Azərbaycan İlahiyyat İnstitutunda tədbir: İslam düşüncəsində fəlsəfənin rolu

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Dünya Fəlsəfə Günü ilə əlaqədar tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, Dinşünaslıq kafedrasının müdiri dosent Anar Qafarovun moderatorluğu ilə təşkil olunan tədbirdə fəlsəfənin mahiyyəti, əhəmiyyəti, elm kimi aktuallığı və s. məsələlərə toxunulub.

Aİİ-nin rektoru dosent Aqil Şirinov dünyanın bir çox ölkəsində olduğu kimi, respublikamızda da Dünya Fəlsəfə Gününün qeyd edildiyini deyib və fəlsəfi düşüncənin əhəmiyyətini vurğulayıb. O, İslamın təşəkkül tarixinə, İslam düşüncəsində fəlsəfənin oynadığı rola diqqət çəkib. Rektor bildirib ki, müxtəlif fəlsəfi məktəblər gündəlik həyatda haqqında düşündüyümüz suallara cavab tapmağa çalışıb.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə Dünya Fəlsəfə Gününün 2002-ci ilin noyabrında təsis edildiyini xatırladıb. Alim fəlsəfi düşüncənin səciyyəvi xüsusiyyətlərindən, fəlsəfi baxışın əhəmiyyət və mahiyyətindən, müasir dövrdə fəlsəfənin problemlərindən bəhs edib. O, fəlsəfi düşüncə kontekstində əsas prioritet məsələlərin milli identiklik, milli ideologiya və milli fəlsəfə olduğunu diqqətə çatdırıb.

İ.Məmmədzadə milli fəlsəfi müstəvidə İmadəddin Nəsimi, Nizami Gəncəvi və başqa mütəfəkkirlərin yaradıcılığını ümumi mənəvi və etik baxımdan dəyərləndirib.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun İdrak nəzəriyyəsi şöbəsinin müdiri professor Füzuli Qurbanov bildirib ki, kommunikasiya məsələsi bütün sahələrlə yanaşı, müasir dövrdə internetdə gedən sosial-mədəni proseslərin araşdırılmasında mühüm açar rolunu oynaya bilər. Dünyanın bir sıra filosofları bu istiqamətdə nəzəri-metodoloji tədqiqatlar aparırlar.

Professor 2003-cü ildən ölkəmizdə yeni dəyərlər sisteminin ortaya çıxdığını, multikulturalizmin dövlət siyasətinə çevrildiyini diqqətə çatdırıb.

Dünya Fəlsəfə Gününün keçirilməsində əsas məqsəd hazırda baş verən qlobal sosial-mədəni dəyişikliklərin müzakirəsinin ümumi platformasını tapmaq, insanları fəlsəfi irsin qorunmasına cəlb etmək, yeni ideyalar üçün təfəkkür dairəsini genişləndirmək, vətəndaş cəmiyyətinin və mütəfəkkirlərin açıq debatlarını stimullaşdırmaqdır.