Misirdə Zəfər Günü qeyd edilib

Qahirə, 8 noyabr, AZƏRTAC

Azərbaycanın Misirdəki səfirliyində 8 Noyabr – Zəfər Günü münasibətilə mərasim təşkil edilib və “Qarabağ: Zəfərə aparan yol” adlı kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Misir parlamentinin üzvləri, ictimai-siyasi xadimlər, jurnalistlər və diaspor nümayəndələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan ölkəmizin Misirdəki səfiri Tural Rzayev Zəfər Günü münasibətilə təbrikini çatdırıb. O qeyd edib ki, Ermənistanın siyasi və hərbi rəhbərliyi son iki il ərzində münaqişə ətrafında vəziyyətin gərginləşdirilməsi istiqamətində addımlar atıb, təxribat xarakterli bəyanatlarla danışıqlar prosesinə əngəl törədib. Eyni zamanda, işğalçı ölkənin Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərində təcavüzün qanunsuz nəticələrini möhkəmləndirmək istiqamətində əməlləri davam edirdi. Əslində, Ermənistanın bu siyasəti və bu ölkənin rəsmi şəxslərinin bəyanatları ATƏT-in Minsk Qrupunun son 28 ildə yerinə yetirmək istədiyi vasitəçilik missiyasının iflasının əsas səbəbləridir. Hərbi təxribatlarını davam etdirən ermənilər 2020-ci ilin iyulunda Qarabağ bölgəsindən uzaqda yerləşən Tovuz rayonu ilə sərhəddə hərbi təxribat törətdilər, lakin Azərbaycan Ordusunun qətiyyətli cavabı nəticəsində geri çəkilməyə məcbur oldular. Analoji təxribat həmin il sentyabrın 27-də də təkrar olundu və Ermənistan ordusu 2016-cı il Aprel döyüşlərində itirdiyi yüksəklikləri ələ keçirmək məqsədilə Füzuli rayonuna və Qarabağ bölgəsinə hücuma keçdi. Bu təxribat Azərbaycanın səbrini daşıran son damla oldu və beləliklə, 44 gün davam edən, Ordumuzun Qələbəsi ilə başa çatan müharibə başlayıb. Son nəticədə, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli Bəyanatla işğalçı dövlət kapitulyasiya edib.

Səfir diqqətə çatdırıb ki, sülhsevər siyasət aparan Azərbaycan dəfələrlə Ermənistanı BMT Təhlükəsizlik Şurasının işğala son qoyulması və qoşunların zəbt edilmiş ərazilərdən dərhal çıxarılmasına dair qətnamələrinə əməl etməyə çağırıb, beynəlxalq miqyasda tanınmış sərhədlərə hörmətlə yanaşmağı tələb edib. Lakin qarşı tərəfin bu qanuni tələblərə məhəl qoymamasından sonra Azərbaycan öz gücü ilə həmin qətnamələrin müddəalarını yerinə yetirib və ərazi bütövlüyünü bərpa edib.

Tədbirdə çıxış edən Misirin Həlvan Universitetinin professoru Adil Dərviş, professor Raşa Ğanim Azərbaycanın 44 günlük müharibədə şanlı Qələbəsindən bəhs edib, bu Zəfərin ulu öndər Heydər Əliyev və onun siyasətinin layiqli davamçısı İlham Əliyevin gərgin fəaliyyətinin bəhrəsi olduğunu vurğulayıblar. Misirli ziyalılar Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik ediblər.

Sonra Misirin “Yaxın Şərq media” mətbəəsində nəfis şəkildə nəşr olunmuş “Qarabağ: Zəfərə aparan yol” adlı kitabının təqdimatı olub. Misirdəki səfirliyimizin ikinci katibi, fəlsəfə üzrə fəlsəfə doktoru Emil Rəhimov kitabın ərsəyə gəlməsinə dəstəklərini əsirgəməyən Azərbaycan Xarici İşlər Nazirliyinə, səfir T.Rzayevə və misirli ziyalılara təşəkkürünü bildirib. Natiq diqqətə çatdırıb ki, kitabda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik və uzaqgörən siyasəti və rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük müharibədə mənfur Ermənistan silahlı qüvvələri üzərində qələbə qazanmasından, otuz ilə yaxın davam edən erməni təcavüzünə və işğalına son qoymasından, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasından, regionda yaranan yeni reallıqdan bəhs edilir. Bu nəşrdə, həmçinin Azərbaycan Ordusunun şəhər və kəndləri azad etməsinin tarixi xronologiyası, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Şəhidlər xiyabanında Şuşa şəhərinin azad olunması ilə bağlı tarixi çıxışı, 10 noyabr 2020-ci il tarixli Bəyanat, Ermənistanın hərbi kapitulyasıya aktını imzalaması, 2020-ci il dekabrın 1-də Prezident İlham Əliyevin hərbi və siyasi yolla torpaqlarımızın tam azad olunması münasibətilə xalqa müraciəti, “YAŞAT” və “Qarabağ dirçəliş” fondlarının təsis edilməsi ilə bağlı Prezidenti sərəncamları, 2021-ci il yanvarın 11-də Moskvada keçirilmiş üçtərəfli görüş və kommunikasiya xətlərinin açılmasının müzakirəsi, 2021-ci il iyunun 15-də Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış tarixi əhəmiyyətli Şuşa Bəyannaməsi kimi vacib məqamlara toxunulub.

Qeyd edək ki, bu kitabın çapdan çıxması və təqdimatı ilə bağlı ərəb ölkələrinin 30-dan çox KİV-ində materiallar dərc olunub.

Tədbirin sonunda Misirin Meşvər İnkişaf Fondunun sədri Salah əl Din Əl Ğəfravi Zəfər Günü münasibətilə səfir T.Rzayevə fondun xatirə hədiyyəsini təqdim edib.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri