“Ailələrə Sosial Dayaq” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinın maliyyə dəstəyi ilə Mingəçevirdə yaşayan Şəhid və Qazi övladlarının psixoloji, sosial və mənəvi problemlerinin həllinə dəstək adlı layihəyə start verib.
Kanal32.az-a verilən məlumta görə, layihənin əsas məqsədi Mingəçevirdə yaşayan şəhid və qazi övladları ilə tədbirlər təşkili, onların asudə vaxtlarının daha səmərəli keçirmələri, sosiallaşmaları üçün onlara yardımçı olmaq, onların mövcud psixoloji ,sosial və mənəvi problemlerinin araşdırılması və müvafiq dəstəklərin göstərilməsi ilə bağlıdır. Layihə çərçivəsində növbəti “Vətənpərvərəm” adlı tədbir təşkil olunub.
İlk olaraq layihə rəhbəri Leyla Əmiraslanova tədbir iştirakçılarını salamlayıb və layihə haqqında qısa məlumat verib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış üçün söz Qazilərə verilib. Onlar da öz növbələrində vətənə olan sevgilərindən söz açıb, gələcək nəslin vətənpərvər ruhda böyümələri üçün bu cür layihələrin vacibliyini qeyd ediblər.Tədbirin gedişatına uyğun olaraq Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin “Xarıbülbül” ansanblı möhtəşəm musiqi proqramı ilə çıxış ediblər. Göstərdikləri xüsusi fəallığa görə ansanblın bədii rəhbəri Amil Həsənov və qrupun digər üzvləri sertifikatla təltif olunublar.
Layihə iştirakçıları Şəhid və Qazi övladları da Vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar oxuyublar. Sonda xatirə fotosu çəkilib.