İordaniyalı akademik Mərvan Suda “Əl Ənbat” qəzetində Azərbaycanın 44 günlük müharibədə Qələbəsinin beynəlxalq əhəmiyyəti barədə məqalə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, məqalədə bütün tərəqqipərvər beynəlxalq ictimaiyyətin Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini və BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücü ilə yerinə yetirməsini təqdir etdiyi qeyd olunub. Müəllif yazıb: “Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan dövləti ərazi bütövlüyünün bərpası istiqamətində məqsədyönlü və ardıcıl siyasət aparıb və döyüş meydanında öz müqəddəs torpaqlarını işğaldan azad etməyə müvəffəq olub. Öz xalqını və sərhədlərini qoruyan dövlət başçısı, eyni zamanda regional sülhün və təhlükəsizliyin təmin olunması, qonşularla şəffaf münasibətlər qurulması, geniş coğrafiyada kontinental və qlobal iqtisadi əməkdaşlığın inkişafı hədəflərini böyük əzmlə həyata keçirir. Azərbaycan Prezidenti çalışır ki, Cənubi Qafqaz regionu sabitlik və qlobal sərmayələrin cəlb olunduğu açıq məkana çevrilsin. Əlbəttə, bunun üçün ilk növbədə Ermənistanın təcavüzkar siyasətinə son qoyulmalı, sabitliyin və təhlükəsizliyin hökm sürdüyü bir şərait yaranmalı idi. Azərbaycanın Qələbəsi nəticəsində buna nail olundu. Artıq Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıq təkcə bu regionun deyil, həm də Asiya və Avropa arasında əməkdaşlığın önünü açdı”.
Tarixi faktlara müraciət edən müəllif yazır ki, hələ çar Rusiyasının süqutundan sonra erməni bolşevikləri Bakıda və bütün Qafqazda təxribatlar, qırğınlar törədib, regional təhlükəsizliyə təhdid yaradıblar. Ermənilər sovet hakimiyyəti illərində də qonşularına qarşı ərazi iddiaları irəli sürüb, özlərinə aid olmayan torpaqları işğal etmək üçün əlverişli məqam gözləyiblər. Onlar müvəqqəti olaraq buna nail olsalar da, müstəqil, iqtisadi qüdrəti gündən-günə artan Azərbaycan bu təcavüzkar siyasəti iflasa uğradıb və erməni iddialarına son qoyub. Bu gün işğaldan azad olunmuş torpaqlar sabitlik məkanına çevrilib, müxtəlif ölkələrin şirkətləri şəhərlərin və kəndlərin bərpasında iştirak etmək niyyətini nümayiş etdirirlər.
M.Suda qeyd edib: “İnanıram ki, ərəb ölkələrinin şirkətləri, ilk növbədə iordaniyalı sərmayədarlar da Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərində fəal iştirak edəcəklər”.
Yazıda, həmçinin Ermənistanın 44 günlük müharibədə cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini raket və artilleriya atəşinə tutması, mülki əhalini qətlə yetirməsi barədə məlumat verilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə