30 noyabr kompüterlərin ilk kütləvi virusa yoluxma hadisəsinin qeydə alındığı 1988-ci ildən etibarən bütün dünyada Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü (Computer Security Day) kimi qeyd olunur.
Kanal32.az xəbər verir ki, o vaxtdan bu yana kompüter təhlükəsizliyi və içərisində saxlanılan informasiyanın qorunması məsələsi aktuallıq qazandı.
31 ildir dünya ictimaiyyəti tərəfindən qeyd edilən Beynəlxalq İnformasiya Təhlükəsizliyi günü kompyuter sistemləri və şəbəkələrində informasiyanın etibarlı mühafizəsi, aparat və proqram vasitələri istehsalçılarının və istifadəçilərinin diqqətinin təhlükəsizlik problemlərinə yönəldilməsi, bu sahədə tədbirlərin həyata keçirilməsi və s. məqsədlərə xidmət edir. İnformasiya təhlükəsizliyi məsələlərinin Azərbaycanın milli təhlükəsizliyinin əsas tərkib hissələrindən biridir. Bu sahədə normativ-hüquqi bazanın formalaşması informasiya cəmiyyəti quruculuğunda prioritet məsələlərdəndir.
Azərbaycanda informasiya təhlükəsizliyinin təmin edilməsinin qanunvericilik bazasının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm qanunlar, normativ aktlar qəbul edilib. İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi ixtisası üzrə alimlərin, o cümlədən də bu sahədə yüksək ixitisaslı kadrların yetişdirilməsi məsələlərinə son illərdə xüsusi diqqət yetirilir.