Nizami Gəncəvinin “Xəmsə”sinin görünməyən tərəfləri

XII əsrin II yarısında Azərbaycan intibah ədəbiyyatı Nizami Gəncəvinin yaradıcılığında inkişafın ən yüksək mərhələsinə qədəm qoyur. Özünə qədərki zəngin elm və mədəniyyəti yaradıcı şəkildə mənimsəyən bu dahi sənətkar lirik və epik şerə yeni istiqamət verdi.Ağlın kirdabı ilə sənətin zirvəsi arasında vəhdət yarandı. Şərqin və Qərbin qədim mədəniyyətinə, yeni müsəlman şərqinin göylərə hücum çəkən elm və incəsənətinə əsaslanan Nizami irsi dərin humanizmi demokratikliyi ilə fərqlənir. Qadına və əməkçi insana münasibətində Nizami irsinin hüdudlarını təsiri ilə Xəmsə yaratmaq, yaxud hər hansı bir poemasına cavab yazmaq ənənəyə çevrilir. Nizaminin dünya ədəbiyyatında məşhurlaşdıran onun Xəmsəsidir.

“Xəmsə”də olan əsərlər Nizami yaradıcılığının ecazkarlığından xəbər verir. Yaradıcılığı boyu dünyəvi, qlobal məsələlərin həllinə çalışmışdır. “Xəmsə” Nizamiyə dünya şöhrəti qazandırıb.

Nizaminin ilk iri həcmli poeması “Sirlər Xəzinəsi”dir. Yaxın və Orta Şərq ədəbiyyatında didaktik poema janrının ən qiymətli nümunəsi olan bu əsər dahi şairin yaradıcılıq manifesti idi. “Sirlər Xəzinəsi” adından da göründüyü kimi, zahirən Nizamiyə qədər Yaxın və Orta Şərq ədəbiyyatında geniş yayılan didaktik əsərlər silsiləsinə daxildir. Dahi şair sanki özünə qədərki didaktik ədəbiyyatı yekunlaşdırıb, ona yeni humanist, demokratik istiqamət vermişdir. “Sirlər Xəzinəsi”ni sözün həqiqi mənasında Nizami yaradıcılıq manifesti adlandırmaq olar. Xəzinə adını əsərə şair təsadüfən verməmişdir. O, doğrudan da həyatın müxtəlif sahələrini əhatə edən cəmiyyətin müxtəlif təbəqələrini rəngarəng surətlər ifadə edən bir əsərdir. Didaktik poema janrının imkanlarından bacarıqla istifadə edən şair lirik monoloqlar şəklində oxucu ilə söhbət edir, onu düşündürən problemlərə toxunur, tənqid və təqdir edir, tərifləyir və pisləyir, nifrət və məhəbbətini bildirir, orta əsrlərin qatı zülməti içərisində işığa, həqiqətə, xeyirə doğru çağırır. Nizaminin poeziyasında iki cür dünya var: zalımlar, divlər dünyası, nurlar, mələklər dünyası. Birinci dünyaya dərin nifrətlə yanaşan Nizami, ikinci dünyaya sonsuz məhəbbət bəsləyir. Birinciyə nifrətinin çoxluğu da onun ikinciyə məhəbbətinin sonsuzluğunu təsdiq edir. Onlardan birinin inkarı o birinin təsdiqidir. Nizami dövrünün ən qabaqcıl mütərəqqqi görüşlü humanist intibah ziyalılarından biri kimi sevdiyi insanları birinci dünyadan ikincisinə çağırır.

  Qaç qapısından dala zalımların,

                                      Dön başına sirr evi ehramların.

Nizami Gəncəvini dini və dünyəvi elmlərə bələd olan bir şəxs kimi görürəm.Onun əsərlərinidə ciddi fəlsəfi mübahisələrə,ulduzlar aləmi haqqında dərin təsvir və müqayisələrə, müxtəlif tarixi əsərlərdən məlumatlara rast gəlirik.

“Xosrov və Şirin” “Xəmsə”yə daxil olan ikinci böyük əsərdir. Bu əsərdə Nizami doğma xalqın əfsanəvi, tarixi keçmişini, müasir intibah ideaları süzgəcindən keçərək son dərəcə dərin, ictimai, fəlsəfi bir poema yaratmışdır. Əgər onun ilk poeması Yaxın və Orta Şərq intibah ədəbiyyatında geniş yer tutan didaktik poema janrına daxil idisə, “Xosrov və Şirin”aşiqanə, fəlsəfi roman silsiləsinin ən yüksək nümunəsi kimi meydana çıxmışdır.

İdrakı dinləsək söyləyər o da,

                                    Hər şey eşq üstündə durur dünyada.

Nizaminin həyata, insanlara, kainata və bu baxımdan, öz əsərlərinə münasibəti belədir. Onun qəhrəmanlarının bütün hərəkətləri məhəbbətləri ilə müəyyənləşir. Kim nə qədər və necə sevirsə, onun insan kimi qiyməti də o qədərdir. Şairin poemaya əlavə etdiyi eşq haqqında müqəddimənin hər parçası, hər hissəsi ayrılıqda, həm də bütün hissələri birlikdə nadir poetik kəşf olan “Xosrov və Şirin” əsərinin ecazkar tapıntılarından biridir. Artıq müqəddimədən başlayaraq şair aşiqanə poemaların ümumi idea istiqamətinə qarşı çıxır, yeni humanist idealar irəli sürür, məhəbbəti insan həyatının bir sahəsi kimi yox, onun bütün həyat və fəaliyyəti ilə vəhdətə götürülür, şəxsi, ictimai, siyasi, intellektual həyatın aparıcı qüvvəsinə çevirir.  Bunun nəticəsində də Nizaminin aşiqanə poeması dərin, ictimai, fəlsəfi, psixoloji, mənzum roman kimi zəmanəsinin poetik aynasını mükafatlandıran və ittiham edən vicdanın səsinə çevrilmişdir.

Poemanın sujeti son dərəcədə dəqiq və məharətlə qurulmuşdur. Hər şey vahid bir hərəkətə tabe edilmişdir. Xosrovun Şirinə olan məhəbbəti poemanın əsas mövzusudur. Şair bu məhəbbətin yaranmasının inkişafını və uğurlu həllini göstərmişdir. Lakin şair əsas mövzu olan məhəbbəti dövrün ictimai-siyasi , əxlaqi hadisələri ilə təmasda, əlaqədə göstərmişdir. Nizami əsas qəhrəmanı olan Xosrovu anadan olduğu gündən ölümünə qədər bütün həyatını təsvir etsə də, onun həyatında baş verən əsas bir epizodu Şirinə vurulması ona qovuşmağa can atması və istəyinə nail olmasını göstərmişdir. Bu  məsələnin  özündə hadisələrin,sürətlərin xarakterini, mahiyyətini açmaq, göstərrmək üçün lazım olan epizodlardan kənara çıxmamışdır. Nizami biri yüz etmək ,yüzü bir etmək yolu ilə getmişdir. Poemada əsas mətləb dahiyanə bir ekspozisiya ilə başlayır. Zahirən bu ekspozisiyanın əsas məsələ ilə əlaqəsi yoxdur. Halbuki, bu hadisə Xosrovu mətləb üstünə gətirir, gələcəyini xəbər verir.

1188-ci ildə N.Gəncəvi Şirvanşah Əxsitandan “Leyli və Məcnun” əfsanəsi mövzusunda yeni bir əsər yaratmaq baradə sifariş alır. 1188-ci il mayın 24-də başladığı əsəri həmin ilin sentyabr ayının 24-də tamamlayır. Məhəmməd Cahan Pəhləvanın eşq mövzusunda əsər istəməsi kimi bu sifariş və intibah ideyalarının və əhvali-ruhiyyəsinin nə qədər geniş yayıldığını, hakim təbəqələrə də təsir etdiyini göstərmək baxımından maraqlıdır. Feodal hökmdar olan Əxsitan mədhiyyə,qəsidə yox ayrı-ayrı hökmdarları tərifləyən əsər yox eşq haqqında mahiyyət etibarilə  insan haqqında poema istəyir.Eşqdən yazmaq insandan yazmaq demək idi.

Nizaminin  “Leyli və Məcnun” mövzusunda razı salmayan əsas bir cəhət vardı.Bu əfsanə kədərlə, zəncirlə, faciə ilə bağlı idi.Belə bir əhvali-ruhiyyə şairə o qədər xoş gəlmirdi.

Nizami sevinc, şadlıq, uğurlu hadisələr təsvir etmək ,insanda nikbin,gözəlliyin qələbəsinə inam doğuran əsərlər yazmaq tərəfdarıdır. Leyli və Məcnun əfsanəsi ilə bağlı ənənə isə nikbin,uğurlu məzmunu rədd edirdi. Birdən-birə,özündən asılı olmayaraq faciəli bir əsər yazmaq zəmrəti qarşısında qalan sənətkar həyatın fəciliyini əks etdirməkdən çəkinmir, qorxmur. Həqiqi intibah ziyalısı olan şair köhnəliyin sükutunu,onunla birlikdə yeniliyin faciəsini göstərir.

X əsrə qədər Leyli və Məcnun əfsanəsi yayılmamışdır. X əsrin  əvvələrindən bu əfsanə geniş yayılmağa başlayır. “Leyli və Məcnun”poeması məlum ərəb əfsanəsinin məharətlə nəzmə çəkilməsi yox, zaman və insan haqqında ürək qanı ilə yayılmış son dərəcədə müasir bir əsərdir.Şair Məcnunun faciəsinin göydən düşmə, təsadüfi və fərdi bir hal kimi yox, qanunauyğun, zamanın ziddiyyətlərindən, həyatın uğursuzluğundan törəyən bir nəticə kimi qələmə alır. Bu faciənin kökünü, səbəbini, qurbanlarını göstərir. Kədərli dastan yaratmağa məcbur olan sənətkar bu kədəri özündə zəmanəni günahkar sayır, həyati matəmxanaya,insanı zəncirli qula çevirən feodal orta əsrlərini ittiham və inkar edir. Poemada  şərlə dolu mühitə, zəmanəyə, dünyaya qarşı ildırım  kimi yaxıb-yandıran bir nifrət, insanı acı taleyinə görə göyləri titrədən acı bir nalə əks olunmuşdur. Nizami dünyaya və insana xalqın,sadə adamların yeni intibah ideyalarının mövqeyindən yanaşır, insanla dünyanın, əlbəttə, müəyyən tarixi zaman çərçivəsində olan dünyanın, bir-birinə düşmən və zidd olduğunun göstərir. Dünya və insan problemi təkcə əsas hadisələrin və insan surətlərinin təsvirində deyil, şairin lirik ricətlərində,qəhrəmanların  söhbətlərində də öz əksini tapmışdır.

M.Ə.Rəsulzadə Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərinə fikrini belə ifadə etmişdir. “Leyli və Məcnun “mənzuməsinin müqəddiməsində, Şirvanşah Axistana verdiyi öyüdlər bu iddianın bir dəlilidir. Bu “Nəsihətnamə”sində şair padşaha  xitabla “ondan bir neçə öyüd dinləməsini “rica müqəddiməsilə”qüdrətli ol, fəqət, təmkinini əldən buraxma! Mey iç,fəqət sərxoş olma! İki üzlüləri yanına soxma! Xalqın etimadını qazanmaq için, sözünü tut! Qəlbində yeri olmayanlara inanma! Düşmənini kiçik görmə!Vuracağını kökündən vur, tutacağını düşürmə!” kimi öyüdlərdə yazılır.

“Yeddi gözəl”  1197 poeması sənətin ağır dolanbaclarında şərəfli bir yol keçən, zəngin yaradıcılıq təcrübəsi qazanan, müdrikləşən, həyat təcrübəsi və yaradıcı təxəyyülü kamiləşən Nizami yaradıcılığının qanuni nəticəsidir. Bu, əvvəlki poemaların təkrarı deyildir. Hər hansı mənbədən alınmış bir materialın, məzmununu nəzmə çəkilməsi deyildir. Bu Firdovsinin “Şahnamə”sində işlənmiş Bəhram Gur hissəsinin bir qədər dəyişdirilmiş variantı deyidir. Bu, arayıb axtarmaqdan doymayan, dərin düşüncəli bir alimin axtarışlarının, ildırım qüdrətinə malik şair xəyalının  birləşməsi, böyük sənətkarın topladığı,zəngin materialdan yonub yoğurub yapdığı yeni canlı  sənət heykəlidir. Mövzu Sasani hökmdarı Bəhramın həyatı ilə bağlıdır. Lakin Nizami Bəhramın həyatını, fəaliyyətini nəzmə çəkmək, onun başına gələnlərin büsbutun əks etdirmək istəməmişdir. Tarixi Bəhramın düşünmək  və yaratmaq Nizaminin məqsədi deyildi. Poemanın  sujetini 7 gözəl xətti təşkil edir. Əsərin əsas qəhrəmanı Bəhramdır. Əsas hadisələr Bəhrəmanın 7 gözəlin şəklini görmək, onları əldə etməsi, peşman olub onlardan əl çəkməsi xətti ilə bağlıdır.

Yeddi rəng,yeddi planet,yeddi iqlim, yeddi gözəl,yeddi günbəz,yeddi gün,yeddi gözəliyi danışdığı yeddi nağıl Bəhramın rəngarəng işrətlər, sevinclər, arzular dünyası.Bu dünyanın qapısı açılan gündən ədalətin qapısı bağlanır. İşrət dünyasında günlər, illər keçirən Bəhram bu dünyada hər şeyi unudur,əfsanəvi nağıllar dünyasında yaşayır.

Zəmanəsinin eyiblərinə ayıq,tənqidi münasibət bir intibah şairi kimi Nizaminin səciyyəvi keyfiyyətlərindəndir.Təqdim etdiyi ideal nə qədər yüksək olursa olsun,bu idealı müasir dövrlə qarşılaşdırmaq,idealla həqiqət arasındakı dərin uçurumu göstərmək şairin əsərlərində bir ənənə halını almışdır. Nizami bəzən bir surətin simasında idealla  həqiqəti birgə təqdim edirsə, bəzən onları ayırır, zidd xarakterli surətlər kimi qarşılaşdırılır,birinin digəri üzərində qələbəsini əks etdirir. “Yeddi gözəl”də bunun hər iki nümunəsinə rast gəlirik.

“İsgəndərnamə” əsəri Nizami yaradıcılığının əzəmətli bir yekundur. İstər mövzunun seçilməsi və onun işlənməsi, istərsə də zamanın tələbindən irəli gələn mühüm əhəmiyyətli məsələlərin qoyulması baxımından bu, Nizami yaradıcılığında bütün Yaxın və Orta Şərq ölkələri xalqlarının ədəbiyyatında yeni və qanunauyğun bir hadisə idi. Belə bir əsərin meydana çıxmasını bir tərəfdən Nizaminin öz ədəbi fəaliyyəti, axtarışları, o biri tərəfdən Yaxın Şərq xalqlarının elm və incəsənətinin gur inkişafı hazırlamışdı.

Gənc Makedoniya fatehin hərbi qələbələri Qərbin və xüsusən Şərqin bir çox ölkələrini az bir zamanda tutması, onun Şərqdə birinci müəllim kimi tanınan böyük yunan filosofu Ərəstu ilə yaxınlığı və s. ona böyük şöhrət qazandırmış,haqqında çoxlu uydurma, əfsanə, rəvayətlər yaradılmış,bir sərkərdə, alim, peyğəmbər, allahın iradəsini yerinə yetirən bir şəxsiyyət kimi tərənnüm edilmişdir.

