2020-ci ildə Qarabağı azad etməliyik! –Vəssəlam!..”

150
“Müdafiə naziri,  son hazırlıqları tamamlasın və “hücum!” əmrimi gözləsin!..”
“Bunu qəti bilmək lazımdır ki, Qarabağın azadlığı – Azərbaycan xalqının, dövlətçiliyinin, dünya azərbaycanlılarının ölüm-dirim məsələsidir!..”

Sultan Laçın

…Biz korrupsioner şəbəkənin sadiq və etibarlı üzvləri kimi gecə-gündüz xalqı və onun sərvətlərini necə soyub-talamaq, rəqiblərə nə cür torba tikmək, parlamentə, hakimiyyətə, rayon icra hakimiyyətlərinə, bələdiyyələrə öz adamlarını necə yerləşdirmək haqqında yox, işğal altındakı torpaqlarımızın azad olunması barədə düşünürük…
***
Bu gecə də həmişəki kimi, Qarabağı, doğma kənd-kəsəyin çəmən, meşə, bulaq və cığırlarını düşünüb yuxuya keçdikdən sonra heç gözləmədən gördüm ki, Azərbaycan Respublikasının Ali Baş komandanı rəhbər məmurlarla keçirdiyi növbəti geniş müşavirədə yumruğunu qətiyyətlə masaya çırpıb deyir:
“Bu il, nə yolla-olursa-olsun, işğal altındakı torpaqlarımız, Qarabağ, Xankəndi, Əsgəran, Xocalı,  Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan… azad olunmalıdır! Artıq 30 ilə yaxındır ki, biz bu haqsızlığa, ədalətsizliyə dözürük. Belə olmaz!.. Statistik rəqəmlərə nəzər salsaq, Azərbaycanın işğal altındakı torpaqlarında, eləcə də “Ermənistan” adlandırılmış Qərbi Azərbaycanda doğulmuş vətəndaşlarımızın sayı gündən-günə azalır. Çünki doğma yurd-yuvasını, dədə-baba məzarlarını, dağlarını, yaylaqlarını, bulaqlarını itirmiş, ata-anaları, qardaş-bacıları, əzizləri, qohum-əqrəbaları amansızlıqla qətlə yetirilmiş o qaçqın-köçkün insanlar dözmürlər. Hər il ümid edirlər ki, torpaqları azad olunar, amma nəticə görməyəndə sarsılırlar, ürək xəstəlikləri tapırlar və dünyadan köçürlər…
Artıq  ATƏT-in, AŞ-ın, ABŞ-ın, Moskvanın  “münaqişənin tənzimlənməsi” barədəki baş aldadan, zaman aparan “tövsiyə”lərini qulaq ardına vurub sözdən əmələ keçərək işğalçı Ermənistanı yerində oturtmaq lazımdır.  Düzdür, regionda və dünyada siyasi durum çox mürəkkəbdir. Və biz qəti döyüş əməliyyatlarına başlayacağımız təqdirdə işğalçı ölkəyə dəstək verən xarici super güclərin ağır və təhlükəli təhdidləri ilə üzləşəcəyik. Amma bunu da qəti bilmək lazımdır ki, Qarabağın azadlığı – Azərbaycan xalqının, dövlətçiliyinin, dünya azərbaycanlılarının ölüm-dirim məsələsidir. Əgər biz  bu gün – indi torpaqlarımızı işğaldan azad etməsək,  sabah- 10 il, 20 il sonra daşnak, ifrat millətçi, terrorçu xislətli, “Böyük Ermənistan” “ideya”lı ermənilər iştaha gələcək və Azərbaycan Respublikasının digər ərazilərini də ələ keçirməyə çalışacaq… Bu isə Azərbaycanın müstəqil dövlətçiliyinin, ümumiyyətlə, Azərbaycan xalqının sonunu gətirə bilər. Biz buna qətiyyən yol verə bilmərik… Digər tərəfdən,  bütün beynəlxalq qanunlar və ən əsası, BMT-nin 30 ilə yaxındır icra olunmayan məlum qətnamələri Azərbaycana bunu etməyə, yəni torpaqlarını işğalçı və qanunsuz hərbi birləşmələrdən, separatçı-terrorçu xunta rejimindən təmizləyib azad edərək orada öz dövlət qanunlarını və o torpaqlardan qovulmuş vətəndaşlarının konstitusyon hüquqlarını bərpa etməyə imkan verir…  Bir sözlə, hazırkı şəraitdə bizim var gücümüzü toplayıb xalqımızın, ölkəmizin, dövlətçiliyimizin varlığı naminə riskə getməkdən savayı yolumuz qalmayıb.  Qadir və Qalib Allah bizimlədir, inşallah, Onun köməyi ilə bu Haqq savaşında biz də qalib  olarıq…
