Salyanda Vətən müharibəsi şəhidləri anılıb

Milli Məclisin deputatı Jalə Əhmədova noyabrın 5-də Salyan şəhərində Zəfər Günü ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr edilmiş anım mərasimi keçirib.

 

Yenimedia.info xəbər verir ki, Salyan şəhidlərinin ailə üzvləri və qazilərin dəvət edildiyi tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Müdafiə Nazirliyinin nümayəndələri Xeyrulla Hüseynov və Niyaməddin Abbasov,  Salyan rayon prokuroru Firdovsi Nemətli, FHN-nin Salyan Regional İdarəsinin rəisi Mehman Axundov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin rəisi Namiq Abbasov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova, Salyan Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev, həkim-nevropatoloq Əlixeybər Axundov, həkim Sabir Kərimov, “Qələbə” qəzetinin baş redaktoru Rüstəm Məlikov, müəllim Məhəmməd Ağayev,  “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin sədri İntiqam Əliyev və s. digər şəxslər iştirak ediblər.

 

Tədbir, “Zəfər səninlədir Azərbaycan əsgəri” adlı video-çarxın nümayişi ilə başlayıb. Hər bir Salyan şəhidi haqqında məlumatların əks olunduğu video-çarxda Vətən uğrunda canını fəda etmiş qəhrəmanlarımızın xatirəsi anılıb.

 

Anım mərasimində Sevindik Hətəmov, Jalə Əhmədova, ziyalılar və digər tədbir iştirakçıları çıxış edərək Zəfər bayramı münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, dövlətimizin başçısının vaxtında qəbul etdiyi qətiyyətli qərarlar, müdrik və düzgün siyasəti nəticəsində İkinci Qarabağ müharibəsini qələbə ilə başa vuran Rəşadətli Azərbaycan Ordusunun dünya tarixində özünün qalibiyyət salnaməsini yazdığını qeyd ediblər.

 

Sevindik Hətəmov çıxışında şəhidlərin adının əbədiləşdirilməsi məsələsinə toxunub. Rayonda şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində mühüm işlər görüldüyünü, Salyan Texniki Peşə Məktəbinə Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılovun adının verildiyini, qəhrəman şəhidlərimizin adına “Şəhid bulağı” komplekslərinin açılışlarını qeyd edib.

 

Deputat Jalə Əhmədova Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı 30 illik əsarətdən cəmi 44 gün ərzində azad edən ordumuzun qüdrətindən, əsgər və zabitlərimizin igidliyindən, şəhid ailələri və qazilərə göstərilən dövlət dəstəyindən danışıb. “Bugünkü Zəfəri bizə öz canı və qanı bahasına yaşatmış hər bir əsgər, zabit və generalımız qarşısında, o qəhrəmanları böyüdüb ərsəyə gətirən şəhid valideynləri qarşısında baş əyir, sağlamlıqlarını bu Vətən uğrunda itirmiş qazilərimizə şəfalar diləyirəm”, – deyən millət vəkili şəhid analarına üz tutaraq “Sizin ağrınız bizim ağrımız, acınız acımızdır. Vətən naminə canından keçən oğullarınız oğlumuzdur. Allah cəmi şəhidlərimizə rəhmət etsin”, – deyə bildirib.

 

J.Əhmədova tədbirdə iştirak edən hər bir şəhidin valideyninə və qazilərə məxsusi hazırlanmış Təşəkkürnamə təqdim edib.

 

Daha sonra şəhidlərimiz Sübhan Cəbrayılov, kapitan Kamil Şirinov və tabor komandiri Samir Mehdiyevin valideynləri çıxış edərək şəhidlərə göstərilən ümumxalq ehtiramından danışıb, gənc millət vəkilinin ayrı-seçkilik qoymadan həm 59, həm də 60 saylı Salyan seçki dairələrinin ərazisində yaşayan şəhid ailələrini bir araya gətirməsini xüsusi vurğulayaraq fəaliyyətini yüksək dəyərləndirdiklərini qeyd ediblər.   Şəhidlərin xatirəsinə həsr edilmiş tədbirə görə Jalə Əhmədovaya təşəkkürlərini bildiriblər.

 

Tədbirin ən duyğulu anları isə şəhidlərimizin övladlarının çıxışı olub. Şəhid mayor Vidadi Əhmədovun qızı Yasəmən, mayor Hüseynağa Balayevin qızı Rənanın atalarına həsr edilmiş şeirləri söyləməsi, gizir Zəmanət İbrahimovun oğlu Abdulhəsənin “Azərbaycan əsgəri” mahnısını ifa etməsi tədbir iştirakçılarına kövrək hisslər yaşadıb.

 

Tədbirin sonunda “Salyan Rayon Qarabağ Əlillərinə Yardım” İctimai Birliyinin sədri İntiqam Əliyev millət vəkilinin təqdirəlayiq fəaliyyətini yüksək qiymətləndirərək cəmiyyətin adından Jalə Əhmədovanı “Fəxri Fərman”la təltif edib.

 

Onu da qeyd edək ki, tədbirdə 61 şəhid ailəsi və 31 qazi iştirak edib.