Azərbaycanın və İordaniyanın beyin mərkəzləri arasında anlaşma memorandumu imzalanıb

Bakı, 26 noyabr, AZƏRTAC

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ilə İordaniya Haşimilər Krallığının Yaxın Şərq Araşdırmaları Mərkəzi arasında anlaşma memorandumu imzalanıb.

BMTM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, memorandumu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev və İordaniya beyin mərkəzinin sədri Bayan Al-Omari imzalayıblar.

Sənəddə iki beyin mərkəzi arasında birgə elmi və praktik konsultasiyaların hazırlanması, seminarların, elmi layihələrin həyata keçirilməsi, ekspert mübadiləsi və digər əməkdaşlıq əlaqələri əks olunub.

Qeyd edək ki, iki ildən çox müddətdə fəaliyyət göstərən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi dünyanın müxtəlif bölgələrindən 30-a yaxın beyin mərkəzi ilə əməkdaşlıq memorandumu imzalayıb və bu çərçivədə praktiki addımlar atıb.