Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb-FOTOLAR

255

Moskva şəhərində Rusiyanın Azərbaycan İcmasının rəhbəri, akademik Fazil Qurbanovun təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş mərasim keçirilib.

Kanal32.az-ın Moskva  bürosu xəbər verir ki, Azərbaycan və Rusiyanın tanınmış ictimai və mədəniyyət xadimlərinin iştirak etdikləri mərasim 20 Yanvar şəhidlərinin xatirəsinə asılmış lövhənin qarşısına gül-çiçək qoyulması ilə başlayıb.

Giriş nitqi ilə çıxış edən akademik Fazil Qurbanov Prezident İlham Əliyevə, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib: “Bütün bu hadisələri danışmaq istəmirəm, hər şeyi gözəl bilirsiniz, yəni dinc sakinləri, günahsız insanları gülləbaran edirdilər. Amma bu gün Azərbaycan inkişaf edir, Azərbaycan bütün dünyada nüfuz sahibi olan suveren dövlətdir. Bu da Azərbaycan xalqına əl qaldırmağı cürət edənlərə ən tutarlı cavabdır”.

O həmçinin bildirib ki,Azərbaycan xalqı öz igid övladlarının fədakarlığını həmişə yüksək qiymətləndirir, müstəqilliyə və azadlığa qovuşmaq üçün canlarından keçən qəhrəman Vətən övladları ilə daim fəxr edir.

Tarix elmləri namizədi Manaf Ağayev də faciəli hadisələrin səhərisi günü indi Azərbaycanın Rusiyadakı səfirliyi yerləşdiyi binaya ailəsi ilə birlikdə gələrək törədilən qırğına qarşı qəti etirazını bildirən Azərbaycan xalqının böyük oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin cəsarətinə şahid olduğundan bəhs edib:

“Heydər Əliyev ümummilli lider kimi Azərbaycanın o vaxt hələ elan olunmamış müstəqillik tarixinə ilk səhifəni yazıb. O hadisələrə lazımi qiymət Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildi. Belə ki, həmin faciə SSRİ-nin Azərbaycan xalqına qarşı hərbi təczvüzü kimi dəyərləndirildi”.

İctimai xadim,tanınmış vəkil Ələkbər Qarayev Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun və mövcud rejimin silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi və öz qəddarlığı ilə seçilən təcavüzdən bəhs edilib. Konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan silahsız Vətən övladlarının və dinc əhalinin vəhşicəsinə gülləbaran edilməsindən danışıb.

Daha sonra Moskvanın və Rusiya regionlarının azərbaycanlı diasporu nümayəndələri bildiriblər ki,20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.

Kanal32.az