Şərqşünas Həşim Məmmədov
Siyasi şərhçi Turan Rzayev
44 günlük vətən müharibəsi sonrası imzalanan 10 noyabr bəyanatı və bu bəyənata Azərbaycan Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəxsi təşəbbüsü ilə salınan 9-cu bənd, yəni Zəngəzur dəhlizinin əhəmiyyəti hər keçən gün bir az daha artmaqdadır. Zəngəzur dəhlizi yeni dünya nizamında olduqca əhəmiyyətli bir yerə sahibdir. Qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizi 27 illik Ermənistan-Azərbaycan danışıqlar prosesinin müzakirə mövzusu olmayıb. 10 noyabr bəyanatına ölkə başçısı Prezident İlham Əliyevin uzaqgörən siyasəti və şəxsi təşəbbüsü ilə salınıb.
Azərbaycan Prezidenti bu dəhlizin əhəmiyyətini, regional və qlobal perspektivini əvvəldən düzgün hesablayıb. Öz növbəsində bu gün onun atdığı addımlar da bunu bir daha sübut edir. Təəssüf ki, indiki halda Ermənistan Zəngəzur dəhlizinin açılmasına süni maneələr törətməyə çalışır. Hər fürsətdə rəsmi İrəvan regionda gərginlik yaradaraq prosesi uzatmağa ya da alternativ təkliflər ilə təhrif etməyə çalışır. Bununla belə rəsmi Bakı dəhlizin açılmasında israrlıdır və bu istiqamətdə əsaslı işlər görür.
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə Rusiyanın cənubunda yerləşən Soçi şəhərində noyabrın 26-da keçirilən üçtərəfli görüş buna misal ola bilər. Ölkə başçısı bu görüşdə Zəngəzur dəhlizinin açılması və bunun vacibliyini bir daha qeyd etdi. Soçi görüşünün ardınca, Prezident İlham Əliyev Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısında da Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini bəyan etdi.
Hesab edirik ki Azərbaycan Prezidentinin iki mühüm görüşdə bu məsələni dilə gətirməsi heç də təsadüfi deyil. Məsələ ondadır ki, yeni reallıqlar və formalaşmaqda olan dünya nizamında Zəngəzur dəhlizinin əhəmiyyəti hər gün biraz da artır. Prezident bu məqamı tez-tez müxtəlif ali qrumların tribunasından səsləndirməklə bu dəhlizin təkcə Azərbaycan üçün deyil, eyni zamanda regionda marağı olan bütün ölkələr üçün vacib olduğunu başa salmağa çalışır.
Prinsip etiarilə hazırda Zəngəzur dəhlizi başda Yaxın Şərq olmaqla, bütün Ərəb ölkələrinə fayda verə bilər. Məsələ ondadır ki, Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub dəhlizləri baxımından önəmlidir. Dəhliz faktiki olaraq bir neçə regionu bir-birinə birləşdirə biləcək, həmçinin qarşılıqlı əlaqəni təmin etmək potensialına sahibdir. Xüsusilə Ərəb ölkələri bu dəhlizdən böyük fayda götürə bilər. Azərbaycan onsuz da son illərdə Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Belə ki, Zəngəzur dəhlizinin reallaşması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Bu imkanlardan isə təkcə rəsmi Bakı deyil, regionun bütün ölkələri fayda götürə bilər.
Bildiyiniz kimi, Ərəb ölkələri zəngin enerji resurslarına sahibdir. Bu gün bu ölkələr əsasən öz təbii qaz və neftini Avropa bazarına və ya ABŞ-a satır. Lakin Zəngəzur dəhlizi gələcəkdə ərəb ölkələrinin öz yanacağını quru yolu ilə Asiya ölklərinə, xüsusilə də iqdisadiyyatını surətlə inkişaf edən və külli miqdarda enerji resursuna ehtiyac duyan Çinə sata bilər. Prinsip etibarilə bu gün Mərkəzi Asiyanın türk ölkələri neft və qazını bu dəhliz yolu ilə Avropa bazarına çıxartmaqda maraqlıdır. Düşünürəm, öz növbəsində ərəb ölkələri də Zəngəzur dəhlizi vasitəsilə öz neft və qazını Asiya bazarına quru yolu ilə çıxartmaqda maraqlı olmalıdır.
Zəngəzur dəhlizinin açılması gələcəkdə TAP və TANAP kimi layihələrin ərəb ölkələrinə doğru uzanması transərəb (trans arabia) şərti adlı layihələrin ərsəyə gəlməsinə səbəb ola bilər. Bu mənada hesab edirik Zəngəzur dəhlizinin açılması, Azərbaycanın bu işdə uğur qazanması üçün ərəb dünyasın dəstəyi vacibdir.
Rəsmi Bakı uzun illərdir bir çox ərəb ölkəsi ilə müxtəlif sahələrdə əməkdaşlıq edir. Düşünürük əməkdaşlığımızın bundan sonra daha da inkişaf etməsi baxımından ərəb ölkələri Zəngəzur dəhlizinin açılmasında Azərbaycana dəstək olmalıdır.