Küveytin “Times” qəzetinin Azərbaycana həsr olunmuş xüsusi buraxılışı çapdan çıxıb

Qahirə, 10 noyabr, AZƏRTAC

Ölkəmizin Küveytdəki səfirliyinin dəstəyi ilə bu ölkənin nüfuzlu “Times” qəzetinin Azərbaycana həsr olunmuş xüsusi buraxılışı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, iki min nüsxə ilə işıq üzü görən və 20 səhifədən ibarət olan buraxılışda ərəb və ingilis dillərində Zəfər Günü, Dövlət Bayrağı Günü, dahi Azərbaycan şairi Nizami Gəncəvi, Qarabağ və Zəngəzur iqtisadi zonaları haqqında yazılar dərc edilib.

Xüsusi buraxılışın nüsxələri Küveytdə akkreditə olunmuş xarici ölkələrin səfirlikləri və beynəlxalq təşkilatların nümayəndəliklərinə, bu ölkənin dövlət qurumlarına, agentliklərə, qəzetin abunəçilərinə, həmçinin universitetlərə, kitabxanalara göndərilib.

Bundan başqa, Küveytin “Bobianews”, “Əl Vasat”, “q8-press”, “Dəsman” və digər mətbu orqanlarında Dövlət Bayrağı Gününə həsr olunmuş məqalələr yayımlanıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə