin məşhur kitabxana, muzey və arxivlərində, o cümlədən Rusiya Milli Kitabxanası, Topqapı Saray Muzeyi Kitabxanası, Kembric Universiteti Fitzuilyam Muzeyi, Harvard İncəsənət Muzeyində qorunub saxlanılan “Xəmsə” motivli miniatürlər vasitəsilə öz zənginliyi, fəlsəfi məna dərinliyi ilə dünya ədəbiyyatında əhəmiyyətli yerə malik, ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik Nizami yaradıcılığını vizual təsvirlərdə əks etdirərək dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
Xəbərin sonunda qeyd edilib ki, tədbir iştirakçıları xronometrajı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fasadında “Xəmsə”nin motivləri üzrə çəkilmiş audiovizual görüntüyə baxıblar.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə