Nizami Gəncəvi yaradıcılığında əməksevrəlik

Dünya  ədəbiyyatının  görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti həmin dövrdə təkcə Azərbaycanın və Qafqazın ən iri şəhəri deyil, eyni zamanda Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi  kimi   tanınmış Gəncə ilə  bağlıdır.  Şair  ömrü  boyu  burada  yaşayıb yaratmış və dünya  poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri  bəxş etmişdir.

Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti görünməmiş  yüksəkliklərə  qaldırmışdır. Mütəfəkkir şairin məşhur “Xəmsə”si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah  əsərləri  sırasında layiqli yer tutur.  Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir  salnaməsində  yeni parlaq səhifə  açmış ölməz əsərləri bu gün də  insanların mənəvi-əxlaqi kamilləşməsinə  misilsiz  xidmət  göstərir. Nizami Gəncəvi dünyanın  ən  zəngin  kitabxanalarını  bəzəyən  əsərləri ilə  Şərqdə  incəsənətin,  xüsusən  də miniatür sənətinin inkişafına təkan vermişdir.  Ölkəmizdə dahi şairin əsərləri dəfələrlə nəşr olunmuş, ədəbi  irsinin öyrənilməsi  və  tanıdılması sahəsində xeyli iş görülmüş, çox sayda tədqiqatlar aparılmışdır.

Nizami Gəncəvi  üçün  şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları içərisində türk, fars, ərəb, çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların  nümayəndələrinə  rast  gəlirik. Hümanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini görüşlərinə  qarşı  çıxmır. Onun qəhrəmanları ədalət, xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrunda  mübarizə  aparırlar.  İnsan şəxsiyyətinə insan əməyinə ehtiram şairin yaradıcılığının  aparıcı  mövzularındandır. Nizami Gəncəvi  həm də vətənpərvər idi. O, təsvir  etdiyi  bütün  hadisələri Azərbaycanla  əlaqələndirməyə,  vətənin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti  dogma  xalq yolunda  qəhrəmanlıq  ideyası ilə birləşir.  Nizami Gəncəvinin yaradıcılığı hümanizm,  yüksək  sənətkarlığı  ilə  Zaqafqaziya  Cənubi Qafqaz, Yaxın və Orta Şərq  xalqları  ədəbiyyatlarının  inkişafına güclü təsir göstərmiş, dünya mədəniyyəti  xəzinəsinə  daxil  olmuşdur. Nizami  Gəncəvinin  əsərləri dünyanın bir çox  xalqlarının  dilinə  tərcümə  olunmuşdur.  Əsərlərinin  nadir  əlyazma  nüsxələri  bir çox  şəhərlərin  məhşur  kitabxana,  muzey  və  əlyazmaları  fondlarında  qiymətli incilər kimi qorunub saxlanılır.

Xatırladaq  ki,  Nizaminin vəfatından sonra “Sirlər Xəzinəsi” haqqında ilk müfəssəl məlumata XIII əsr tarixçisi  İbn  Bibinin  hicri 679-cu ildə  tamamladığı “Kiçik Asiya səlcuqilərinin tarixi”   adlı əsərində  isə poemadan bir neçə beyt verilmşdir.

Gəncəvinin əmək və sərvət haqqında yaratdığı təlimə görə, əmək maddi və mənəvi sərvətləri artıran əsas mənbədir. Nizami əməyin ancaq  insana  xas olan bir fəaliyyət olduğunu göstərir, insanın  başqa canlılardan fərqini və üstünlüyünü onun əmək fəaliyyətində, çalışmağında görürdü.  Əmək fəaliyyətinin səmərəliliyi əməyə stimul doğuran amillərdən asılıdır. O, əməyin yüksək  nəticələr  verməsi  üçün hər şeydən əvvəl onun azad əmək olması, hər kəsin öz qabiliyyətinə görə işlə təmin olunması, əmək adamının daima öz  bacarıq  və  ustalığını artırması ideyalarını irəli sürmüşdür. Əmək və əməkçi surətləri demək olar ki, onun bütün əsərlərinin başlıca qayəsini  təşkil edir. Nizami tənbəlləri, ikiüzlüləri  tənqid etmiş, halal zəhmətlə yaşayan sadə  adamlara  öz yüksək  məhəbbətini  bildirmişdir.  Nizamiyə görə, sənətə, sənətkara, əkinçi əməyinə qayğı göstərilməsə, hər kəsin öz peşəsinə görə işləmək imkanı yaradılmasa, sərvət azalar, vergilər ödənilməz, xəzinə də boş qalar.

Məhz Nizami Gəncəvi yaradıcılığının əsas süjet xətlərindən biri də zəhmət, sənətkarlıq, ustalıq, yaradıcılıq təşkil edir.  Şair bütün əsərlərində şərəfli əmək insanı ucaldar prinsipi əsas tutaraq zəhmətə və əməkçi insanların yaratdıqları hər bir işi alqışlamış və bu qərara gəlmişdir ki, insan tutduğu hər bir vəzifədən asılı olmayaraq: “Vəzifə insana şan-şöhrət deyil, İnsan vəzifəyə şöhrət olmalı” devizini əsas tutmuş və öz əsərlərində əmək adamlarına dərin məhəbbətlə təsir etmiş və əməyə yüksək qiymət vermişdir. Bu cəhətdən şairin “Sirlər xəzinəsi”  poemasındakı “Kərpickəsən kişinin dastanı” əsərində  Şam şəhərində kərpic kəsmək kimi ağır  zəhmətlə məşğul olan bir qoca kişi yaşayırmış.   O, əyninə öz əlinin zəhməti ilə otlardan biçdiyi köynək geyir, kərpic kəsib dolanırmış. Bir gün gənc bir oğlan kərpickəsən  qocaya  deyir ki, səndən bir qarın çörəyi  heç kəs əsirgəməz, özünə bu qədər əziyyət vermə. Müdrik qoca cavan oğlanın  məsləhətlərindən  narazı qalaraq ona belə cavab verir:  “mən əlimi bu zəhmətə öyrətdim ki, heç kəsə əl açıb möhtac olmayım, insanın kərpic kəsərək öz əməyi və zəhməti ilə çörək pulunu qazanması, başqalarına əl açmaqdan daha üstündür”.

Bu, əlbəttə, şairin özünün ideyasıdır ki, insan öz zəhməti ilə ucalmalı və onun nəticəsində yaşayışını təmin edib, özgələrdən asılı olmamalı, halal əməyi ilə dolanışığını təmin etməyi bacarmalıdır.  Bu əsər vasitəsilə heç kəsə boyun əyməmək, əməksevər olmaq kimi müsbət keyfiyyətlər aşılanır. Zəhmətkeş qoca da hələ həyatın sərt üzünü görməmiş gəncə əməksevərlik, halallıq dərsi verir.  Qocanın dili ilə dediyi sözlərdən görünür ki, şair əməyə insana sərbəstlik  verən, onu başqaları qarşısında boyun əyib, əl açmaqdan xilas edən bir vasitə kimi baxır, kərpic kəsməklə gündəlik gəlirini  qarşılamağın  utancverici  bir hiss olmadığını dilə gətirir və bir qarın çörək üçün heç kəsə boyun əyməməyi təlqin   edir, tüfeyli həyat sürən insanları pisləyir, onların cəmiyyətə  heç bir xeyir  gətirmədiyini  bildirir.  Kərpic  kəsən  kişi  yaşadığı çətinliklərə baxmayaraq, həyatda heç vaxt məğlub olmadı, məğrur dayandı.

Qeyd edək ki, Nizami  Gəncəvinin  ilk iri  həcmli əsəri olan “Sirlər Xəzinəsi”  həm Yaxın və Orta  Şərq  ədəbiyyatında  didaktik  poema janrının ən qiymətli nümunəsi, həm də şairin  yaradıcılığında  epik  şeir  sahəsində  ilk  qələm təcrübəsi olmuşdur.  Əsər hicri tarixilə 570-ci ildə, miladi təqvimilə 1174-1175-ci illərdə yazılmışdır. “Sirlər Xəzinəsi” zahirən Nizamiyə qədər Yaxın və Orta Şərq ədəbiyyatında geniş yayılan didaktik  əsərlər  silsiləsinə  daxildir. Mövzuca,  məqsədcə  müəyyən dərəcədə “Kəlilə və Dimnə”, “Qutadqu  bilik”, “Hədiqətül-həqiqə”, “Siyasətnamə”, “Qabusnamə”, “Cəhar məqalə” və sair kimi əsərlərə yaxın olan “Sirlər Xəzinəsi” həm də onlardan fərqlənir. Nizami sanki özünəqədərki didaktik  ədəbiyyatı yekunlaşdırıb ona daha yüksək humanist və demokratik   istiqamət vermişdir.

Humanist mütəfəkkirin belə mövqeyi onun insan şəxsiyyətinə atəşin vurğunluğundan  və sonsuz  hörmətindən irəli gəlirdi. Nizami Gəncəvi üçün insan ən uca varlıqdır. Həyatın  bütün  nemətləri və  gözəllikləri  yalnız insan naminə mövcuddur. Ömür insana şərəfli və layiqli yaşamaq  üçün  verilmişdir. İnsan yaşamalı və yaratmalıdır.  Mütəfəkkirin   məntiqinə  görə, nəinki əmək və öz zəhməti ilə yaşamaq, hətta ləyaqətli və məğrur yaşamağın özü insan üçün şərəf işidir. Lakin insan özü üçün  şərəfli  həyatı  heç də həmişə yarada, təmin edə bilmir. Daha doğrusu, insanlıq şərəfinə nail olmaq yollarının qarşısını kəsənlər onun özünə sədd çəkənlər vardır ki, cəmiyyət belələrinə öz qoynunda yer verməməlidir. İnsanlıq şərəfini ucuz tutanları və bu şərəfi ayaqlar altına alanları sosial ədalətin qorunması üçün təhlükə hesab edən Nizami, onları rəzil və riyakar, şərəfsiz və ləyaqətsiz adamlar kimi qiymətləndirir. Cəmiyyət məhz belə xislətli tiplərdən həmişə ziyan görmüşdür. Öz nəfsinin əsiri olan, zəhmətkeş insanların əməyi hesabına yaşayan və hətta varlanan adamlarda insaf və dəlalət keyfiyyətləri axtarmaq əbəsdir.

Nizaminin ölməz ədəbi irsi təkcə humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi, heç vaxt qiymətini, etik təsirini itirməyən əlvan söz, dərin fəlsəfi fikir, hikmət xəzinəsi olmaqla bərabər, həm də canlı tariximizdir, keçmişimizin ən qaranlıq guşələrinə işıq salan sönməz məşəldir.  Nizami Gəncəvi təkcə Azərbaycan xalqının deyil, bütün dünyanın, bəşəriyyətin ən sevimli şairi olaraq şöhrət qazanmışdır. Onun   yaratdığı  obrazlar, ideyalar bəşəriyyətin hansı ölkəyə, hansı irqə və hansı millətə mənsub olmasından asılı olmayaraq, onun ruhuna, əqlinə və təfəkkürünə hakim olur. Nizami bəşəriyyət üçün nadir bir tapıntıdır.  Bu qeydlər bir daha onu göstərir ki, Nizami yaradıcılığı həmişə aktual olmuş, bu gün də vacibdir və gələcəkdə də gərəklidir.

Lətafət Beybutova

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”

Elmi Araşdırmalar, Ekspozisiya və fond şöbəsinin müdiri