Mingəçevirdə “Zəfər Nəğmələri” adlı konsert proqramı keçirilib-FOTOLAR

Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir Şəhər Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbi və “İslahatçı Gənclər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qarabağda qazandığımız böyük Zəfərin birinci ildönümünə həsr olunmuş “Zəfər nəğmələri” adlı konsert proqramı keçirilib.

Mingəçevir Dövlət Dram Teatrında baş tutan konsert proqramında musiqi məktəbinin Xalq Çalğı Alətləri şöbəsinin orkestrı, xor kollektivi, səs müəllimləri vətənpərvərlik ruhunda musiqilər ifa ediblər. Konsert proqramında şəhər ictimaiyyəti nümayəndələri, eyni zamanda şəhid anaları və qazilər də iştirak edib. Konsert proqramında çıxış edən Ü. Hacıbəyli adına 11 illik musiqi məktəbinin direktoru Vüsal Məmmədov, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərli, politoloq Əhməd Şahidov Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük qələbədən söz açaraq bu tarixi zəfərə görə şəhidlərimizə və qazilərimizə minnətdar olduğumuzu bildiriblər. Çıxışçılar qeyd edib ki, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 illik həsrətə son qoyaraq Qarabağ torpaqlarını işğaldan azad etməklə tarixi ədaləti bərpa edib. Natiqlər bildiriblər ki, 8 noyabr -Zəfər günü Azərbaycan xalqının tarixində olduqca mühüm və şərəfli bir gün kimi qeyd olunmaqdadır.

Konsert proqramının sonunda şəhid, qazi ailələrinə və tədbirin təşkilinə göstərdiyi dəstəyə görə bir sıra şəxslər mükafatlandırılıb.

    

        

/editor.az/