“Dörd ildən sonra Xankəndində Azərbaycan bayrağı dalğalanacaq”.
Kanal32.az bildirir ki, bu sözləri Rusiyanın tanınmış politoloqu, siyasi tədqiqatlar Mərkəzinin direktoru Sergey Markov media.az-a müsahibəsində deyib.
“Hesab edirəm ki, Xankəndində hökmən Azərbaycan bayrağı dalğalanacaq, Azərbaycan polisi olacaq, milli valyuta olan manat işlənəcək. Bu, maksimum 4 ildən sonra baş verəcək. Ermənistan isə bunu beş ildən sonra tanıyacaq”- deyə Markov bildirib.
Rusiya sülhməramlılarının fəaliyyətinə toxunan politoloq deyib ki, əgər qarşıdakı dörd ildə situasiya dəyişməsə, inteqrasiya olmasa Azərbaycan sazişin uzadılmasını imzalamayacaq: “Nəticədə rus sülhməramlıları regiondan getməli olacaq. Bununla da erməni əhalisinin böyük hissəsi Qarabağı tərk edəcək. İşlər yaxşı qurulacaqsa xalqlar birgə yaşamaq imkanı əldə edəcəklər. Amma bunun üçün “yol xəritəsi” və tam təhlükəsizlik təminatı işlənib hazırlanmalıdır”.
Ermənistan və Azərbaycan arasında imzalanacaq sülh sazişinin perspektivinə gəlincə, Markov bildirib ki, erməni cəmiyyəti hələlik buna hazır deyil: “Erməni cəmiyyəti Qarabağın Azərbaycanın bir hissəsi olmasını etiraf etməyə hazır deyil. Onlar buna ağır məğlubiyyət hesab edir və revanşa ümid edirlər.
Revanşistlər Ermənistanda kifayət qədər güclü mövqeləri var. Ona görə, fikrimcə, erməni iqtidarı Azərbaycanla sülh sazişi imzalamağa hazır deyil”.