Azərbaycanın Müstəqillik Günü: döyüş və qələbə əzmi

Müəllif: Mutəzz Muhy Əbdülhəmid

Azərbaycanın milli suverenlik meyarlarında döyüş əzmi ölkənin ərazi bütövlüyünün təmin edilməsinə, xalqın dirçəlişinə, sosial təminatının yaxşılaşdırılmasına yönəlmiş prinsiplər və konsepsiyalarından irəli gəlir. Bunlar milli suverenliyin qorunması, xalqın döyüş ruhunun qorunub saxlanması məqsədini daşıyır. Azərbaycanın bütün milli və beynəlxalq müstəvilərdəki, ictimai platformalardakı fəaliyyi, həyata keçirdiyi tədbirlər əslində, bu prinsiplərin və konsepsiyaların reallığa çevrilməsinə hesablanıb.

Azərbaycan dövləti yarandığı vaxtdan xalqın düşmənləri, həmçinin Ermənistandakı hakim zümrə ilə amansız münaqişəyə cəlb edilib. Ermənistan bu münaqişə ilə Azərbaycanın torpaqlarını işğal etmək, ərazisi və suları üzərində suverenliyini pozmaq, çoxdankı əməllərini davam etdirmək məqsədini güdüb. Azərbaycan dövləti isə uzun illər Ermənistandan Dağlıq Qarabağda qəsb etdiyi əraziləri siyasi və diplomatik yollarla geri qaytarmasını tələb edib. Əslində, bu, Azərbaycan hökumətinin rəhbər tutduğu prinsipləri, dəyərləri və konsepsiyaları əks etdirirdi. Amma Yerevandakı hakim zümrə israrından, lovğalığından və azğınlığından əl çəkmirdi. Odur ki, qəsb olunmuş hüquqların qaytarılması, Azərbaycan xalqının milli kimliyinin qorunması, həmçinin ölkənin əraziləri üzərində suverenliyin bərpası üçün gücün tətbiqi labüd idi. Belə olan təqdirdə, xalqın heysiyyət və şərəfinin qorunmasında üzərində qurulan uca prinsiplər erməni düşmənçiliyinə qarşı savaş əzmini möhkəm dayaqlar üzərində bərqərar edib və döyüşün şərtlərini müəyyən edib. Beləliklə, bu, ədalətli müharibə idi. Çünki Qarabağda bir zamanlar işğal altında olmuş torpaqlar öz əsl sahibinə qaytarılmayanadək, Azərbaycan Silahlı Qüvvələrinin qüdrəti və xalqın mütləq dəstəyi ilə düşmənin azğınlığının qarşısı alınmayanadək, düşmənə öz yeri göstərilməyənədək, erməni xalqını zəlil günə qoyan təkəbbürlü davranışı  sındırılmayanadək və sonda düşmən Ermənistan təslim olmayanadək bu müharibə sona çata bilməzdi.

Real nəticələr

Təcavüzkar Ermənistan ordusuna qarşı 44 gün davam etmiş döyüşlərin real nəticələri göstərir ki, son müharibə müvəqqəti toqquşma və ya məhdud zaman, məkan çərçivəsində olan taktiki məqsədli toqquşma deyildi. O, Azərbaycan xalqının düşmənə qarşı apardığı taleyüklü ədalətli savaş idi. Müharibənin zaman və coğrafi məkan çərçivələri əslində, düşmən üzərində həlledici zəfərlə, həmçinin düşmənin Azərbaycan Respublikasının ədalətli şərtlərinə təslim olması ilə müəyyən edilirdi. Məhz bu, Ermənistan ordusu üzərində böyük zəfərin qazanılmasının, onun məğlubedilməzlik mifinin müxtəlif döyüş sahələrində dağıdılmasının, onlar üzərində aydın qələbənin əldə edilməsinin sirri idi. Üstəlik, mərhum prezident Heydər Əliyevin ideyalarına, əsl milli prinsiplərə, Azərbaycan xalqının dəyərlərinə, qədim mübarizə irsinə inam təcavüzkarların belinin qırılmasında, onların diz çökdürülməsində, zəfərin əldə edilməsində öz sözünü deyib. Hərbi texnika və canlı qüvvə sayına, müasir silahlara, dağlıq ərazinin topoqrafiyasına, relyefinə, minaların basdırılmasına, ermənilərin gücləndirilmiş müdafiə istehkam xətlərinə əsaslanan hərbi və ənənəvi balansa zidd olaraq, bu qələbə qazanılıb. Erməni komandirləri belə, bunu gözləmirdilər. Amma bütün bunlar Ermənistana qarşı müharibənin nəticələrinin müəyyən edilməsində həlledici amil olmayıb. Burada həlledici amil Azərbaycan Silahlı Qüvvələrinin ruh yüksəkliyi, yüksək döyüş bacarığı və özünəməxsus qəhrəmanlıqları idi. Bütün bunlar Azərbaycan Ordusunun düşmən qoşunlarına dağıdıcı təsirini ikiqat artırıb. Bu da son deyil. Ötən ilin payızında baş vermiş müharibədə Azərbaycan əsgərinin vətənpərvərliyi, fədakarlığı, xalqın ölməz dəyərlərinin gücü ruh yüksəkliyini daha da artırıb. Azərbaycan xalqı bu müharibənin haqq işi olduğunu dərk edirdi. Azərbaycanlılar İlham Əliyevin rəhbərliyinə, uğura aparan yolları düzgün qurmaq bacarığına inanırdı. Bundan başqa, qəhrəman əsgər və zabitlərin Azərbaycan rəhbərliyinin prinsipial siyasi mövqeyinə inamı da döyüş meydanında hərbi əməliyyatların nəticələrinin müəyyən edilməsində əsas rol oynayıb. Əslində, bu inam hissi ölkə rəhbərliyinin prinsipial siyasi iradəsi sayəsində müəyyən etdiyi, həyata keçirdiyi addımlarla hərbi əməliyyatlarda əldə edilən uğurlar arasında uyğunluğu təmin etməklə yaranıb.

