Ali qanunumuz hər bir vətəndaşın dini etiqad azadlığını tanıyır

Müasir dövrdə dini radikalizm və ekstremizm bütün dünyanı narahat edən, bəşəriyyət üçün olduqca təhlükəli qlobal problemlərdən birinə çevrilmişdir. Şübhəsizdir ki, yaxın coğrafiyamızda, xüsusilə də Yaxın Şərq regionunda dini radikalizm və dini ekstremizm meyillərinin güclənməsi ölkəmiz və cəmiyyətimiz üçün də ciddi təhdid və təhlükə mənbəyinə çevrilmişdir. Təsadüfi deyildir ki, son dövrlərdə bu problemin həlli istiqamətində dövlət və ictimai qurumlar tərəfindən müvafiq tədbirlər görülmüş, maarifləndirmə işləri əhəmiyyətli dərəcədə gücləndirilmiş və bu məsələ ölkə ictimaiyyəti arasında geniş müzakirə obyektinə çevrilmişdir.

Təqdirəlayiq haldır ki, bu cür tədbirlərin miqyası ölkəmizin bütün regionlarını, cəmiyyətin bütün sosial qruplarını əhatə edir. Təbii ki, ölkəmizdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və onun bölgə üzrə şöbələri bu proseslərdən kənarda qalmır, əksinə, bu tədbirlərə və müzakirələrə ən fəal surətdə qoşularaq dini radikalizmə və dini ekstremizmə qarşı mübarizədə ümummilli birliyin daha da gücləndirilməsinə öz layiqli töhfələrini verirlər.

Azərbaycan islam ölkəsidir, eyni zamanda dünyəvi dövlətdir. Konstitusiyamıza əsasən, din dövlətdən ayrıdır. Yəni dövlət idarəçiliyi və qanunvericiliyi dini prinsiplərə əsaslanmır. Amma bu dövlətin dinə qarşı olduğu anlamına da gəlmir. Əksinə, beynəlxalq hüquq normalarına söykənən ali qanunvericilik sistemimiz millətindən asılı olmayaraq, hər bir vətəndaşın dini etiqad azadlığını tanıyır. Qanunla hər kəsə öz iradəsiylə istədiyi dini seçməyə və azad şəkildə ibadət etməyə icazə verilir. Lakin diqqətə alınmalı mühüm məqamlar da var. Belə ki, ölkəmizdə dini ayrı-seçkiliyi, radikalizmi və s. təbliğ edən dini icmaların və cərəyanların fəaliyyəti qadağandır. Azərbaycan dövlətinin yürütdüyü dini siyasəti beynəlxalq ictimaiyyət müsbət qarşılayır, digər dövlətlərə model kimi tövsiyə edir. Bu da sübut edir ki, ölkə rəhbərliyinin müəyyənləşdirdiyi dövlət-din münasibətlərini tənzimləmə üsulu özünü tam doğruldur. Bunu dini əqidəsindən asılı olmayaraq, bütün vətəndaşlarımız gündəlik həyatlarında da hiss edirlər.

Hər zaman olduğu kimi bu gün də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin fəaliyyəti dövlətimizin müdrik siyasətinə uyğun şəkildə həyata keçirilir. Mütamadi olaraq Yevlax bölgəsi üzrə şöbəsi tərəfindən aidiyyəti üzrə bölgədə din xadimləri, din xadimi olmaq istəyən şəxslər və dini icmanın üzvləri ilə maarifləndirici görüşlər keçirilir. Bununla yanaşı rayonda fəaliyyət göstərən əlaqədar qurumlarla birgə dindarların, kənd sakinlərinin və gənclərin iştirakı ilə “Ənənəvi İslam və dindarların radikal təsirlərdən qorunması”, “Dindarlar və onların milli-mənəvi dəyərlərimizin inkişafında rolu”, “Dini radikalizmə və yad təsirlərə qarşı milli-mənəvi dəyərlərimizin rolu” və bu qəbildən olan digər mövzularda tədbirlər keçirilir, həmin istiqamətdə maarifləndirici addımlar atılır.

Fəaliyyətimizin prioritet istiqaməti ondan ibarətdir ki, bizim gənclərimiz məhz həqiqi islami dəyərlərə hörmət və vətənpərvərlik ruhunda yetişməli, müstəqil və güclü dövlətimizə layiqli vətəndaş olmalıdırlar. Necə ki, 44 günlük Vətən müharibəsində xalqımız müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında Dəmir Yumurq kimi sıx birləşib erməni təcavüzkarlarını məhv etmişdisə, gələcəkdə də Azərbaycan gəncliyi məhz vətənpərvərlik ruhunda yetişməli, bilikli, xalqına və dövlətinə sadiq olmalı və hər zaman ölkəmizin maraqları naminə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.

 

Natiq Əfəndiyev,

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax şöbəsinin müdiri