Uşaq yaşlarımdan Azərbaycanımızın qədim diyarlarından olan Qarabağ və onun ətraf ərazilərinin təcavüzkar Ermənistan tərəfindən işğal olunması tarixlərini əzbərləmişəm. Yazılan kitablarda, məqalələrdə, izlədiyim TV-lərdə, kadr və videolarda xalqımızın başına gətirilən müsibətləri ürək ağrısı ilə izləyərək böyümüşəm. Regional və beynəlxalq güclərin himayədarlığı ilə tarixi Azərbaycan torpaqlarında qurulmuş Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək məqsədilə 1988-ci ilin fevral ayından başladığı müharibəyə hadisələrin elə ilk günlərindən Ağdam rayonu da cəlb olunmuşdur. Təcavüzkar Ermənistan bəzi xarici dövlətlərin dəstəyi ilə Şuşa, Laçın, Kəlbəcər rayonlarını işğal etdikdən sonra Ağdamı da işğal etmək üçün irimiqyaslı hücum əməliyyatlarına başladılar. 1993-cü il iyun ayının 11-dən başlayaraq bu hücum, həmin ilin iyul ayının 23-də Ağdamın işğalı ilə başa çatdı. 1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini işğal etmiş, işğal nəticəsində Ağdam şəhəri və rayonun 89 kəndi vəhşiliklə darmadağın edilərək, yerlə-yeksan edilmişdi. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə qismətinə 5897 şəhid, 3531 nəfər əlil, 1871 nəfər yetim uşaq olmuş, minlərlə insan fiziki şikəstlik qazanmış, 126 min (1993) nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdür. Həmişə düşmənlərimizdən alacağımız intiqam gününü gözləmişəm. Nəhayət ki, bir il bundan öncə düşmən tapdağı altında olan torpaqlarımızı geri qaytara bildik. Qürur hissimizi, tarixi və əzəli torpaqlarımızı geri qaytarmış olduq.
20 noyabr 2021-ci il tarixində Qarabağın gözəl guşələrindən biri olan Ağdamın işğaldan azad olunmağının bir ilinin tamamında Ağdama getdik. Ağdam rayonu Ağcabədi, Tərtər, Bərdə, Kəlbəcər Əsgəran və Xocavənd həmçinin, Füzuli rayonları ilə həmsərhəd olan Azərbaycanın qədim və çox böyük tarixə malik şəhərlərindən biridir. Ağdama gedəcəyimi eşitdiyimdə çox həyəcanlanmışdım. İnsana yuxu kimi gələn o ərazilərə gedəcəkdim.Yol boyunca da bu həyəcan məndə davam etdi. İşğaldan azad olunan ərazilərimizə çatırdıq. Bu doğma, məşəqqətlərə təkbaşına sinə gələn torpaq, sanki öz dərdini unudub övladlarına qucaq açır. Həyəcanla avtobusun pəncərəsindən çölə baxıram. Yol boyu keçirdiyim sevinc, xoşbəxtlik hissi buz kimi dondu yanaqlarımda… düşmən tərəfindən dağıdılmış, daşı daş üstündə qalmamış Ağdamımız… Bölünməz Vətənimizin bir parçası olan Ağdamımız, illərlə gözü yolda qalan Ağdamımız, çox uzun çəkdi qayıtmağımız, amma bax, biz gəldik, evimizə gəldik… Qarabağın dağ çəkilən, viran olan, dağıdılan, hər cürə təcavüzə və təcavüzə məruz qalan halı belə cənnətdir.
Ağdamın girişində Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə “Bir” Tələbə-Könüllülər olaraq ağacəkmə aksiyasında iştirak etdik. Doğma Qarabağ torpağımıza əkilən hər fidan sanki bir ümid işığı idi, sanki yeni bir ruh idi.Sonra Şəhid ailələri ilə görüşdük. Onlara deyiləcək söz insanın boğazındaca düyünlənirdi. Onlara nə qədər təşəkkür etsək, nə ilə təskinlik verməyə çalışsaq azdır. Onların övladlarının, yoldaşlarının, atalarının sayəsində hal-hazırda doğma və əzəli yurdumuz olan Qarabağımıza ayaq basa bilirik.