Azərbaycan Silahlı Qüvvələrinin rolu və görünməmiş qəhrəmanlıq

Müharibə dönəmində dövlətin tutduğu yol və fəaliyyət Silahlı qüvvələrin rolunu daha da gücləndirmişdi. Odur ki, milli iradə gücə bağlanmışdı. Demək, güclü iqtisadi imkanlara əsaslanan, bacarıqlı rəhbərlik tərəfindən idarə olunan yüksək hərbi qüdrət bu milli iradənin formalaşmasında mühüm rol oynayır. Azərbaycan Ordusunun komandanlığı vətəndaşları torpağın müdafiəsinə və onun uğrunda canını fəda etməyə çağıran hərbi düşüncə, həmçinin ali mənəvi dəyərlərlə “silahlandırmışdı”. Beləliklə, komandanlıq qəhrəmanlıq ruhunun formalaşdırılmasında öz rolunu oynayıb.

Bu arada, Rusiya Azərbaycan Ordusunun milli ruhunu və təkrarlanan erməni təcavüzlərinə qarşı xalqın dirənişini zəiflətməyə çalışırdı. Amma bu istək uğursuzluqla nəticələnib. Müasir Azərbaycan dövlətinin banisi, mərhum prezident Heydər Əliyev xalqın müxtəlif təbəqələri arasında yeni inqilabi dəyərlər yayıb, Azərbaycan dövlətinin dirçəlişinə nail olub. Odur ki, bütün bunlar Azərbaycan Silahlı Qüvvələrində ruh yüksəkliyinin dünyanın heç bir ordusunda olmadığı qədər yüksəlməsinə ciddi təsir göstərib. Əslində, bu, dövlətin müstəqil milli kursunun möhkəm dayaqlara əsaslanmasında mühüm rol oynayıb. Bu dayaqlar dövlətin müstəqil və düzgün qərarlar verməsini təmin edir. Üstəlik, bu qərarlar öz növbəsində milli suverenliyin beynəlxalq platformalarda qorunması və möhkəmləndirilməsinə, bununla da Azərbaycanın müstəqilliyinin daha da gücləndirilməsinə xidmət edib.

Bir sözlə, Azərbaycanın siyasi rəhbərliyi çox qısa vaxtda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı prinsipial mövqeyini regional və beynəlxalq platformalarda ortaya qoya bilib. Bu münaqişədə Ermənistan qadağan olunmuş silahlardan istifadə edib, Xocalı və Şuşada minlərlə günahsız və silahsız vətəndaşları qətlə yetirib və yurdlarından didərgin salıb. Bu cinayətlərin arxasında Koçaryan, Sarqsyan və Ohanyan kimi “məşhur” erməni komandirləri dururdular. Qeyd edək ki, Birinci Qarabağ müharibəsi dövründə Dağlıq Qarabağa gələrək Xocalıda mülki şəxsləri öldürən bu şəxsləri ermənilər qəhrəman hesab edirlər. Lakin bu “qəhrəmanlar” son müharibədə Qarabağa gəlsələr də, Azərbaycan Ordusu ilə döyüşə girməkdən qorxaraq bir neçə gündən sonra qaldıqları Xankəndindən Yerevana qaçıblar. Buna görə də prezident İlham Əliyev Zəfər günü münasibətilə xalqa müraciətində bu komandirləri fərari, qorxaq, xain və cəllad adlandırdı. Qeyd etdi ki, onlar yalnız silahsız Azərbaycan xalqına qarşı müharibə etməyi bacarırlar.

Beləliklə, Azərbaycan uzun illər ərzində işğal altında olmuş ərazilərini sülh və diplomatik yollarla qaytarmağa çalışsa da, Ermənistan dövləti etinasızlığı davam etdirib, Azərbaycan xalqına, onun müzəffər rəhbərliyinə qarşı ifrat düşmənçiliyi sürdürüb. O, bütün bu illər ərzində sülh çağırışlarına məhəl qoymayaraq, işğal altında saxladığı əraziləri qaytarmaqdan imtina edib. Ötən ilin payızında Azərbaycanın siyasi rəhbərliyi işğal edilmiş əraziləri azad etmək üçün hərbi əməliyyatlara başlamaq barədə qəti qərarı məhz bu üzdən qəbul etmişdi.

(Ərəb dilindən tərcümə – WorldMedia.Az)

Mənbə: Əz-Zaman