“Bu amnistiya aktı cəmiyyətdə sosial harmoniyanın möhkəmlənməsinə səbəb olacaq və əhatə dairəsinə görə humanizmin təntənəsi hesab etmək olar”.
Kanal32.az AzPolitika.info-ya istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov Milli Məclisdə amnistiya aktının qəbul edilməsinə münasibət bildirərkən deyib.
Millət vəkili xatırladıb ki, Azərbaycanda müstəqillik dövründə 12 amnistiya aktı q’bul olunub: ”Vətən müharibəsində möhtəşəm tarixi qələbədən sonra cənab Prezident tərəfindən 18 mart 2021-ci il tarixdə əfv sərəncamı imzalandı. Nəticədə, beş yüzdən çox şəxs cəzadan azad edildi və ya cəzaları azaldıldı. Eyni ildə həm əfv sərəncamı, həm də amnistiya aktının imzalanması mütərəqqi hadisədir”.
Komitə sədri əlavə edib ki, təklif olunan Amnistiya aktı isə əvvəlkilərlə müqayisədə miqyasına və əhatə dairəsinə görə daha genişdir: “Akta əsasən, Vətən müharibəsi iştirakçıları, şəhid və qazi ailələri, onların yaxın qohumları, qaçqın və məcburi köçkünlər, əlillər, keçmiş SSRİ Silahlı Qüvvələri tərkibində Əfqanıstanda xidmət etmiş, sülhməramlı taborlarda xidmət etmiş, Çernobl qəzasının fəsadlarının aradan qaldırlmasında iştirak etmiş, 1990-cı il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları, qadın məhkumlar, Xocalı soyqırımından zərərçəkənlər, öhdəsində azyaşlı uşaqları olan şəxsləri v.s. əhatə edəcək”.
Millət vəkili vurğulayıb ki, bu humanist addımı ictimai kontekstdə də dəyərləndirmək vacibdir: “Qəsdən, yaxud ehtiyatsızlıqdan cinayət törədərək cəzaya məhkum edilmiş şəxslər cəmiyyətimizin bir parçasıdır. Onların cəzadan tam, yaxud qismən azad olunması sosial inteqrasiyası üçün vacib amildir. Bu akt cəmiyyətdə sosial harmoniyanın möhkəmlənməsinə səbəb olacaq”.