İlk öncə 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabağı tərəfindən tikilən Ağdamın Cümə Məscidinə getdik. Asta səslə, yavaş addımlarla daxil olduğumuz ibadətgah – İçəri daxil oluram. Dağıntıları gördükcə daha da diqqətli, yüngül addımlarla hərəkət edirəm. Axı illərlə ağrı-acı görmüş bu torpağı incidə bilərəm. Bu müqəddəs ziyarətimizə görə şükür etdim. Tarixi anlar, bir ömür yaddaşlardan silinməyən dəqiqələr yaşayırıq. Allah xalqımızın dualarını qəbul etdi. İllərlə əsarətdə qalan doğma Qarabağımızın başına gələn müsibətləri dünyaya çatdırmaq üçün Azərbaycan gəncliyi olaraq əlimizdən gələni etdik. Bu gün isə, o vəhşiliyi əyani şəkildə görən gənclik kimi bu istiqamətdə işlərimizi davam etdirəcəyik, törədilən vandalizmi dünyaya çatdıracağıq. Dağıntılar o qədər qəddarlıqla törədilib ki, bu şəhərdə bir küçə, küçədə bir döngə, döngədə bir ev, evdə bir nişanə tapa bilmirsən. Düşmənin törətdiyi bu vəhşiliyin, vandalizmin adı yoxdur. Şəhər yeksan edilib, şəhərin mərkəzində səngərlər qazılıb, kəndlər də eyni vəziyyətdədir. Hətta bu mənfurlar qəbrləri belə dağıdıb. Bir sözlə, Ağdamda nəinki yerin üstü, yerin altı belə salamat qalmayıb…
Daha sonra əzəmətli 1751-1752-ci illərdə Qarabağ xanı Pənahəli xan tərəfindən inşa etdirilmiş Şahbulaq (Tərnəküt qalası) qalasına… Gözəlliyi dillər əzbəri olan cənnətməkandayam. Yaşıl ağaclar, sərin sulu bulaq, təmiz hava. İnsanı valeh edirdi.
Sonra isə 1987-ci ildə yaradılan “Qarabağ” Futbol Klubuna qələbələr qazandıran stadionda – İmarətdəyik. “İmarət” satdionunda müqəddəs bayrağımızı dalğalandırdım. Azərbaycan gənci olmaqdan və Azərbaycan bayrağını Ağdamda daşımaqdan qürur duyuram. Bu bütün Azərbaycan gəncliyinin qüruru idi.
Sonra isə yolumuz Ağdam Şəhidlər Xiyabanına idi. Şəhidlərimizin qəbrini ziyarət etdik. Azərbaycanın Milli Qəhrəmanı, I Qarabağ müharibəsi şəhidi, Qarabağ futbol klubunun futbolçusu və keçmiş baş məşqçisi olmuş Allahverdi Teymur oğlu Bağırovun (22 aprel 1946, Ağdam -12 iyun 1992, Aranzəmin, Xocalı rayonu) məzarını ziyarət etməyin qürurunu yaşadım. Azərbaycanı bütövləşdirən şəhidlərimizə Allah rəhmət eləsin, ruhları saf və məkanları cənnət olsun. Müqəddəs və tarixi torpaqlarımızın erməni qəsbkarlarından, terroristlərindən azad edilməsində canlarını belə əsirgəməyən, düşməni “iti qovan” kimi qovan qazi qardaşlarımıza uca Tanrıdan şəfa diləyirəm. Başda Ali Baş Komandanımız olmaqla, dünya hərb tarixində öz sözünü demiş, xalqımıza qələbə sevinci yaşadan Müzəffər Ordumuz var olsun! Qürur duyuram! Azərbaycanlı olmaqdan, Qarabağı azad edən gəncliyin bir parçası olmaqdan, Qarabağda olmaqdan qürur duyuram! Bu gün Azərbaycan gənci bir daha başı dik, alnı açıq, qürurla öz sözünü fəxr və iftixar hissi ilə deyir!
Səma Vahabzadə
Azərbaycan Dillər Universitetinin tələbəsi, gənc könüllü