Rusiyadan Azərbaycana qarşı üç təxribat -Semyon Peqov prosesin harasındadır?

Son günlər Moskva ölkəmizə qarşı müxtəlif formalı, ancaq eyni hədəfə hesablanan təxribatlar həyata keçirməkdədir. Qısası, dəyişən heç nə yoxdur, Rusiyanın Azərbaycana qarşı silsilə təxribatları davam edir… Bəs Moskvanın Azərbaycana qarşı son təxribatları nədən ibarətdir və bu təxribatların arxasında hansı məqsədlər dayanır?
Birinci təxribat – sülhməramlıların Qarabağdakı hərbi düşərgəsinin ərazisində Rusiyanın tarixi və mədəniyyətinin 10 görkəmli xadiminə büst qoyuldu, xiyaban salındı. Büstləri hazırlayan heykəltəraş Mixail Serdyukov bildirir ki, bundan sonra silsilə xiyabanlar salınması nəzərdə tutulur.
Əslində nə baş verir? Sülhməramlıların olduğu ərazilər ruslaşdırılır? Yaşayış binaları, məktəblər, tibb məntəqələri tikilir. Rusiya nə üçün Qarabağda mədəniyyət abidələri qurur? Rusiyanın belə sərbəst və rahat hərəkət etməsinin səbəbi nədir?
Əvvəllər də Rusiya müxtəlif münaqişə ocaqlarında mədəniyyət abidələri salır, rus dilini təbliğ edir, binalar tikirdi. Və nəhayət 2008-ci ildə bu, Abxaziyanın Rusiya tərəfindən tanınması ilə nəticələndi. Ssenari eynidir, amma bu o demək deyil ki, Rusiya Qarabağda da məqsədinə nail ola biləcək. Ancaq bu həm də o demək deyil ki, Rusiyanın gələcəkdə Qarabağa təcavüz ehtimalı da yoxdur. Moskva Qarabağdakı erməniləri və terrorçu rejimin rəsmən gücləndirməklə məşğuldur.
İkinci təxribat – Rusiyanın Xocalıda ucaltdığı heykəllə bağlıdır. Heykəlin mənası da belədir: Rus əskəri vəhşi Azərbaycan ordusundan və qaniçən xalqımızdan məsum erməni körpəsini xilas edir, körpə rus əsgərinə sığınır.
1992-ci ildə Rusiyanın 366-cı motoatıcı alayı Xocalıda 63-ü uşaq olmaqla 613 nəfər dinc sakini qətlə yetirmişdi. İndi belə bir heykəl qoymaqla nə tarixi dəyişdirmək olar, nə də rus-erməni birləşmələrinin xalqımıza qarşı həyata keçirdiyi soyqırım-terror siyasətini…
Üçüncü təxribat – “WarGonzo” layihəsinin 36 yaşlı rəhbəri Semyon Peqov yenidən Qarabağa gəlib və özünün Teleqram kanalında erməni hərbi birləşmələri ilə olan fotolarını yayıb. Semyon Vladimiroviş Peqov Rusiya vətəndaşıdır, o, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana qarşı təxribatlar tirajlayır və Ermənistana sərf edən məlumatlarla Qarabağdakı vəziyyətlə bağlı çaşdırıcı situasiya yaratmağa çalışırdı.
Məsələ bundadır ki, S.Peqov barəsində Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və o, axtarışa verilib. Ancaq S.Peqov yenidən Qarabağdadır… Rus blogerin axtarışa verilməsi bu istiqamətdə görülən sonuncu tədbir olmalıdır?
S.Peqov bu dəfə Ağdam yaxınlığında qanunsuz xidmət aparan erməni hərbi birləşmələrinin üzvləri ilə görüşüb və şəkillər çəkdirib. O, Azərbaycan Ordusunun mövqelərini də lentə alıb.
Heç şübhəsiz, Rusiyanın Azərbaycana qarşı həyata keçirdiyi bu təxribatların arxasında müəyyən məqsədlə dayanır. Rusiya bu təxribatlarla nəyə mane olmaq istəyir?
Birincisi, Prezident İlham Əliyevin noyabrın 11-də Türk Şurası dövlət başçılarının Zirvə Toplantısında iştirak etmək üçün Türkiyəyə səfəri ərəfəsində bu təxribatların həyata keçirilməsi təsadüf deyil. Çünki türk dövlət başçılarının görüşünün fövqündə əsasən Azərbaycan amili dayanır. Türk dövlətləri arasında yeni ticarət əlaqələri formalaşdırılır və Zəngəzur dəhlizi bütün türk dünyası üçün əsas birləşdirici rol oynayacaq.
İkincisi, Rusiya Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün perspektivlərini tamamilə sıfıra endirmək niyyətindədir. Diqqət ediriksə, hər iki ölkə arasında sülh müqaviləsinin bağlanması əsas müzakirə mövzusu idi. Ancaq regionda qısa zamanda sülhün təmin olunması ehtimalı Moskvanın maraqlarına cavab vermir. Moskva hər iki dövlət arasında ara-sıra hərbi toqquşmaların baş verməsinin tərəfdarıdır. Eyni zamanda, Qarabağda “mədəniyyət” və “humanizm” tədbirləri ilə möhkəmlənməlidir. Əks halda Rusiyaya ehtiyac qalmayacaq.
Üçüncüsü, Moskva S.Peqov vasitəsilə Rusiyada yaşayan ermənilərlə azərbaycanlılar arasında insident “mina”ları formalaşdırmaq niyyətindədir. Bəs bu Rusiyanın nəyinə lazımdır? 44 günlük Vətən müharibəsindən sonra Rusiyada yaşayan azərbaycanlılara qarşı ayrı-seçkilik siyasəti daha da şiddətləndi, 22 yaşlı gənc azərbaycanlı heç bir səbəb olmadan rus polis tərəfindən qətlə yetirildi. Erməni maqnatların sifarişi ilə qatillər hələ də azadlıqda gəzirlər. Yadınızdadırsa, 44 günlük Vətən müharibəsi zamanı ermənilərin uduzduğunu görən S.Peqov Xabarovsk şəhərinə getmişdi. Onu Xabarovskda ermənilərdən ibarət kriminal dəstələr mühafizə edirdilər. Bu da təsadüfi seçilməmişdi. Məsələ bundadır ki, “WarGonzo” layihəsi erməni media maqnatı Aram Qabrelyanovun pulu ilə təsis olunub. Bu layihə A.Qabrelyanov tərəfindən maliyyələşdirilir. Erməni maqnat Rusiya “QRU”nun ən vacib adamlarından biri kimi tanınır.

 

Müəllif: Samir Feyruzov