“Şərəfnamə” də təsvir edilən epizodlar və qəhrəmanın hərəkətlərini əsaslandırır və təsdiq edir. Poemanın birinci hissəsi bir neçə iri həcmli epizod üzərində qurulmuşdur.İsgəndərin Misir, İran, Bərdə, Hindistan, Çin səfərləri, ruslarla müharibəsi və zülmət aləminə səfəri “Şərəfnamə” nin əsas sütunlarıdır. İskəndər bu səfərlərin heç də hamısında ədalətli hökmdar kimi görünür.Misir və İran səfərlərində gördüyüm İsgəndərlə,Hindistan və Çin səfərlərində gördüyümüz İsgəndər başqa-başqa adamlardır. O hind hökmdarı Keyd və Furu heç bir hüququ,ixtiyarı olmadan hədələyir, Çin xaqanından 7 ilin xəracını tələb edir, yoxsa müharibə edəcəyini,ölkəsinə divan tutacağını bildirir.Zülmətə səfərdə isə xəyal qüvvələr tərəfindən acgözlüklə,tamahkarlıqla təqsirləndirilir, əbədi həyat qazanma arzuları istehza edilir.Nüşabə onun qarşısında xörək yerinə 4 qabda daş-qaş düzür,sanki bununla əməllərinin mahiyyətini açır.

Nizami hər bir epizoda qoyulan məsələ ilə əlaqədar İsgəndərin xarakterini yeni şəkildə təqdim edir. “Şərəfnamə”də İsgəndərdən başqa Dara, Pələngər, Nüşabə, Çin xaqanı və digər maraqlı surətlər də vardır.

“Şərəfnamə”nin ən yeni,orjinal surətlərindən biri Nüşabədir. Əvvəlki əsərlərində Şirin, Leyli, Fitnə kimi ağlı, fərasəti, insanlığı, tədbiri ilə kişilərdən daha yüksəkdə duran maraqlı qadın surətləri yaradan Nizami bir daha bu məsələyə qayıdır.

Erkən tinətliyəm,olsam da qadın,

                                                      Hər işi bəllidir mənə dünyanın.

                                                      Mən də bir aslanam,düşünsən bir az,

                                                      Aslanın erkəyi,dişisi olmaz.

“İskəndərnamə”nin, “İqbalnamə” adlanan  ikinci hissəsində Nizami ictimai,fəlsəfi düşüncələrə üstünlük vermiş,daha mürəkkəb yaradıcılıq axtarışları apararaq insan ağlının təntənəsini,insan təbiətinin qadir olduğu ən vacib bəşəri duyğuları əks etdirməyə,həyat və ölüm,insan və təbiət, hökmdar və cəmiyyət,yaradılış və dünya ,elm və din kimyagərlik və var dövlət, ağıl və əxlaq və s bu kimi çoxlu məsələrlə əlaqədar dövrünün ən qabaqcıl elmi görüşlərinin saf-çürük etməyə çalışmışdır.

Nizami Azərbaycan ədəbiyyatında xüsusi yeri olan bir şairdir.Onun yaradıcılığı bu gün də milyonlar tərəfindən oxunur,sevilir.Dahi Nizami haqqında deyilən sözlər dillər əzbəridir.

Nizami irsinin öyrənilməsi öz dövründən başlanmışdır.Şairlər, alimlər, təzkirə və tarix əsərlərinin müəllifləri onun haqqında heyranlıqla danışmışlar. XIII əsrlə yaşamış hind şairi Əmir Xosrov Dəhləvi onun şagirdi olmaqla  fəxr etmiş və yazmışdır:

  Nizami hər sözü demiş birinci,

                                                           Qoymamış cilasız qalsın bir inci.

XIV əsr Azərbaycan şairi Əssar Təbrizi isə məsnəvinin Nizami ilə qurtardığını göstərmişdir.

Zeynalova Ülkər

Quba şəhərində  “Soyqırımı Memorial Kompleksinin əməkdaşı