Qoy bunu hamı bilsin: 2020-ci il Qarabağın azadlığı ili olmalıdır!.. Burada əyləşən hər bir nazirə, komitə sədrinə və digər bütün dövlət məmurlarına xəbərdarlıq edirəm: gedin və işinizi torpaqlarımızın azadlığı istiqamətində qurun. Müdafiə Nazirliyi ön və arxa cəbhədə iştirak üçün yaşı 18-dən 60-dək olan bütün sağlam kişilərin səfərbərliyini elan etsin…
Ölkənin iqtisadiyyatı, elmi, səhiyyəsi, nəqliyyatı, bütün istehsal sahələri və s. təcili şəkildə Vətən müharibəsinin aparılması istiqamətinə yönləndirilsin. Bütün telekanallar, radiolar, qəzetlər, saytlar təbliğatı bu istiqamətə yönəltsin. Uşaq bağçalarından, orta məktəblərdən tutmuş universitetlərə, akademiyalara qədər – hər yerdə Qarabağ, vətənpərvərlik təbliğatı aparılsın. Küçələrdəki bayağı reklam şitlərinin yerinə vətənpərvərlik şüarları vurulsun! Telekanallardakı diqqəti Qarabağdan yayındıran səviyyəsiz, mənasız, bəzən də tam əxlaqsız, xalqımızın milli-mənəvi dəyərlərinə tamamilə zidd  verilişlər, şoular, konsertlər yığışdırılsın. Və bunların əvəzində xalqa, gənclərə döyüşkənlik, mübarizə ruhu aşılayan verilişlər, filmlər nümayiş etdirilsin. Paytaxt və digər şəhərlərin konsert salonlarında, teatr səhnələrində yalnız vətənpərvər ruhlu konsertlər, tamaşalar verilsin…
Müdafiə naziri, digər güc, təhlükəsizlik strukturları və qoşunlar  son hazırlıqları tamamlasın və “hücum!” əmrimi gözləsinlər. Vəssəlam!.. Tanrı Özü bizə yar olsun!..”
Oyandım və görüb-eşitdiklərimiz yuxu olduğunu biləndə dərhal Paşinyanın Xankəndində Qarabağ haqqındakı məlum “nöqtəli” çıxışı və Azərbaycan Prezidentinin ona “nidalı” cavabı  yadıma  düşdü…
***
Doğrudan da artıq 2020-ci ildir. Bu ilin dekabrında artıq Xankəndinin, Kərkicahanın, Əsgəranın, Hadrutun və s. erməni birləşmələri tərəfindən tam işğalının 29-cu  ili tamam olacaq… Xocalı, Şuşa, Laçının, Xocavəndin isə 28-ci… Kəlbəcərin, Ağdərənin, Ağdamın, Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın da 27-ci… Nə edək, 30-cu, 35-ci, 40-ci ildönümlərini gözləyək?.. O torpaqların əsl sahibi, sakini olmuş insanlar dünyadan köçür e, köçür… Onların özləri ilə bərabər ümidləri də məzarlara gömülür… Heç bir elmi, tibbi, iqtisadi inkişaf o insanları həyata döndərmək qüdrətində deyil… Buna bu dünyada və Axirət günü Allah qarşısında kim və necə cavab verəcək?!..
***
Allah, sən özün Qarabağın azad olunması haqdakı yuxularımızı çin et! Kafirlərə, münafiqlərə, müşriklərə qalib gəlmək üçün bizə iman, ağıl, elm, helm, qüdrət, iradə, səbir və dözüm ver! Bu il də yuxularımız çin olmasa, daha neçə torpaq həsrətlimiz, ata-analarımız, əzizlərimiz doğma yurdlarını yuxuda görmək imkanından da məhrum olacaq…
***
Allahım, sən başbilənərimizi bütün sadalanan gerçəkləri görməyə və qəti tədbirlər görməyə hidayət et!.. Və xalqıımıza, dövlətimizə, ordumuza bu Haqq savaşında müzəffər olması üçün dostların, müttəfiqlərin gerçək yardım etməsinə qərar ver! Bütün böyüklərdən böyük, bütün güclülərdən güclü, bütün yardım edənlərdən xeyirli Sənsən!.. Sən Özün bizə yar ol!..
Sultan Laçın